“Nyukasl”ın baş məşqçisi: “Qarabağ”ı ciddi araşdırmışıq”
Çempionlar Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunundan öncə İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölşüdü…
– Hazırda heyətlə bağlı ciddi problemlərimiz yoxdur. Oyunçularımız yerindədir. Bakıya gözəl əhvalda gəlmişik. Son oyunlarda yaxşı nəticələr qazanırıq.
– “Qarabağ” iki İngiltərə komandasına qarşı oynayıb. “Çelsi” və “Liverpul”. Sizcə, bu matçlardan hansı sizə hazırlığa kömək oldu?
– “Qarabağ”ı ciddi araşdırmışıq. Hazırlıq üçün iki oyunu da təhlil etmişik. “Qarabağ” yaxşı oyun göstərir, texnikalı futbolçuları var. Maraqlı oyun olacaq. “Çelsi” ilə matç hər iki komanda üçün çətin idi. Bu oyuna da baxdıq. “Qarabağ”ın səviyyəsi ilə bağlı müəyyən məlumatlar aldıq.
– Bu oyunun əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Hər şey bizim üçün vacibdir. Tarixə baxsaq, klubumuz üçün yeni imkan var. Son matçlarda yaxşı çıxış edirik. İrəli getmək istəyirik. Şansımızdan yaxşı istifadə etməyə çalışacağıq. Tarixi şansımız var, pley-offdayıq. Uzaq yoldan gəlmişik, azarkeşlərimiz də artıq burdadır. Burdan pozitiv şəkildə ayrılmaq istəyirik.
– Qarşıda “Mançester Siti” ilə matç var…
– Hazırda bu haqda düşünmürük. Onlara qarşı oyunumuz da çox çətin olacaq.
– Çətin təqviminiz var. Heyətdəki itkiləri də nəzərə alaraq, sabah ehtiyat oyunçulara şans verməyi düşünürsünüz?
– Bəli, çətin oyunlarımız var. Təqvimi nəzərə almışıq. Əlimizdən gələni edəcəyik ki, hər şeyi tənzimləyək.
– “Qarabağ”ın oyun üslubu Premyer Liqa komandalarınınkına bənzəyir?
– “Qarabağ”ın aqressiv oyunu var. Müqayisə etmək çətindir. Hər klubun özünəməxsus oyunu var.
– Hədəfləriniz nədir?
– Hədəflərimiz var, arzularımız böyükdür. Özümüzə inanırıq. Kollektiv olaraq məsələyə yanaşırıq. Hər şey qaydasındadır.
– Hansısa neqativ məqamlar var?
– Xeyr, səyahətimiz yaxşı keçdi. Yorğunluq yoxdur.
Şahin Cəfərov

