“Əminəm ki, futbolçularımız özlərində ilahi bir qüvvə tapacaqlar” – Tahir Gözel
“Qarabağ”ın prezidenti Tahir Gözel Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərə açıqlama verdi.
Futbolpress.az xəbər verir ki, funksioner brifinqdə sualları cavablandırdı:
– Sabahkı oyundan gözləntiləriniz nədir?
– Bu gün harada olduğumuzu dərk etməliyik. Avropada yüksək liqada oynayan 850 klub var. Onların əksəriyyətinin büdcəsi bizdən qat-qat yüksəkdir. II Liqa klublarını da götürsək, onların bir çoxunun büdcəsi bizdən çoxdur. Demək olar ki, 2000-2500 klubun arasında ilk “24-lük”dəyik. Bu, doğrudan da möcüzədir. Hamımızda böyük qürur və özünəinam yaranmalıdır. “Qarabağ” son vaxtlar gərgin qrafikdə idi. İki dəfə Şamaxıda süni örrtükdə, Qubada gilin üstündə oyun keçirdik. Futbolçularımızda fiziki cəhətdən yorğunluq yaransa da, Qurban Qurbanovun dediyi kimi, “Qarabağ”da motivasiya ən yüksək səviyyədədir. Sabahkı oyunun önəmini bilirik. Əminəm ki, futbolçularımız özlərində ilahi bir qüvvə tapacaqlar. “Ayntraxt”la matçda 65-ci dəqiqədən sonra hücumlar edib qələbə qazandıq. İnanıram ki, sabah da belə olacaq. “Nyukasl” İngiltərənin fiziki cəhətdən ən yaxşı klublarından biridir. Təsəvvür edin, büdcəsi 700-750 milyon funt-sterlinqdir, bu, təxminən 1milyard dollardır. Büdcə baxımından bizdən 50 qat öndədirlər. Amma onlar qarşılarında inamlı, hər zamankı kimi hücum futbolu oynayan bir “Qarabağ” görəcəklər. Nəticənin necə olacağını bilmirəm. Arzum budur ki, oynadığı oyunla xalqın alqışını alan bir “Qarabağ” görək. Buralara baş məşqçimiz Qurban Qurbanovun, futbolçuların, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik. Sabah hamımız “Qarabağ”ın yanında olaq. İnşallah xalqımızı sevindirmək bizə qismət olar.
– Çempionlar Liqasından əldə olunan gəlirləri də nəzərə alsaq, gələn mövsüm üçün büdcənin artmaq ehtimalı var?
– Əlbəttə ki, artacaq. Builki qazancımızı 2-3 il üçün planlayıb oyun qabiliyyətimizi necə artıra biləcəyimizi düşünəcəyik. Qurban müəllimlə daim təmasdayıq. Ona dəstək veririk. Hər mövqe üçün futbolçu axtarırıq. “Qarabağ” bazardadır, keyfiyyətimizi artırmaq üçün əlimizdən gələni edirik.
– Yeni mövsümdə Çempionlar Liqasında iddianın davam etməsi üçün Premyer Liqada çempion olmaq lazımdır. Hazırda “Qarabağ” 2-ci pillədədir. Bu, sizi qayğılandırır?
– Yüz faiz. Əgər “Qarabağ”ın hədəfi Avropadırsa, bu tempdə bir tərəfdə itki olacaq. Bu, bir faktdır, gərək bunu qəbul edək. Həm Çempionlar Liqasında, həm daxili çempionatdakı oyunlarfutbolçularımız üçün çox ağırdır. Üç gündən bir oyun keçiririk. Bunun təsiri var. “Sabah”ın özü də bir möcüzədir. Möhtəşəm komanda qurublar. Çox güclü rəqibdir. “Neftçi”nin özü də. Artıq Azərbaycan Premyer Liqasında da keyfiyyət artır. Amma Qubadakı stadionun vəziyyətini görəndə insan bir az məyus olur. Azərbaycanda futbolun səviyyəsini qaldırmaq istəyiriksə, infrastruktur yaxşılaşdırılmalıdır. 3-4 il ərzində “Qarabağ”ın çox yaxşı infrastrukturu olmalıdır.Klub prezidenti kimi bu, mənim arzumdur. Digər klublar da buna səy göstərməlidir.
– Bəziləri düşünür ki, “Qarabağ” Konfrans Liqasında oynasa, finala qədər gedə bilər. Siz necə düşünürsüz?
– İnsan əlindən gələni etməlidir. Biz əlimizdən gələni edəcəyik. Hamınız əmin ola bilərsiz ki, klubun içində motivasiya yüksək səviyyədədir. “Qarabağ” o qədər gözəl, müqəddəs ailədir ki… Biz savaşan komandayıq, savaşçı ruhumuz var. Çempionluq qismət olsa, Çempionlar Liqasında vuruşacağıq. Olmasa Avropa Liqasında və ya Konfrans Liqasında.
Şahin Cəfərov