Bu nə komediyadı?!
Misli Premyer Liqasının XXII turunun “Qarabağ” – “Sabah” oyununda (3:3) “bayquşlar”ın məşqçisi Valerio Zuddasın qeyri-etik jesti gərginliyə səbəb olmuşdu. Matçın 6-7 dəqiqəsi tərəflər arasında gərginliyə görə dayanmalı olmuşdu.
Valdas Dambrauskasın səyləri nəticəsində ara sakitləşmiş, lakin məsələ turun ən çox müzakirə olunan mövzusuna çevrilmişdi.
Gözlənirdi ki, məşqçi qeyri-etik jestinə görə cəzalandırılacaq. Lakin AFFA İntizam Komitəsinin bu gün açıqlanan qərarlarında Zuddasın cəzalanmadığı görünür.
Guya baş hakim və AFFA nümayəndəsi bu faktı protokolda qeyd etməyib.
Niyə?
Bu nə komediyadı?
Bu adamlar quldu? Öz vəzifə öhdəliyini bilmir?
Niyə ölkə futbolunu axmaq dedi-qodu məkanına çevirirsiz?
Sonra da zarıyırsız ki, azarkeş stadiona gəlmir. Bu dərəbəyliyi görən niyə gəlsin?
AFFA İntizam Məcəlləsində məsələ ilə bağlı maddə belədir:
“Dava iki və ya daha çox iştirakçı arasında, qəsdən və aqressiv fiziki təmas şəklində baş verən, oyunun normal gedişatını pozan və ya pozma təhlükəsi yaradan qarşılıqlı zorakılıq aktıdır.
Dava hadisəsinə qarışan və hərəkətləri daha ağır intizam tədbiri tələb etməyən şəxslər üçün: Oyunçular və rəsmi şəxslər 3 oyundan 6 oyuna qədər oyuna buraxılmama, klub barəsində 4 min manatdan 6 min manatadək cərimə tətbiq edilir”.
Məcəlləyə baxsaq, görünür, İntizam Komitəsi həm “Qarabağ”a, həm də “Sabah”a güzəşt edib.
Bunlar bir kənara, bəs necə olub AFFA nümayəndəsi gözü qarşısında baş verən davanı qeyd etməyib? Məsələ elə də budur…
Kamil Əhməd