Hacıyev: “Kuboku qazanmaqla Avropaya getmək daha yaxşı olardı”
“Turan Tovuz” Azərbaycan Kubokunda yarımfinala yüksəlib. Tovuz təmsilçisi ¼ finalda “Kəpəz”i mübarizədən kənarlaşdırıb.
“Turan Tovuz”un kapitanlarından Faiq Hacıyev “Futbolpress.az”a açıqlamasında yarımfinala yüksəlmələrini şərh etdi:
“Sevindiri haldır ki, yarımfinala yüksəldik. Əlimizdən gələni edəcəyik ki, finala qədər gedə bilək və sonda titul qazanaq. “Kəpəz”lə ilk oyunda qazanılan qələbədən sonra müəyyən qədər rahat tərəf idik. Rəqib geridə idi və normal olaraq daha çox təzyiq göstərdi. Buna baxmayaraq, kifayət qədər qol şansları yarada bildik”.
“Turan Tovuz”un yarımfinaldakı rəqibi “Zirə”dir. Hacıyev cütün şanslarını dəyərləndirdi:
“Şanslar bərabərdir. Kubok oyunları fərqli olur. Burda diqqət çox vacibdir. Bir səhv komandanı finaldan edə bilər. Buna görə ağıllı və səbirli oynamalıyıq. Maraqlı görüşlər olacaq. Qələbə qazanmaq, finala yüksəlmə üçün çalışacağıq”.
Tovuz təmsilçisi Azərbaycan Premyer Liqasında üçüncü sırada qərarlaşıb. Komanda mövsümü bu pillədə bitirsə, Konfrans Liqasına vəsiqə qazanacaq. Hacıyev kuboku qazanmaqla Avropa Liqasına getməyi daha üstün tutduğunu bildirdi:
“Hər iki yolda sona qədər mübarizə aparacağıq. Kuboku qazanmağın üstünlüyü odur ki, Avropa Liqasına gedirsən. Belə bir şansımız var və düşünürəm ki, kuboku qazanmaqla Avropaya getmək daha yaxşı olardı”.
Şahin Cəfərov