Normal view

Today — 23 April 2026Main stream

“Sabah” tarixinin ən yaxşı dönəmini yaşayır”

23 April 2026 at 18:30

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah”a uduzub – 1:2. Misli Premyer Liqasında ikinci sırada qərarlaşan “atlılar” böyük ehtimalla, mövsümü titulsuz başa vuracaq.

Veteran futbolçu Nadir Nəbiyev “Futbolpress.az“a açıqlamasında “Qarabağ”ın çıxışını şərh etdi:

“Qarabağ”ı tərk edən futbolçuların yeri açıq-aşkar görünürdü. Heyət də əvvəlki çempionatla müqayisədə geniş deyil. Üstəlik, zədəli futbolçuların olması komandanın oyununa təsir etdi. Həm, “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarından sonra yorğunluq da hiss olunurdu. Bu səbəblər komandanın nəticələrinə də istər-istəməz təsir edir”.

Nəbiyev çempionatın lideri, kubokda finala adlayan “Sabah”dan da danışdı:

“Mənə görə həm nəticə, həm də oyun baxımından “Sabah” tarixinin ən yaxşı dönəmini yaşayır. Komandanın çempionatda lider olmasını, kubokda da finala çıxmasını gözləmək olardı. Final oyunları həmişə fərqli olur. İndidən deyə bilərik ki, azarkeşləri maraqlı oyun gözləyir. Həm “Zirə”, həm də “Sabah” komandası tarixlərində ilklərə yaxındı. “Zirə” ilk dəfə kuboku qazana,  “Sabah”da dubl edə bilər”.

Şahin Cəfərov 

Azərbaycan yığması Belarusla qarşılaşacaq

23 April 2026 at 18:19

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 24-dən 30-dək Su İdmanı Sarayında təlim-məşq toplanışı keçirəcək.

Futbolpress.az xəbər verir ki, millimiz hazırlıq dönəmində aprelin 29-da və 30-da Belarus yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki görüşün saat 18:00-da başlanması nəzərdə tutulur.

Milliyə aşağıdakı futbolçular çağırılıb:

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev.

“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı

23 April 2026 at 17:49

Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, yarımfinal mərhələsini adlayan “Zirə” və “Sabah” həlledici matça vəsiqə qazanıblar.

“Zirə” “Turan Tovuz”u (2:0, 0:0), “Sabah” “Qarabağ”ı (2:2, 2:1) mübarizədən kənarlaşdırıb. Qəsəbə klubu tarixində 3-cü dəfə finala yüksəlib. Zirənin eyniadlı təmsilçisi 2021/22 və 2023/24 mövsümlərində həlledici matçın iştirakçısı olub.

“Sabah” isə həm tarixində, həm ardıcıl ikinci dəfə həlledici oyunda çıxış edəcək. Ötən mövsümün qalibi titulunu qorumağa çalışacaq. Mayın 13-də üz-üzə gələcək rəqiblər əvvəlki final oyunlarında da eyni komanda – “Qarabağ”la qarşılaşıblar.

Ümumilikdə isə 1992-ci ildən keçirilən yarışda 19 komanda finalda iştirak edib:

“Qarabağ” – 12, “Neftçi” – 11, “Şamaxı” – 6, “Xəzər Lənkəran”, “Qəbələ” – 5, “Kəpəz” – 4, “Bakı”, “Zirə” – 3, “Kür Nur”, “Şəmkir”, “Sumqayıt”, “Sabah” – 2, “İnşaatçı”, “Şəfa”, Xəzri”, “MKT-Araz”, “Karvan”, “Xəzər” L, “İnşaatçı” Sb – 1.

Ardadan sonra o da mövsümü bitirdi

23 April 2026 at 17:30

“Real”ın daha bir futbolçusu zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Kral klubu” Arda Gülerdən sonra Eder Militaoda da zədə aşkarlandığını bildirib.

Hər iki futbolçu mövsümün qalan oyunlarını buraxacaq.

“Qalatasaray”dan TFF-yə etiraz

23 April 2026 at 17:17

“Qalatasaray” klubu Türkiyə Futbol Federasiyası ilə münasibətləri müvəqqəti dayandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “cim-bom”un sosial şəbəkə hesabında paylaşım edilib. “Qalatasaray” Super Liqada aprelin 26-da “Fənərbağça”ya qarşı keçirəcəyi oyuna baş hakim Yasin Kolun təyinat almasına etiraz olaraq bu addımı atıb.

Yasin Kol “Fənərbağça” – “Beşiktaş” derbisini idarə edib və həmin matçda “Fənərbağça” son dəqiqələrdə qazandığı mübahisəli penaltidən vurduğu qolla qalib gəlib.

Yamal üçün mövsüm bitdi

23 April 2026 at 16:45

“Barselona” La Liqada “Selta” ilə matçda (1:0) zədələnən Lamin Yamalın durumunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı vingerin zədəsi ciddidir. O, bərpa prosesinə başlayacaq və mövsümün qalan oyunlarında iştirak etməyəcək.

Yamal “Selta” ilə oyunda birinci hissədə penalti vuran zaman zədələnib.

Vinger bu mövsüm La Liqada 28 oyunda 16 qol vurub, 11 məhsuldar ötürmə edib.

Milli komandaların Avropa Liqasındakı oyun cədvəli

23 April 2026 at 16:30

Avropa Liqasında çıxış edəcək qadın və kişi voleybolçulardan ibarət milli komandalarımızın oyun proqramı müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, qadınların ilk oyunu iyunun 5-də İsveçə qarşı olacaq. Kişi voleybolçular isə iyunun 6-da Yunanıstanla üz-üzə gələcək.

Qadınlar

05–07 iyun 2026 (Azərbaycan)
05.06.2026. 18:00. İsveç – Azərbaycan
06.06.2026. 18:00. Estoniya – İsveç
07.06.2026. 18:00. Azərbaycan – Estoniya

12–14 iyun 2026 (İspaniya)
12.06.2026. 19:30. Şimali Makedoniya – İspaniya
13.06.2026. 18:30. Azərbaycan – Şimali Makedoniya
14.06.2026. 18:00. İspaniya – Azərbaycan

19–21 iyun 2026 (Şimali Makedoniya)
19.06.2026. 18:00. Azərbaycan – İsrail
20.06.2026. 18:00. İsveçrə – Azərbaycan
21.06.2026. 18:00. İsrail – İsveçrə

Kişilər

05–07 iyun 2026 (İsveç)
05.06.2026. 18:00. Yunanıstan – İsveç
06.06.2026. 16:00. Azərbaycan – Yunanıstan
07.06.2026. 16:00. İsveç – Azərbaycan

12–14 iyun 2026 (Rumıniya)
12.06.2026. 19:00. Azərbaycan – Rumıniya
13.06.2026. 19:00. İspaniya – Azərbaycan
14.06.2026. 19:00. Rumıniya – İspaniya

19–21 iyun 2026 (Azərbaycan)
19.06.2026. 18:00. Macarıstan – Azərbaycan
20.06.2026. 18:00. Portuqaliya – Macarıstan
21.06.2026. 18:00. Azərbaycan – Portuqaliya

Artetanın oğlu “Arsenal”da debüt etdi

23 April 2026 at 16:15

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın oğlu Qabriel Arteta “topçular”da debüt edib.

Futbolpress.az xəbər verir ki, 16 yaşlı vinger “Arsenal”ın U-18 komandasının “Redinq”lə matçında meydana çıxıb.

Görüş London klubunun qələbəsiylə başa çatıb – 3:0.

“Fənərbağça”ya derbi öncəsi sevindirici xəbər

23 April 2026 at 15:56

“Fənərbağça”nın zədəli futbolçusu Marko Asensio sağalıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi komanda ilə məşqlərə qoşulub.

Asensio zədə səbəbindən “Fənərbağça”nın son 4 oyununu buraxıb.

İstanbul klubu Super Liqada aprelin 26-da “Qalatasaray”ın qonağı olacaq.

“Real”da Arda şoku

23 April 2026 at 15:30

“Real”ın futbolçusu Arda Güler zədələnib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli yarımmüdafiəçinin sağ ayaq əzələsində zədə aşkarlanıb.

Arda mövsümün qalan oyunlarında iştirak edə bilməyəcək.

“Bəzən hər şey istədiyin kimi olmur”

23 April 2026 at 15:15

Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü Nihat Məmmədli (60 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, bürünc medal qazanan idmançı Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Bu, artıq Avropa çempionatlarında qazandığım dördüncü medalımdır və buna görə şükür edirəm. Əlbəttə, qızıl medalla qayıtmaq istərdim. Daha əvvəl iki dəfə Avropa çempionu olmuşam, amma bəzə hər şey istədiyin kimi alınmır.

Səhvi başqalarında axtarmıram. Bu yarışa qədər çox yaxşı təlim-məşq toplanışları keçmişdik və komanda olaraq çox yaxşı hazırlaşmışdıq. Bundan sonra isə daha yaxşı hazırlaşıb, əlimdən gələni edəcəyəm ki, yenidən çempion olum”.

La Liqa klubu hücumçusuna 30 milyon avro qiymət qoydu

23 April 2026 at 14:47

İspaniyanın “Malyorka” klubu futbolçusu Vedat Muriqinin transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi hücumçusuna 30 milyon avro qiymət qoyub. Bu barədə “Ultima Hora” nəşri məlumat yayıb.

Vedat bu mövsüm La Liqada 31 oyunda 21 qol vurub.

31 yaşlı hücumçunun adı “Fənərbağça” və bir neçə İspaniya klubu ilə hallanır.

Derbinin hakimləri bilindi

23 April 2026 at 14:27

Türkiyə Super Liqasının XXXI turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Fənərbağça” matçının təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, İstanbul derbisini Yasin Kolun idarə edəcək. Ona yan xətt hakimləri Abdullah Bora Özkara və Bahtiyar Birinci köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Çağdaş Altay yerinə yetirəcək.

Aprelin 26-da keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyunu saat 21:00-da start götürəcək. “Qalatasaray” 71 xalla lider, “Fənərbağça” isə 67 xalla ikincidir.

Qvardiola: “Hər dəfə belə xəbərləri eşidəndə…”

23 April 2026 at 14:12

“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola “Çelsi”nin baş məşqçisi Liam Rosenyorla vidalaşmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Xtra” portalına açıqlamasında bunları deyib:

“Təəssüf edirəm. Əminəm ki, o, çox yaxşı məşqçidir. Belə xəbərləri hər dəfə eşidəndə düşünürəm ki, bu klubda çalışdığım üçün nə qədər şanslıyam.

10 il əvvəl rəhbərlik mənə etimad göstərməsəydi, indi burada olmazdım. Həqiqətən də bu, inanılmazdır. Rəhbərliyin dəstəyini hiss etmək isə çox dəyərlidir”.

De Yonq “Barselona”nın tarixinə düşdü

23 April 2026 at 13:45

Yarımmüdafiəçi Frenki de Yonq “Barselona”nın tarixinə düşüb.

Futbolpress.az xəbər verir ki, o, Kataloniya klubunda ən çox oyun keçirən niderlandlı futbolçu statusunu qazanıb.

De Yonq La Liqada XXXIII turda “Selta” ilə matçda ikinci hissədə meydana daxil olub. Niderlandlı futbolçu bununla da “Barselona” formasıyla 293-cü matçına çıxıb.

Əvvəlki rekordçu 292 oyunla Fillip Koku idi.

“Liverpul”un üzvü “Yuventus”a “hə” dedi

23 April 2026 at 13:30

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, braziliyalı qolkiper “Yuventus”un təklifini qəbul edib. Bu barədə insayder Alfredo Pedula məlumat yayıb. Alisson yeni mövsümdə A Seriyası klubunda oynamağa razılıq verib.

Qolkiperlə anlaşan “Yuventus” yaxın zamanda “Liverpul”la da danışıqlara başlayacaq.

Bekker bu mövsüm İngiltərə Premyer Liqasında 2 oyuna çıxıb.

Ronaldonun komandası ÇL-də finala yüksəldi

23 April 2026 at 13:15

Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Asiya Çempionlar Liqası 2-də finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi yarımfinalda Qətərin “Əl Əhli” klubunu məğlub edib – 5:1.

Komandanın qollarını Kinqsli Koman (3), Ancelo və Abdulla Hamdan vurub.

“Əl Nəsr” finalda Yaponiya təmsilçisi “Qamba Osaka” ilə qarşılaşacaq.

Azərbaycan boksçusu Dünya Kubokunda 1/4 finala yüksəldi

23 April 2026 at 12:46

Azərbaycan boksçusu Nəbi İsgəndərov (70 kq) Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda növbəti qələbəsini qazanıb.

Futbolpress.az xəbər verir ki, milli üzvü 1/8 finalda Murodjon Aşuraliyevlə (Tacikistan) üz-üzə gəlib.

Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, sabah 1/4 finalda Farux Toxtassunovla (Qazaxıstan) gücünü yoxlayacaq.

Qeyd edək ki, Dünya Kubokunda İsgəndərov millimizin 1/4 finalda mübarizə aparacaq 4-cü boksçusu olub. Daha bir idmançımız isə bu mərhələyə vəsiqə üçün bu gün rinqə çıxacaq.

“Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq”

23 April 2026 at 12:25

Yunan-Roma güləşi üzrə 2 qat Avropa çempionu Qurban Qurbanov (82 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, Qurbanov Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında çempionluğunu belə şərh edib:

“İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov bu gün 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.

“Sabah”ın yubiley qolu

23 April 2026 at 12:06

“Sabah” Azərbaycan kubokunda 20-ci ev qoluna imza atıb.

Futbolpress.az xəbər verir ki, bu topu Velko Simiç vurub. O, 1/2 finalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, evdə ən çox qola imza atan komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

Nə edirsən, Elvin?

23 April 2026 at 11:55

“Qarabağ” yarımfinalda “Sabah”a məğlub olub ölkə kubokundan ələnəndən sonra Elvin Cəfərquliyevin sosial şəbəkədə paylaşımı:

Niyə ay yoldaş? Bu nə deməkdir?

Məqsəd?

Niyyət?

Nə demək istəyirsən, yoldaş Cəfərquliyev?

Əvəzedici heyətə göndərilməyin cavabıdır bu?

Yoxsa nə?

Ümumiyyətlə, ölkə gündəminin 2-3 ən qaynar mövzusundan biri bu məsələ idi. Ən müxtəlif iddialar səsləndirilir.

Lakin fikir versəniz, peşəkarlar hələ bu mövzuya toxunmayıb.

Çünki məğz tam aydın deyil. Belədə tərəfləri haqlı və ya haqsıza ayırmaq doğru olmaz.

Klub onu cəzalandırıb. Bu klubun mövqeyidir. Etik olaraq detalı açıqlamamaları anlaşılandır. Lakin Elvini zavallı obrazında göstərənlər yanılırlar.

Elvin doğrudan da iddia etdiyiniz qədər haqsızlığa uğrayıbsa, tribunamız açıqdır, danışsın, dərc edək.

Danışmır. Əvəzində belə bir paylaşım.

Hərdən düşünürəm, əksər idmançılarımız psixoloqla sıx işləməlidir. Rabitəsiz davranışları, absurd yanaşmaları belə düşünməyə vadar edir.

Qardaş, yoldaş, paylaşımın pis görünür. Acıqlısansa, bunu əndirabadi işarələrlə büruzə verməyə çalışma. Yanındayıq, açıq de, reallıq ictimailəşsin, haqsızlıq üstündən çəkilsin.

Həm danışmırsan, həm də atmaca mahiyyətli paylaşım…

Faktiki olaraq ən yaxşılarımızdan birisən, hər hərəkətin, davranışın, qərarın diqqət mərkəzindədir. Ruh halın belə bizi narahat edə bilər.

Nə baş verirsə, açıqlanası deyilsə, yaxşı, olsun, onda belə qəribə, tayminqi uğursuz, forması itici paylaşımın yaratdığı suallar da dağılsın ətrafa…

Allah kömək olsun!

Kamil Əhməd

SAXTADIR!

23 April 2026 at 11:48

Tiktok sosial şəbəkəsində yeni açılmış “futbolpress” səhifəsi bizə aid deyil!

Bildiririk ki, “Futbolpress.az” saytının sosial media platformalarındakı səhifələri müvafiq rəsmi adıyla fəaliyyət göstərir.

Sizə təqdim etdiyimiz səhifənin saytımıza heç bir aidiyyatı yoxdur və bununla bağlı hüquq-mühafizə orqanları və media təşkilatlarına rəsmi müraciət ünvanlamışıq.

“Barselona”da Yamal şoku

23 April 2026 at 11:25

“Barselona” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçusu Lamin Yamal zədələnib.

La Liqada XXXIII turda “Selta” ilə matçın birinci hissəsində sol ayağından zədə alıb. Yamalın son durumu tibbi müayinədən sonra bilinəcək.

“Barselona” matçı 1:0 hesabıyla qazanıb.

Hansı oyun, hansı kanalda? – TV

23 April 2026 at 11:09

Bu gün dünyanın yaşıl meydanlarında futbol oyunları keçiriləcək.

Futbolpress.az qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edir:

Rusiya, Premyer Liqa
18:30 Akron – Dinamo Mahaçqala (Matç Premyer)
20:45 Spartak Moskva – Krasnodar (Matç TV)
20:45 Axmat – Baltika (Matç Premyer)

İspaniya, La Liqa
21:00 Levante – Sevilya (İdman TV)
23:30 Ovyedo – Vilyarreal (İdman TV)

Türkiyə Kuboku
19:45 Samsunspor – Trabzonspor (A Spor)
21:45 Beşiktaş – Alanyaspor (ATV Türkiyə)

Həsrət: “Tarixi uğurumu qızıma həsr edirəm”

23 April 2026 at 10:45

Yunan-Roma güləşi üzrə 4 qat Avropa çempionu Həsrət Cəfərov (67 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları deyib:

“Təəssüratlarım çox yaxşıdır, olduqca sevincliyəm. Ardıcıl dördüncü “qızıl”ımı qazanıram. Bu, “qızıl”ların arxasında isə həqiqətən böyük əziyyət, zəhmət dayanır. Bu medalı qazandıqdan sonra onun qürurunu indi daha dərindən hiss edirəm. Çəkdiyim heç bir əziyyət yadıma düşmür – yadda qalan yalnız  bu “qızıl” olur. Bu tarixi uğurumu qızıma həsr edirəm”.

Premyer Liqanı tərk edəcək ikinci komanda bilindi

23 April 2026 at 10:26

İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, XXXIV turda “Mançester Siti”yə uduzan “Bernli”nin (0:1) liqadan düşəcəyi dəqiqləşib.

“Bernli” 34 turdan sonra 13 xalla 17-ci sıradadır.

Daha əvvəl “Vulverhempton”un liqanı tərk edəcəyi dəqiqləşib.

“Baku Sportinq” və “Səbail”in səfər sınağı

23 April 2026 at 10:09

Bu gün Azərbaycan I Liqasında XXIII tura yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, sonuncu gündə iki qarşılaşma keçiriləcək. “Baku Sportinq” “Şimal”la qarşılaşacaq.

“Səbail” isə “Difai”nin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan I Liqası
XXIII tur

23 aprel

16:00. “Şimal” – “Bakı Sportinq”
Şamaxı OİK stadionu

16:00. “Difai” – “Səbail”
Buzovna qəsəbə stadionu

“Qarabağ” bu mövsüm “Sabah”ın “biləyini bükə bilmədi”

23 April 2026 at 09:48

“Qarabağ” Azərbaycan Kubokunun yarımfinalının cavab oyununda “Sabah”a uduzub – 1:2.

Futbolpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu mövsüm “bayquşlar”a qarşı keçirdiyi 5 oyunda da qələbə qazana bilməyib.

Tərəflər arasında Misli Premyer Liqası çərçivəsində üç matç baş tutub. 2 görüşdə “Sabah” qələbə qazanıb, 1 matç bərabərliklə başa çatıb.

Kubokun yarımfinal mərhələsinin duellərində isə ilk oyunda heç-heçə qeydə alınıb, cavab görüşündə isə “Sabah” qələbə qazanıb.

Döyüşək?…

23 April 2026 at 09:24

Qurban Qurbanov Azərbaycan futbolunda ən yaxşı nəticələri qazanıb, təkrarlanması uzun illər mümkünsüz görünən tarix yazıb. Ardıcıl 12-13 il davam edən dominantlıq elə-belə mümkün olmur. Epizodik uğur başqa yerli mütəxəssislərimizdə də olub, Qurbanov böyük bir istisnadır, müstəsnadır.

Bu və oxşar səbəblərdən futbolumuzda olan aktivasiyalar barədə fikir icad etmək istəyərkən onun yanaşmalarını prioritet saymağım tam təbiidir, məntiqəuyğundur.

Fəlsəfi ifadə etsəm, nəticələr göstərir ki, Qurbanov fenomeni Azərbaycan futbolu üçün subyektiv yox, obyektivdir.

Obyektivdən baxmaq, görmək istəyəndə özümün deyil, Qurbanovun baxış bucağından, rakursundan baxmağım ən yaxşı yanaşma olardı.

Subyektiv yox, obyektiv.

Gəlin bu anlamda gündəmin qaynar mövzusu olan “Sabah” – “Qarabağ” oyunundakı penalti qalmaqalına OBYEKTİV rakursdan baxaq.

Qurbanov:

“Bu barədə fikir bildirməyim, fərqli qarşılana bilər”.

Hm…

Son vaxtlar toxunduğum məsələnin “zınqırovuna” toxunuş edim: siz açıq-aşkar (?) olanı açıq-aşkar deyə bilmirsinizsə (?), biz bunu necə və niyə edək?

Sitat:

“Topun ələ dəydiyi görünürdü. Amma Rəhim Həsənov yəqin ki, bununla bağlı açıqlama verəcək”.

– Ok, Qurban hoca, biz də sizin kimi edəcəyik. Rəhimin nə deyəcəyini gözləyəcəyik – nə deyəcəyini bilə-bilə.

Sitat:

“Bəzən bu cür fikirlər səsləndirəndə, deyirlər ki, rəqibin qələbəsinə kölgə salınır”.

– Nə deyirlərsə desinlər. Həqiqət sizin dilinizdən çıxacaqsa, bu, hamımızınkından daha desibelli çıxacaq. Dəqiq mövqe, fikir, qərar varsa, demək, açıqlamaq gərəkdir.

Sitat:

“Həmin epizodu penalti kimi gördüm. Olan şeylərdir”.

– Bəs bunu deyin də. Bu qədər ehtiyatla, dolayı danışmaq niyə? Çıxışın əvvəlində bu haqda danışmağın fərqli qarşılana biləcəyi ehtimalını səsləndirib ehtiyat edirsiniz, amma yekunda penalti ola bilmə ehtimalı barədə…

Həqiqətən, biz bu həqiqəti bilməliyik, baş məşqçilər, klub rəhbərləri açıq, net danışmayınca medianın mövzu haqda emosional yazıları subyektiv olur, bu da qeyri-peşəkarlıqdır. Bəli, siz danışmalısınız, həm də qəti, açıq. Onda biz də o obyektivdən rahat baxa bilərik; istər emosional olsun, istər rasional və s.

Dolayıçılıq ediriksə, bu da yanlış deyil. Onda medianın da dolayıçılığını qınamayaq.

Biz politkorrekt danışaq, eyhamla işarə vuraq, media asıb-kəssin, ağ yuyub qara sərsin…

Hmm…

Doğru olmur, yoldaşlar.

Bəli, Rəvan Həmzəzadənin son dəqiqədəki penalti qərarı penalti kimi görünüb, lakin penalti verilməyən qərar kimi səciyyələndirilə bilər. Mümkündür ki, Rəvan şablona əsaslanıb verdi o qərarı, ancaq müzakirəyə açıq epizod kimi qabarır. Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun şərhini gözləyək.

Hmm.. ok..

Bu da bizim politkorrekt yanaşmamız.

Nə şiş yansın, nə kabab.

Elçin Cəlilov

P.S.

İllərlə “yanğınlarda” var-gəl edib, “qızmadıq istisinə, kor olduq tüstüsünə”…

P.P.S.

Nazim Hikmətin şeirindən, “Sən yanmasan, mən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa” misraları deyir ki, “…gəlin yığışaq, gedək müharibəyə!” qazverməsi olmasın, doğru üçün döyüşürüksə, birlikdə döyüşək.

Nəriman qələbəni kənardan izlədi

23 April 2026 at 09:18

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Los Anceles Qalaksi” ilə qarşılaşıb. Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 2:1.

Nəriman bu oyunda meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.

“Kolumbus Kryu” 9 turdan sonra 9 xalla 9-cu sıradadır.

Masazırda anşlaq

23 April 2026 at 09:00

Azərbaycan Kubokunun yarımfinal mərhələsində baş tutan “Sabah” – “Qarabağ” oyununu izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçda tribunada 8730 azarkeş olub. Bu barədə Peşəkar Futbol Liqasının oyun protokolunda qeyd olunub.

“Sabah” “Qarabağ”ı 2:1 hesabıyla məğlub edərək finala yüksəlib. Komanda titul uğrunda həlledici görüşdə “Zirə” ilə qarşılaşacaq.

“Şah”dan atmacalı paylaşım – FOTO

23 April 2026 at 08:36

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, qolkiper komandasının “Sabah”a məğlubiyyətindən sonra “indi kimin kim olduğunu bilirik” deyə, yazıb.

“Şah”dan öncə isə bir müddət əvvəl əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyev məşqdən fotosunu paylaşıb və “zaman və ilan” ikonundan istifadə edib.

“Bu an üçün çox xoşbəxtəm” – “Sabah”ın hücumçusu

23 April 2026 at 08:26

“Sabah” Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ”ı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın heyətində qələbə qolunu vuran Patrik Mbina matçdan sonra klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Bu an özümü çox xoşbəxt hiss edirəm. Çünki mənimçün çətin bir dövr idi. Bura gələndən tək məşq edirdim, komanda yoldaşlarımı isə televiziordan izləyirdim – bu, asan deyildi. Geri qayıdandan sonra iki yaxşı fürsəti qaçırdım. Amma indi şükürlər olsun, alındı. Çox xoşbəxtəm, həqiqətən”.

Mbina “Sabah” formasıyla ilk qolunu “Qarabağ”a vurub.

Hakim?!

23 April 2026 at 08:10

Beş gün əvvəl yazmışdıq, möhtəşəm keçən “Zirə” – “Neftçi” oyununun (1:1) son dəqiqələrində hakim səhvi matçın xarizmasını yerin dibinə soxdu.

“Sabah” – “Qarabağ” oyunu da (2:1) son dəqiqələrdə məhv edildi.

Rəvan Həmzəzadə Simiçin əlinə dəyən topa görə penalti nöqtəsini göstərsəydi, “bayquşlar” onu giyotinə çəkməzdi. Amma qərarı ilə futbola zərbə vurdu;

– Son illər Azərbaycan futboluna yad əlamət – stadionda azarkeş izdihamı var idi. “Qarabağ” o penaltini qola çevirsəydi, Masazır stadionunda temperaturu qaldıranlar yarım saat daha çox futbol izləyə bilərdi.
– ⁠”Qarabağ” azlıqda idi, “futuristlər” böyük ehtimalla qalib gələcəkdi.

Böyük futbol bayramına çevriləcək oyun bir xətalı fitlə məhv edildi.

Hakimlərə böyük lazımdır, ağsaqqal lazımdır, dünyagörüşü geniş biri lazımdır. Öyrətsin ki, oyunun fəlsəfəsi nədir və ona uyğun hakimlik etmək əsl hakimlikdir.

Tavtologiya başlayacaq; nəzəriyyə, şablon qaydalar üzərindən iddialar olacaq. Ancaq bütün bu yorucu neqativlərdənsə, fəlsəfəni bilmək tez-tez rastlanan axmaq situasiyalardan xilas edər…

HAKİMLİYİ!

Elçin Cəlilov

“İnter”in finaldakı rəqibi məlum oldu

23 April 2026 at 01:58

İtaliya Kubokunda ikinci finalçı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımfinalın digər cütündə “Latsio” ilə “Atalanta” üz-üzə gəlib. Əsas vaxtı bərabərliklə (1:1) başa çatan matçın qalibi penaltilər seriyasında dəqiqləşib. Son zərbələrdə dəqiq olan “Latsio” adını finala yazdırıb.

Paytaxt klubu həlledici görüşdə “İnter”lə qarşılaşacaq.

“Bavariya” finalda

23 April 2026 at 01:31

“Bavariya” Almaniya Kubokunda finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi yarımfinalda “Bayer”lə qarşılaşıb. Görüş “Bavariya”nın qələbəsiylə başa çatıb – 2:0. Qolları Harri Keyn və Luis Dias vurub.

“Bavariya” finalda “Ştutqart” – “Frayburq” cütünün qalib ilə qarşılaşacaq.

“Mançester Siti” səfərdə qazandı

23 April 2026 at 01:30

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Çelsi” səfərdə “Brayton”a uduzub.

“Mançester Siti” bu turda “Bernli”ni məğlub edib.

İngiltərə Premyer Liqası
XXXIV tur

21 aprel

Brayton – Çelsi 3:0
Qollar
: F.Kadıoğlu, 3. Hinselvud, 56. Uelbek, 90+1.

22 aprel

Bornmut – Lids 2:2
Qollar
: Krupi, 60. Rayan, 85 – Hill, 68-öz qapısına. Lonqstaff, 90+7.

Bernli – Mançester Siti 0:1
Qol:
Haland, 5.

24 aprel

23:00. Sanderlend – Nottingem Forest

25 aprel

15:30. Fulhem – Aston Villa
18:00. Liverpul – Kristal Pelas
18:00. Vest Hem – Everton
18:00. Vulverhempton – Tottenhem
20:30. Arsenal – Nyukasl

27 aprel

23:00. Mançester Yunayted – Brentford

“Fənərbağça”dan sonra “Qalatasaray” da dayandı

23 April 2026 at 01:07

“Qalatasaray” Türkiyə Kubokunda mübarizəni dayandırıb.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi 1/4 finalda “Gənclərbirliyi”nə uduzub – 0:2.

Dünən digər İstanbul klubu “Fənərbağça” “Konyaspor”a uduzaraq (0:1) mübarizəni dayandırıb.

Azərbaycan yığması Avropa çempionu oldu

23 April 2026 at 00:21

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Futbolpress.az xəbər verir ki, millimiz uğurlu çıxış edərək titulu qoruyub. Belə ki, 2 qızıl, 3 bürünc medal qazanan yığmamız 133 xalla yenidən Avropa çempion olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub.

Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

 

“Sabah”dan replika – VİDEO

23 April 2026 at 00:05

Azərbaycan Kubokunun yarımfinalında “Qarabağ” qarşı cavab oyununun (2:1, 2:2) sonlarındakı mübahisəli penalti tələbi epizoduna “Sabah” atmacalı paylaşımla cavab verib.

Futbolpress.az xəbər verir ki, klub sosial şəbəkə hesabında müxtəlif illərdə “Qarabağ” və “Sumqayıt” klublarına qarşı matçlarda penalti verilməyən bənzər epizodları müqayisə edib.

“Penalti yoxdur”, deyə qeyd olunan həmin epizodları burdan izləyə bilərsiniz.

Qurbanov da “qızıl” qazandı

22 April 2026 at 23:45

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan Qurbanov həlledici görüşdə Adlet Tyulbayevə 4:2 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Daha əvvəl güləşçisi Həsrət Cəfərov Avropa çempionu olub.

Yesterday — 22 April 2026Main stream

Dambrauskas: “Hakim qərarlarından bu qədər danışıldığını görməmişəm”

22 April 2026 at 23:06

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Sabah” ailəsini təbrik edirəm. Bugünkü qələbəni azarkeşlərimizə həsr edirəm. Onlar bu gün də bizi meydanda dəstəklədilər. Hər iki komanda arasında başabaş mübarizə getdi, oyunda müəyyən drama da yaşandı. Biz meydanda maksimum gücümüzü göstərməyə çalışdıq. İlk hissədə bəzən topa nəzarət rəqibin xeyrinə dəyişirdi.

Oyunda əsas məqamlardan biri buraxdığımız qol idi. Rəqib azlıqda qalmasına baxmayaraq, yaxşı oynadı. Biz də sona qədər mübarizə apardıq, təslim olmadıq, bu inadkarlıq sayəsində qələbə qazandıq. İndi isə bunu qeyd edib, sabahdan bərpaya başlayacağıq.

Düzdür, kubokda finala yüksəlmişik, amma hələ kuboku qazanmamışıq. Finalın hələ əhəmiyyəti yoxdur. Vacib olan titulu əldə etməkdir. Qarşıda görəcəyimiz işlər çoxdur.

– Hər iki hissənin sonunda baş verənləri – həm qırmızı vərəqə, həm də mümkün penalti epizodunu necə şərh edərdiniz?
– Hakim qərarlarını şərh etməyini xoşlamıram. Planşetdən epizodlara baxdım. Bu, artıq hakimlərin işidir, özləri danışmalıdır. Azərbaycanda futbolun səviyyəsinin artmasını istəyiriksə, hakimliyin də səviyyəsi yüksəlməli, inkişaf etməlidir. Fərqli ölkələrdə çalışmışam. Açığı, hakim qərarları ilə bağlı bu qədər müzakirənin olduğunu əvvəllər görməmişəm. Referilərin qərarları hər həftə gündəmə gəlir, yəqin ki, növbəti həftə də bu davam edəcək. Hakimlik də inkişaf etməlidir. Bəzən eyni epizodlara fərqli qərarlar verilir.

– Finalda rəqib “Zirə” olacaq. Bu mövsüm onlara qarşı rahat qələbələriniz olub. İndi necə düşünürsünüz, final asan olacaq?
– Elə düşünmürəm. Həlledici oyun bir matçdan ibarətdir. Həyatımda asan final görməmişəm. Məncə, işimizi görməliyik və titul üçün əlimizdən gələni etməliyik. Belə oyunlarda aşağı liqa klublarının da yaxşı çıxışlarına şahid olmuşuq. Final günü maraqlı olacaq – kim güclüdürsə, o da qazanacaq.

Şahin Cəfərov

Qurban Qurbanov: “Bəzən onlara yazığım gəlir”

22 April 2026 at 22:54

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Qarabağ” oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

– “Sabah”ı təbrik edirəm. Futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. Sona qədər mübarizə getdi. Azarkeşlərin oyundan zövq aldığına inanıram.

– Penalti epizoduna fikrinizi bilmək istəyirdim. Penalti necə olur?
–  Bu barədə fikir bildirməyim, fərqli qarşılana bilər. Topun ələ dəydiyi görünürdü. Amma Rəhim Həsənov yəqin ki, bununla bağlı açıqlama verəcək. Son saniyələrdə belə epizodun yaşanması gərginliyi daha da artırır. Bəzən bu cür fikirlər səsləndirəndə, deyirlər ki, rəqibin qələbəsinə kölgə salınır. Xeyr, “Sabah” finala layiq idi. Hesab 2:2 olsaydı belə, yenə də 10 nəfərlə oynayacaqdıq və  əlavə gücə ehtiyac var idi. Həmin epizodu penalti kimi gördüm. Olan şeylərdir.

– Son oyunlarınızda VAR-a da baxılmır. Sizcə, niyə belədir?
– Baxılsa… nə bilim. Baxsaydılar, yəqin nəsə problem olardı. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Bilmirəm, hakimlik məndən uzaq sahədir. Yəqin izahı veriləcək. VAR sistemi fərqli baxır.

– Oyundan sonra yaşananlar illər əvvəlki “Neftçi” – “Xəzər Lənkəran” finalını xatırlatdı. Sizcə, bu gün baş verənlərlə irəli gedirik, yoxsa geri?
– Futbolçularla hakimlər arasında gərginlik oldu.

– Paltardəyişmə otağının qarşısında dava-dalaş idi…
– Görmədim. Bəzən bu cür emosiyalar futbolu daha da gözəlləşdirir. Belə anlar nadir hallarda yaşanır. Hətta Çempionlar Liqasının finalında da buna  bənzər məqamlarla qarşılaşırıq.

– “Zirə” – “Neftçi”, “Turan Tovuz” – “Zirə” qarşılaşmalarında da oyundan çox kənar məsələlər müzakirə olunur. “Qarabağ”ın baş məşqçisi kimi yox, bir azarkeş kimi ölkə futbolunda baş verənlər sizi narahat edirmi?
– Hadisələr hakim qərarlarından sonra baş verənlərdir. Hakimlər üzərində o qədər təzyiq olur ki, bəzən özlərini necə idarə edəcəklərini bilmirlər. Epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Açığı, bəzən onlara yazığım gəlir, səhv qərar vermək qorxusu ilə  həyəcanları yüksək olur.

Məncə, ili sakit şəkildə başa vurmalıyıq. Bugünkü matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Son matçlarda eniş var idi. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yeni mövsümdə daha diqqətli olarlar. Hamısı bizimkilərdir, azərbaycanlıdılar. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Sadəcə, üzərlərindəki təzyiq bəzən onları səhvlərə vadar edir.

– Demək olar, mövsümü titulsuz başa vuracaqsınız. Toparlanmaq çətin olmayacaq?
– Dünya futbolunda da belə hallar gözləniləndir. 2021-ci ildə də titulsuz qalmışdıq. Çempionlar Liqası bizi xeyli yordu, necə deyərlər, “suyumuz çıxdı”. Avropadakı böyük komandalara baxanda da eyni mənzərəni görürük. Məsələn, “Liverpul” bir neçə il əvvəl bir nəfəsə çempion oldu, amma bu gün eniş dövrünü yaşayır.

Çempionlar Liqası elə turnirdir ki, bir addım irəli gedəndə yorğunluq daha da artır. Dünya futbolunda bunun çox nümunəsi var. Düzdür, ola bilsin, Premyer Liqaya tam köklənə bilmədik. Aleks Ferqyusonun da dediyi kimi, komandanın zirvədə qalma müddəti 3-4 il olur. Şükür ki, biz bu səviyyəni daha uzun müddət qoruyub saxladıq.

Ciddi narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan məqamları yaxşı bilirəm. Ola bilsin, gələn il də çətinliklər yaşayaq – bunlar normaldır. Bu isə o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa da getdikcə artır.

Qarşıdakı mövsümlər daha maraqlı olacaq və buna yalnız sevinirəm. Digər komandaların  artırması ilə intriqa da böyüyür. Ölkə futbolu bir komanda üzərində inkişaf edə bilməz-bunu normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. “Sabah”a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldı. Fanatlarımız üzüldü, amma buna ehtiyac yoxdur. Onlar həm qalibiyyətdə, həm də çətin anlarda yanımızda olublar. Belə oyunlar isə ailəni daha da möhkəmləndirir.

– “Nyukasl”la oyunda 90 dəqiqəni yaxşı keçirən Bədavi Hüseynov həmin matçdan sonra demək olar, oynamadı. Bunun xüsusi səbəbi var?
– Bədavi təcrübəli futbolçumuzdur. Mateus Silvanın isə daha da güclü stoper kimi formalaşmasını istəyirəm. Həmin mövqedə təcrübə qazanması üçün ona şans verirəm. Qarşıdakı matçlarda Bədavi də oynaya bilər. Hazırda oynamamasının səbəbləri özümüzdə qalsın.

– Azərbaycan futbolunda istədiyiniz temp bugünkü idi?
– Bugünkü oyunun tempini yaxşı edən həm də, hakim Rəvan Həmzəzadə idi. Onun idarə etdiyi matçlarda oyun az dayanır, hər epizoda fit çalmır. Matçı sona qədər davam etdirməyi sevən biridir. Tempin artmasında hakimin də rolu var. Həm də rəqibin heyətində çox sürətli oyunçular var. Çempionatda bizi geri salan həm fiziki, həm psixoloji yorğunluğumuz oldu.

– Koxalskinin mövsümün sonunda klubdan ayrılmaq ehtimalı nə qədərdir?
– Qışda daha real təklifi var idi. İndi eşitməmişəm. Hazırda müqaviləsi davam edir. Mövsümün sonuna yaxın yəqin ki, onunla bağlı danışığımız olacaq.

– Qırmızı vərəqə epizodu ilə bağlı nə düşünürsünüz?
– Epizoda baxdım. Yəqin, məni hamı səmimi qəbul edər. Rəvana ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu “qırmızı” sənin hakimliyinə yaraşmadı. Bu cür oyunda belə qırmızı vərəqə göstərmək çox sərt qərardır. Top keçdi, Mikels zərbə vurdu, Simiç və Koxalski geridə qalmışdı.

Çox istərdim ki, hakimlər barədə bu qədər neqativ danışılmasın. Belə səhvlər bizi böyüdür. Nəriman Axundzadənin bir epizodu var idi, həmin epizod onu böyütdü, amma sonra ona çox təzyiqlər oldu. Hakimlik də səhvlərdən öyrənərək inkişaf etməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda həmin səhvi xatırlayıb, daha doğru qərar verəcək, hamı onu müsbət qiymətləndirəcək.

İnsanı böyüdən məhz səhvlərdir. Bu cür hallar olur  və onları normal qəbul etmək lazımdır. Yekunda hər kəsin məqsədi ölkə futbolunun inkişafına xidmət etməlidir.

– Sizcə, həqiqətən, hakimlərimizin potensialı bu qədər səhvləri edəcək qədər aşağıdadır?
– Potensiallı hakimlərimiz var. Üzülürəm ki, onlar bu cür texniki səhvlərə yol verirlər. Bu il hakimlər üçün sanki kabus kimi keçir. İllərdir onların idarəçiliyini izləyirik. Qaydalar da dəyişir. Yəqin, bu fikirlərimə görə məni cərimə etməzlər. Sanki hakimlər “başlarını itiriblər”.

Şahin Cəfərov

Gərginlik – hakim polislərin köməyi ilə meydandan çıxdı – VİDEO

22 April 2026 at 22:17

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ”ı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, matçın son saniyəsində “atlılar” penalti qərarı gözləsə də, baş hakim Rəvan Həmzəzadə oyunu bitirib. Final fitindən sonra “Qarabağ” cəbhəsi hakimə ciddi etirazını bildirib.

Referi polislərin müşayiəti ilə meydanı tərk edib.

Azərbaycan güləşçisi Avropa çempionu oldu

22 April 2026 at 21:31

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə türkiyəli Murat Fırata qalib gəlib.

Həsrət Cəfərov ardıcıl dördüncü dəfə Avropa çempionu olub.

AFFA 3 komandaya texniki məğlubiyyət verdi

22 April 2026 at 20:31

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

19 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Yasamal Bakı-Mübariz FA oyununda Yasamal Bakı komandasının heyətində adları protokolda qeyd edilməyən oyunçular iştirak etdiyi üçün Yasamal Bakı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)

16 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilməli olan European Football Academy-Young Pro oyunu Young Pro komandası oyuna çıxmaqdan imtina etdiyinə görə baş tutmadığı üçün Young Pro komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

19 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Liman UFK-Araz Bakı oyununda Liman UFK komandası turu buraxmalı olan N14 futbolçu Elşad Qafarlı meydanda iştirak etdiyi üçün Liman UFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 49)

“Çelsi” baş məşqçisi ilə vidalaşdı

22 April 2026 at 20:36

“Çelsi” baş məşqçisi Liam Rosenyor ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Çelsi” Premyer Liqada 33 turdan sonra 48 xalla 7-ci sıradadır.

Günay Qurbanova “bürünc” uğrunda güləşəcək

22 April 2026 at 19:49

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, üçüncü yarış günündə qadın güləşi üzrə mübarizəyə start verilib və millinin 2 üzvü xalçaya çıxıb.

Elnurə Məmmədova (50 kq) ilk mərhələdə polşalı Aqata Qoluşovskaya “tuş”la məğlub olub.

Günay Qurbanova (59 kq) debüt etdiyi qitə birinciliyinə 1/4 finaldan qoşulub və almaniyalı Elena Brügger üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz yarımfinalda ukraynalı dünya ikincisi Mariya Vinniklə qarşılaşıb. Görüşün sonuncu dəqiqəsinədək hesabda 2:0 öndə olan güləşçimiz son saniyələrdə rəqibin fəndlərinin qarşısını ala bilməyib – 2:6. Günay sabah bürünc medal uğrunda belaruslu Marta Hetmanava ilə güləşəcək.

“Mingəçevir”dən gözlənilməz məğlubiyyət

22 April 2026 at 19:15

Futbol üzrə Azərbaycan I Liqasında XXIII tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Şəfa” MOİK-ə qalib gəlib. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Mingəçevir” isə “Cəbrayıl”a uduzub.

I Liqa, XXIII tur
22 aprel

“Şəfa” – MOİK 3:0
Qollar:
 U.İsmayılov, 55, T.Quliyev, 58, N.Əliyev, 74

“Cəbrayıl” – “Mingəçevir” 2:1
Qollar: 
S.Hüseynli, 21, D.Açimi, 45 – K.Kalunqa, 55

“Zaqatala” – “Şahdağ Qusar” 0:1
Qol: 
S.Ağalarov, 69

“Sabah” – “Qarabağ”: heyətlər

22 April 2026 at 18:51

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 20:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaqlar:

“Sabah”: 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 70. Cesse Sekidika 11. Kahim Parris 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos

“Qarabağ”: 99. Mateus Koxalski 27. Toral Bayramov 81. Kevin Medina (k) 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 10. Abdullah Zubir 9. Joni Montiel 21. Aleksey Kaşuk 24. Jeremi Qnali

Azərbaycan çempionatında məşqçi davası

22 April 2026 at 18:50

AFFA U-11 Liqasında keçirilən “Zirə” – “Azərbaycan Qartalları” oyununda qalmaqal yaşanıb.

Futbolpress.az xəbər verir ki, matçın 48-ci dəqiqəsində iki komandanın baş məşqçiləri arasında dava düşüb. Bu barədə AFFA İntizam Komitəsi məlumat yayıb.

“Zirə”nin məşqçisi Afin Bağırov, “Azərbaycan Qartalları”nın çalışdırıcısı Tural Axundov dava etdiyinə görə, hər biri 5 oyunluq diskvalifikasiya edilib.

Qvardiola: “Ümid edirəm ki, bir gün onunla yollarımız yenidən kəsişər”

22 April 2026 at 18:30

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın sabiq futbolçusu, hazırda “Bavariya”nı çalışdıran Vensan Kompani haqda açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, ispan mütəxəssis Kompaninin bir gün “şəhərlilər”ə qayıdacağını deyib:

“Hiss edirəm ki, Kompani bir gün İngiltərəyə qayıtmağa qərar verəcək və seçimi “Mançester Siti” olacaq. Ümid edirəm ki, bir gün onunla yollarımız yenidən kəsişər”.

Kompani 2008-2019-cu illərdə “Mançester Siti”nin formasını geyinib.

“Sabah” – “Qarabağ”: “Şanslar bərabərdir”

22 April 2026 at 18:15

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Qarabağ”la qarşılaşacaq. Matça saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk matçda bərabərlik qeydə alınıb.

Oyunla bağlı veteran futbolçular Arif Əsədov və Şahin Diniyevə müraciət etdik. Hər iki mütəxəssis komandaların final şanslarının bərabər olduğunu bildirdi:

Arif Əsədov: “Həlledici oyundur. Matça final kimi baxmaq olar. Şanslar bərabərdir. “Qarabağ” üçün kubok daha vacibdir. Onlar da liqadakı durumdan sonra mövsümü titulla bitirmək istəyir. “Sabah” isə çempionatda demək olar, çempionluğun taleyini həll edib. Buna baxmayaraq, mövsümü iki kubokla bitirmək şansları var və bundan nə üçün istifadə etməsinlər? Proqnoz vermək çətindir. Şanslar bərabərdir”.

Şahin Diniyev: “Maraqlı oyun olacaq. Oyunun nəticəsi hər kəs üçün maraq doğurur. Prinsipial matç olacaq. Son zamanlarda komandalar arasında gərgin oyunların sayı çoxdur. Kubok matçıdır və hər şey bu gün həll olunacaq. “Sabah” demək olar, “Qarabağ”dan çempionluq titulunu alıb. “Qarabağ” isə revanş düşünür. Avropa Liqasına vəsiqə baxımından bu görüş onlar üçün vacibdir. “Sabah” da kuboku asanlıqla vermək niyyətində deyil. Maraqlı oyun olacaq, şansları bərabər hesab edirəm”.

Şahin Cəfərov

Super Liqa klubu yeni baş məşqçisini açıqladı

22 April 2026 at 17:48

Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükanı” Mirel Radoya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Radoyun son ünvanı FKSB olub.

“Qaziantep” bir neçə gün əvvəl baş məşqçisi Burak Yılmazla yollarını ayırıb.

“Qarabağ”ın məşqçisi 4 oyunluq cəzalandı

22 April 2026 at 17:26

“Qarabağ”ın U-17 komandasının məşqçisi Vüqar Əsgərli cəzalanıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Əsgərli AFFA U-17 Liqasında “Sabah”la matçdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün qırmızı vərəqə alıb və 4 oyunluq diskvalifikasiya olunub.

“Bürünc” qazanan Abbasov: “Məqsəd çempionluq idi”

22 April 2026 at 17:15

Yunan-Roma güləşi üzrə Avropa üçüncüsü İslam Abbasov (87 kq) təəssüratlarını bölüşüb.

Futbolpress.az xəbər verir ki, o bürünc medal qazanmasını şərh edib:

“Bu, çox çətin yoldur. Bildiyiniz kimi, yunan-Roma güləşi Avropa ölkələrində çox yüksək səviyyədə inkişaf edib. Bu səbəbdən Avropa çempionatı çox rəqabətli və gərgin keçir. Bu yarışa hazırlaşdığım müddətdə mənə dəstək olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun!

Hər il Avropa və dünya çempionatlarında verdiyin nəticələr sənin il ərzində hazırlığının göstəricidir. Məqsəd çempionluq idi. Sadəcə, bəzi çatışmayan cəhətlər oldu. Çalışacağıq ki, onu qarşıdakı yarışlarda aradan götürək. Tam yüz faizlik formamızı bərpa edib, gələcək yarışlara hazırlaşacağıq”.

Babayev Rusiya millisini seçməsinin səbəbini açıqladı

22 April 2026 at 16:45

Moskvanın “Dinamo” klubunun futbolçusu Ülvi Babayev Rusiya mətbuatına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Azərbaycanı yox, Rusiya yığmasını seçməsinin səbəbindən də danışıb:

“Ximkidə doğulmuşam və bu müddətdə Rusiyada yaşamışam. Vətəndaşlığımı dəyişmək heç vaxt ağlıma gəlməyib. Atama, anama, ailəmə, qohumlarıma hörmətlə və anlayışla yanaşıram. Rusiyada böyüyüb, burda tərbiyə almışam. Rusiya yığmasını seçmək düzgün qərardır”.

Babayev bu mövsüm Rusiya Premyer Liqasında 12 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Qurbanova finalın bir addımlığında

22 April 2026 at 16:30

Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

Futbolpress.az xəbər verir ki, o, 1/4 finalda Elena Bruqqerə (Almaniya) qalib gəlib.

Elnurə Məmmədova (50 kq) təsnifatda Aqata Valerzaka (Polşa) uduzub.

Bu gün iki yunan-Roma güləşçisi qızıl, biri isə bürünc medal uğrunda mübarizə aparacaq.

Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) eyni raundda Adlet Tyulyubaevlə (UWW) görüşəcək. Nihat Məmmədli (60 kq) isə üçüncü yeri tutmaq üçün Suner Konunovla (UWW) qarşılaşacaq.

Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Final yolunda prinsipial oyun

22 April 2026 at 16:12

Bu gün Azərbaycan Kubokunda ikinci finalçı məlum olacaq. “Sabah” azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. Matça saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməyib – 2:2.

“Qarabağ” 2024-cü ilin sentyabrından “Sabah”ı məğlub edə bilmir. Qurban Qurbanovun yetirmələrinin “bayquşlar” üzərindəki sonuncu qələbəsi ötən mövsümün əvvəlinə təsadüf edir. Həmin görüş “atlılar”ın 3:2 hesablı üstünlüyü ilə başa çatıb.

Tərəflər arasında bundan sonra baş tutan 8 oyunda “Sabah” 3 qələbə qazanıb, 5 görüş heç-heçə başa çatıb. Komandalar ötən həftəsonu çempionat matçında üz-üzə gəlib və bu matçı da “Sabah” qazanıb – 1:0.

“Sabah”la oyun “Qarabağ” üçün artıq prinsipial xarakter daşıyır. “Futuristlər” liqada son çempionu 13 xal qabaqlayır və liderdir. Taxtdan düşmək üzrə olan “Qarabağ” mövsümü kubokla başa vurmaq və Avropa Liqasına vəsiqə qazanmaq üçün bu matçda mütləq qələbə hədəfləyir.

“Sabah”a qarşı son duellərdəki uğursuz seriyanı bitirmək niyyətində olan “atlılar”da problemlər var. Müdafiəçilər Abbas Hüseynov və Elvin Cəfərquliyevin əsas komandadan kənarlaşdırılması, bəzi futbolçuların fikrinin transfer söhbətlərində qalması “atlılar”ın enişinə səbəb olub. Çempionlar Liqasında böyük güc sərf edən və tarixində ilk dəfə turnirdə pley-off oynayan ilk Azərbaycan komandası olan “Qarabağ” ÇL-ə vida etdikdən sonra toparlanmaqda çətinlik çəkir. Mövsümün yorğunluğu komandanın üzərinə çöküb və qeyri-stabil nəticələr yaranmaqdadır.

“Sabah”la oyun “Qarabağ” üçün mövsümü xilas etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Ölkə kubokunu qazanan komanda Avropa Liqasına vəsiqə əldə edəcək. “Qarabağ” üçün titulun digər prestiji də məhz budur.

“Sabah” isə indiki məqamda daha rahat tərəfdir. Bu mövsüm əldə edilən nəticələr komanda haqda xoş fikirlər yaradıb və əla forma yığan “bayquşlar” mövsümü iki titulla – “qızıl dubl”la bitirmək arzusundadır.

Şahin Cəfərov

11 il sonra gələn ayrılıq qərarı

22 April 2026 at 15:50

İngiltərəli futbolçu Ceyms Tavernyer mövsümün sonunda “Reyncers”dən ayrılacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 34 yaşlı müdafiəçi 11 il sonra klubu tərk edəcək.

Tavernyer 2015-ci ildən Qlazqo təmsilçisində çıxış edirdi. O, bu mövsüm 49 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.

“Karvan-Yevlax”ın komandası yarışlardan kənarlaşdırıldı

22 April 2026 at 15:34

“Karvan-Yevlax”ın komandası AFFA U-10 Liqasından kənarlaşdırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsi qərar qəbul edib:

– U-10 Liqasında iştirak edən “Karvan-Yexlax” komandası SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı 3 dəfə öz heyətinə cəlb etdiyinə görə Karvan-Yevlax komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, komanda yarışlardan kənarlaşdırılsın.

– Komandanın baş məşqçisi Oqtay Əlizadənin 6 ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilsin (maddə 99, 79.4, 97.1, 97.2, 11.3).

Azərbaycan millisində baş məşqçi ayrılığı

22 April 2026 at 15:09

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Nərgiz Qurbanova ilə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

U-17-yə müvəqqəti olaraq A milli komandanın məşqçisi Xanlar Əliyev rəhbərlik edəcək.

“Azarkeşlər Vinisiusu çox sevir”

22 April 2026 at 14:46

“Real”ın baş məşqçisi Alvaro Arbeloa hücumçu Vinisius Juniorun klubdakı taleyindən danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis braziliyalı hücumçunun Madrid təmsilçisində qalmalı olduğunu deyib:

“Vinisiusla yeni müqavilə? Prosesin nə yerdə olduğunu bilmirəm. Amma o, “Real”da qalmalıdır. Azarkeşlər Vinisiusu çox sevir”.

Vinisius bu mövsüm 48 oyunda 18 qol vurub, 14 məhsuldar ötürmə edib.

Naxçıvanda kəmər dərəcələri üzrə imtahan keçiriləcək

22 April 2026 at 14:31

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə aprelin 25-də Naxçıvan şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Naxçıvan Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

“Qarabağ” akademiyasının rəsmiləri UEFA Forumunda

22 April 2026 at 14:23

“Qarabağ”ın akademiyasının meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyev UEFA Gənclər Liqası V Forumunda iştirak ediblər.

Futbolpress.az xəbər verir ki, bu gün Cenevrə şəhərində başa çatan tədbirdə bir neçə mövzuda seminarlar keçirilib. Lids Bekket Universitenin professoru Sercio Lara-Bersial “Futbol IQ-sü nədir və gənc futbolçularda necə inkişaf etdirilə bilər?”, “Olimpik”in (Lion, Fransa) sabiq köməkçi məşqçisi Damyen Della Santa “Fərdi oyunçu inkişafı”, UEFA Məşqçi İnkişafı Departamenti “Gələcək nəsil futbolçu yetişdirilməsinin metodoloji prinsipləri” mövzularında təqdimatlar ediblər.
Qonaqlar Lozanna şəhərində Madrid “Real”ının penaltilərlə Belçika təmsilçisi “Brügge”yə qalib gəldiyi (əsas vaxt 1:1) Gənclər Liqasının final matçını izləmək imkanı qazanıblar.

Daha sonra UEFA texniki nümayəndələri – sabiq məşhur futbolçu Sami Xedira və məşhur məşqçi Anj Postukouqlu ilə birlikdə final oyunu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir Dortmund “Borussiya”sında uşaq futbolundan başlayaraq Çempionlar Liqasının finalına qədər uzun yol keçmiş Edin Terziçin maraqlı panel müsahibəsi ilə başa çatıb.
Sonda iştirakçılara UEFA tərəfindən sertifikatlar təqdim olunub.

“Beşiktaş” “Bayer”in futbolçusu ilə maraqlanır

22 April 2026 at 13:49

“Bayer”in futbolçusu Alexandro Qrimaldo karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Leverkuzen klubu Qrimaldo üçün 20 milyon avro tələb edir.

Alexandro bu mövsüm Bundesliqada 25 oyunda 8 qol vurub.

Altay üçün iki “elçi”

22 April 2026 at 13:31

“Mançester Yunayted”in qapıçısı Altay Bayındır karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Fənərbağça” və “Beşiktaş” qolkiperin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bayındır bu mövsüm  6 oyuna çıxıb. Onun müqaviləsi 2027-ci ilin yayına kimidir.

“Barselona”nın sabiq futbolçusu mundialdan sonra milliyə rəhbərlik edəcək

22 April 2026 at 13:17

“Barselona”nın sabiq futbolçusu Rafael Markes DÇ-2026-dan sonra Meksika yığmasına rəhbərlik edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssis bu postda hazırkı çalışdırıcı Xavyer Aqirreni əvəzləyəcək.

Meksika millisi mundialda Cənubi Afrika, Cənubi Koreya və Çexiya ilə bir qrupda mübarizə aparacaq.

Dünya çempionatı iyunun 14-dən iyulun 19-dək keçiriləcək. Yarışa ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Rebrovla yollar ayrıldı

22 April 2026 at 12:47

Ukrayna millisində baş məşqçi Sergey Rebrovla yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Rebrov 2023-cü ilin yayından yığmaya rəhbərlik edirdi. Milli onun başçılığı altında 34 oyunda 16 qələbə qazanıb, 10 dəfə məğlub olub.

Azərbaycanın daha 2 boksçusu Dünya Kubokunda mərhələ adladı

22 April 2026 at 12:26

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kuboku davam edir.

Futbolpress.az xəbər verir ki, reytinq xarakterli yarışın ikinci günündə rinqə çıxan Azərbaycan millisinin hər iki idmançısı qələbə qazanıb.

55 kq-da Zidan Hünbətov 1/16 finalda Aqustin Susloaqanı (Uruqvay) mübarizədən kənarlaşdırıb – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). O, növbəti görüşünü Rafael Lozano Serranoya (İspaniya) qarşı keçirəcək. Döyüş aprelin 23-də olacaq.

Məhəmməd Abdullayev (+90 kq) də Dünya Kubokuna qələbə ilə başlayıb. Boksçumuz 1/8 finalda Yakub Domuradı (Polşa) 5:0 (30:27, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Abdullayev ikinci görüşündə Luka Pratljaçiçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş aprelin 24-də baş tutacaq.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.

“Qartallar”ı finala aparan “sülh”

22 April 2026 at 12:06

“Zirə” Azərbaycan Kubokunda finala yüksəldi. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yarımfinalda “Turan Tovuz”u üstələdi. İlk oyunda 2:0 hesablı qələbə qazanan “qartallar” cavab matçında qapısını toxunulmaz saxladı və qolsuz heç-heçə adını finala yazdırdı.

Tərəflər arasındakı birinci dueldə yaşanan hakim səhvi hər iki matçı kölgədə saxladı. Oyundan çox hakim qərarlarının müzakirə olunduğu dueldən sonra da idarəçilik məsələsi gündəmdə qaldı. Birinci matçda “Turan Tovuz”un lehinə verilməli olan penaltilər bəlkə də, turun həlledici məqamı idi. Ən azından tovuzlular bu iddiadadır.

Cavab matçında “Turan Tovuz”un hücumda daha effektiv oynayacağı gözlənilsə də, sərgilənən oyun sanki tovuzluların məğlubiyyətlə barışdığını hiss etdirdi. Ciddi epizodlara girə bilməyən “Turan Tovuz” matçın son hissəsində daha çox təzyiq göstərsə də, real təhlükə yarada bilmədi. Burada “Zirə” müdafiə xəttinin də etibarlı oyunu xüsusi vurğulanmalıdır.

Hər bir halda, ilk oyunda verilən qərarlar yarımfinaldakı bu duelləri, meydandakı mübarizəni kölgədə qoydu.

Tarixində üçüncü dəfə finala adlayan “Zirə”nin rəqibi “Sabah” – “Qarabağ” cütünün qalibi olacaq. Qəsəbə təmsilçisi üçün hər iki rəqib arzuolunmazdır. “Qarabağ” finallarda kifayət qədər təcrübəli, “Sabah” isə son çempiondur.

Komandalar arasındakı ilk matçda qollu bərabərlik qeydə alınıb – 2:2. Cavab matçı bu gün, saat 20:00-da start götürəcək.

Şahin Cəfərov

Flik: “Xəyalım “Barselona” ilə Çempionlar Liqasını qazanmaqdır”

22 April 2026 at 11:39

“Barselona”nın baş məşqçisi Hansi Flik açıqlama verib.

Futbolpress.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis karyerasındakı son klubun Kataloniya təmsilçisi olacağını deyib:

“Barselona” sonuncu iş yerimdir. Ayrıldıqdan sonra klub çalışdırmaq niyyətim yoxdur. İndi bütün diqqətim komandadadır və qarşıda oyunlar var. Klubda qazana bilmədiyim iki titul da var. Onları əldə etdikdən sonra rahat ayrıla bilərəm. Xəyalım “Barselona” ilə Çempionlar Liqasını qazanmaqdır”.

“Barselona” La Liqada liderdir. Komanda ikinci pillədəki “Real”ı 6 xal qabaqlayır.

Rosenyor: “Karyeramın ən çətin axşamı idi”

22 April 2026 at 11:25

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor Premyer Liqada “Brayton”a uduzduqları görüşü şərh edib.

Futbolpress.az BBC-yə istinadən xəbər verir ki, mütəxəssis 0:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Oyunda bütün komponentlərdə rəqibə uduzduq. Bu, qəbuledilməzdir. İndi nələrisə kökündən dəyişmək lazımdır. Özümüzə baxmalıyıq – oyunumuzda müdafiə ediləcək nəsə yoxdur. Komandada atmosfer yaxşı deyil. 11 futbolçudan sadəcə 3-4-ü oyuna canını qoyur. Bunu demək lazımdır – bu, həqiqətdir. Futbolçuların bəziləri peşəkar davranmır. Həqiqətən, karyeramın ən çətin axşamı idi. Gördüyüm bəzi şeyləri bir daha görmək istəmirəm”.

“Çelsi” 48 xalla turnir cədvəlində 6-cı sıradadır.

“Çempionluq yarışı hələ bitməyib” – Arbeloa

22 April 2026 at 11:05

“Real”ın baş məşqçisi Alvaro Arbeloa açıqlama verib.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis La Liqada “Alaves”ə qalib gəldikləri oyundan (2:1) sonra çempionluq yarışından danışıb:

“Birinci hissədə oyuna tam nəzarət etdik. Üstünlüyümüzü daha artırmalı və qələbəni möhkəmləndirməliyik. “Bavariya”ya məğlubiyyətdən sonra komanda ilə danışdıq və söz verdik ki, qalan 7 oyunumuzu qazanmalıyıq. Bir oyun getdi, qaldı altısı. Çempionluq yarışı hələ bitməyib. Futbolda hər şey mümkündür”.

“Real” La Liqada 73 xalla ikincidir. “Kral klubu” ehtiyatda bir oyunu olan “Barselona”dan 6 xal geri qalır.

AFFA-nın əməkdaşları UEFA seminarında

22 April 2026 at 10:44

Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın təşkilatçılığı ilə “Məktəblərdə Futbol” mövzusunda seminar keçirilir.

Futbolpress.az xəbər verir ki, 21–23 aprel tarixlərini əhatə edən tədbir Avropa ölkələri arasında məktəb futbolunun inkişafı, kütləviliyin artırılması və uşaqların idmana cəlb olunması istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsini hədəfləyir.

Seminarda 19 ölkəni – Azərbaycan, Portuqaliya, Avstriya, Belçika, Danimarka, İngiltərə, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Niderland, Polşa, İrlandiya, Şotlandiya, İsveç, İsveçrə, Türkiyə və Uelsi təmsil edən nümayəndə heyəti iştirak edir. Tədbir çərçivəsində məktəblərdə futbol layihələrinin tətbiqi, uşaqların erkən yaşlardan idmana marağının artırılması, inklüzivlik və gender bərabərliyi prinsiplərinin təşviqi kimi mühüm mövzular müzakirə olunur.
Seminarda AFFA-nı Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov təmsil edirlər. Nümayəndə heyəti seminar çərçivəsində müxtəlif ölkələrin uğurlu təcrübələri ilə tanış olur, interaktiv sessiyalarda iştirak edir.

Qeyd edək ki, bu cür tədbirlər UEFA-nın kütləvi futbol strategiyasının əsas istiqamətlərindən biri olmaqla, üzv assosiasiyalar arasında bilik və təcrübə paylaşımının gücləndirilməsinə xidmət edir.

Ronaldo oğlu ilə birlikdə oynaya bilər

22 April 2026 at 10:21

“Əl Nəsr” yeni mövsümdən Kriştiano Ronaldonun oğlu Junior Ronaldonu əsas komandaya daxil etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb. Juniorun 15 yaşı var və qaydalara görə o, hələ əsas komandaya qoşula bilməz.

Ronaldonun oğlunun yayda 16 yaşı olacaq və bundan sonra o, atası ilə birlikdə oynamaq şansı qazana bilər.

Junior “Əl Nəsr”in U-16 komandasında çıxış edir.

114 il sonra gələn antirekord

22 April 2026 at 10:00

“Çelsi” İngiltərə Premyer Liqasının XXXIV turunda “Brayton”a uduzub.

Futbolpress.az xəbər verir ki, Liam Rosenyorun rəhbərlik etdiyi kollektiv yarışda ardıcıl beşinci matçını uduzub. “Zadəganlar” bu görüşlərdə qol da vura bilməyib.

“Çelsi” sonuncu dəfə 1912-ci ildə çempionatda ardıcıl beş oyunda qol vurmadan məğlub olub.

Axundovun şəxsi vəsaiti ilə reallıq…

22 April 2026 at 09:43

Bu yaxınlarda dünyagörüşünə hörmət etdiyim bir klubun rəhbərindən eşitdim: Zaur Axundov yaxşı oğlandı.

Bu kəlmə/ifadə adətən, yerini bilən, doğru yolda olan, pozitiv imicə malik şəxslər haqda işlənir.

Duruxdum, amma bu, sırf futbol klubu rəhbəri personasına nəzərən eşitdiyim arasında fərqə görə var-gəl etdiyim üçün idi…

Əlqərəz, Axundov yaxşı futbol rəhbəri deyil, bu dəqiqdir. İzafi və nəzəri izahlarıyla sübut etmək olar və fikrimcə, şəxsiyyətində bu cür məsələləri etiraf edəcək keyfiyyətli çalarlar da var.

***

Naxçıvanda böyük futbolun yaranmasına ən çox o səbəb ola bilərdi. Olmadı.

İllər boşa getdi. İndi öz vəziyyəti sual altındadır.

“Araz Naxçıvan”ı yurduna qaytarmaq üçün şəxsi vəsaiti xərcləmək və ya naxçıvanlı imkanlılardan kömək istəmək lazım deyildi, elə AFFA-dan gələn 2.5-3 milyon manat illik dotasiyanın yarısı ayrılsaydı, bəs edərdi.

Deməli, istəmək lazımdır.

Şəxsi vəsaiti hesabına klub saxladığını iddia edən adam dotasiyaya ehtiyac duyarmı? Duysa da, onu baza tikintisinə sərf edər, böyük bir ƏHSƏN qazanardı.

Bu da olmadı.

Və ən vacibi, yoldaş Axundov, Azərbaycanda heç kəs şəxsi vəsaiti hesabına klub saxlamır. Bunu sizdən başqa da iddia edənlər tapılır arabir.

Ola bilər ki, şəxsi vəsaitdən bir qədər ayrılsın, lakin heç kəs, təkrar vurğulanır, diqqət edin, heç kəs şəxsi imkanları hesabına futbol klubu saxlamır.

Bunun heç praktiki izahını verə bilməzlər, nəinki hesabatını…

Azərbaycanda futbol sosial layihədir (!) və bu dövlət siyasətinin prioritetlərindən biri kimi tənzimlənir. Siz də ən yaxşı halda vasitəçi rolunda…

Uzadıb ucuzluğa aparmağın adı yoxdur, mövzu bitmişdir.

Elçin Cəlilov

Mbappedən unikal göstərici

22 April 2026 at 09:29

“Real” İspaniya La Liqasının XXXIII turunda “Alaves”i məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun birinci qolunu Kilian Mbappe vurub. O, cərimə meydançasından kənardan endirdiyi zərbə ilə fərqlənib.

Fransalı hücumçu bu mövsüm bütün turnirlər daxil olmaqla, cərimə meydançasından kənardan 8 qol vurub. Bu, onun karyerasının ən yüksək göstəricisidir.

28 il sonra finalda

22 April 2026 at 09:00

“Lans” Fransa Kubokunda finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda yarımfinalda “Tuluza”nı məğlub edib – 4:1.

“Lans” 28 ildən sonra birinci dəfə kubokda finala adlayıb.

Həlledici görüşdəki rəqib “Strasburq” – “Nitsa” cütünün qalibi olacaq.

Premyer Liqa çempionu üçüncü liqaya düşdü

22 April 2026 at 08:34

İngiltərə Çempionşipində mübarizə aparan “Lester” liqanı tərk edəcək.

Futbolpress.az xəbər verir ki, “tülkülər” 44-cü turda “Hall Siti” ilə heç-heçə edib. Aktivində 44 xal olan “Lester”in sona iki tur qalmış liqanı tərk edəcəyi dəqiqləşib.

“Tülkülər” yeni mövsümdə İngiltərə III Liqasında mübarizə aparacaq.

“Lester” 2016-cı ildə İngiltərə Premyer Liqasının qalibi olub. Komanda daha sonra eniş yaşayıb və bu mövsüm də Çempionşipdən yuvarlanacaq.

Trol epidemiyası

22 April 2026 at 08:18

Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubların “başı qaçıb”. Klubun başına gələnlərdən, hakim nöqsanlarından və s. neqativliklərdən heç nə danışmayan həmin klubların rəhbərləri, idarəçiləri düşünür ki, bunu onların əvəzinə etməlidir;

– media
– ⁠azarkeşlər

Niyə?!

Həmin klub rəhbərləri, əksər hallarda da idarəçiləri rahat kresloda yayxanıb, ay sonunda 10-20-30-40 min manat maaşını alacaq, onun yerinə media “döyüşəcək”?

Əksəri unudur ki, futbol biliyinin zəif olduğunu hamı görür, idarəçi kimi nöqsanlarını da gizlədə bilmirlər.

Özünü pis etmək istəməmələri ağıllı yanaşmadır, ancaq bir yerə qədər.

Klub rəhbəri klubun başına gələn və ya gətirilən pis hadisələrə qarşı hamıdan əvvəl;

– reaksiya verməlidir
– ⁠problemin məğzini, məzmununu tam formada izah etməli, göstərməlidir.

Bunlar hələ idarəçi üçün təməl vacibiyyətlərdir. Halbuki illərdir bunları onların yerinə media edib. Təbii ki, peşəkar, layiqli mediadan söhbət gedir…

Günün üzdə olmayan, lakin ən ciddi problemlərindən biri də məhz budur. Klublar öz mənafeyini qoruya bilmir və ya bunu etmək istəmir.

Dotasiya hesabına mövcud olan futbolumuzda bacarığından qat-qat artıq mənfəət əldə edən xeyli nəfər var.

Zamanın tələblərinə uyğunlaşdıqca ortaya çıxır ki, həmin nəfərlər, “ortada yeyim, kənarda gəzim” prinsipiylə hərəkət edib və bu müftəliyə öyrəşib.

İndi mediada rasionallıq artıb. İnterşum, reytinq naminə atılan addımlara artıq yol verilmir. Sözünü deməyi bacaran müəlliflər illərlə zərbə aldı… aldıqca da bu fədailiyin onlara heç nə qazandırmadığını, əksinə, itkilərdən başqa nəsə vermədiyini gördü. Öyrəndi.

İndi media özünü fədai kimi aparmır. Və bu mənfəətbazlara heç sərf etməyən reallıqdır.

Qələmi iti, auditoriyası geniş olan müəlliflərə ucuz həmlələrlə təzyiq etməyə çalışırlar: filan mövzuda nə əcəb yazmadın və s.

Yazmaz da. Sən öz vəzifənə görə borclu olduğun məsələlərdə ağzını açırsanmı? Yox.

Nə vaxt özün öz haqqını qorumağı düşünəcəksən, onda…

Yeni zamanın yeni mənzərəsi bu tip idarəçiləri, rəhbərləri “vəziyyətdən çıxış üçün” özünəməxsus icadlar düşünməyə vadar edib.

Trol dəstəsi formalaşdırmaq!

Bəli, onların beyni, özünümüdafiə instikti yalnız belə işləyir. Media bunların mənfəətləri naminə “lokomotiv” rolunu oynamaqdan boyun qaçırdıqca bunlar trollar cəlb edir, bəsləyir.

Belə klub idarəçiləri haqqında tənqid yazılarının şərh bölümünə fikir verin, onlarla, yüzlərlə trol şərhi.

Dotasiyanın başına daraşan kök salmış mənfəətbaz dəstənin tifağı dağılmasa, Azərbaycan futbolu ağ günə çıxmayacaq.

Bu da monopoliyanın bir formasıdır və “metastaz verib”, kök salıb, ölkə futbolunu cənginə alıb.

Onlar hər yerdədilər – klub idarəçiliyində, menecerlikdə, uşaq futbolunda. Dərin kök salıblar və şəbəkə kimidirlər.

Bir “Damokl qılıncı” lazımdır ki, bu tifağı dağıda, futbol parazitlərdən təmizlənə.

Yoxsa çarə olmayacaq.

Hələlik, ümumi yazdıq. Medianın canına daraşmağa davam etdikcə bu “trolşünaslar” aşkara çıxarılacaq, ağır zərbə alacaqlar. Hələlik, bəslədikləri trolların sayəsində yaranan komfort zonasında var-gəl etsinlər…

Kamil Əhməd

“Sabah” Azərbaycan Kubokunda finala yüksəldi

22 April 2026 at 22:00

Bu gün Azərbaycan Kubokunda ikinci finalçı məlum olacaq.

Futbolpress.az xəbər verir ki, “Sabah” azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.

Komandalar arasındakı ilk oyunda qollu bərabərlik qeydə alınıb – 2:2.

Cütün qalibi finalda “Zirə” ilə qarşılaşacaq.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu

22 aprel

20:00 Sabah – Qarabağ 2:1
Qollar:
Velko Simiç, 78, Patrik Mbina, 88 – Kamilo Duran, 59
Qırmızı vərəqə:
Mateus Koxalski, 36 (“Qarabağ”)
Baş hakim: Rəvan Həmzəzadə
“Bank Respublika Arena”
İlk oyun – 2:2

“İnter” geridönüşlə finalda

22 April 2026 at 01:13

“İnter” İtaliya Kubokunda finala yüksəlib.

Futbolpress.az xəbər verir ki, “neradzurra” yarımfinalda “Komo”nu məğlub edib. Komandalar arasındakı ilk görüş qolsuz başa çatıb.

“İnter” cavab matçında 0:2-dən geridönüş edərək, 3:2 hesablı qələbə qazanıb və finala adlayıb.

“İnter”in həlledici matçdakı rəqibi “Latsio” – “Atalanta” cütünün qalibi olacaq.

“Fənərbağça” kubokla vidalaşdı

22 April 2026 at 00:21

“Fənərbağça” Türkiyə Kuboku ilə vidalaşıb.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisi 1/4 finalda “Konyaspor”a uduzub. Matçda yeganə qolu 120-ci dəqiqədə Yevtoviç penaltidən vurub.

“Konyaspor” yarımfinalda “Beşiktaş” – “Alanyaspor” cütünün qalibi ilə qarşılaşacaq.

Rəşad və İslam Avropa üçüncüsü oldu

21 April 2026 at 23:35

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, ikinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.

İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.

Beka Kandelaki (130 kq) üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Azərbaycan atleti Batumidə gümüş medal qazandı

21 April 2026 at 23:14

Azərbaycan atleti İsa Rüstəmov Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

Futbolpress.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yarışan İsa birdən qaldırma hərəkətində gostərdiyi 147 kq nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Təkanla qaldırma hərəkətində 180 kq çəkinin öhdəsindən gələn Rüstəmov bu dəfə 4-cü olub. Təmsilçimiz toplamda 327 kq göstərici ilə yarışı 4-cü yerdə bitirib.

Before yesterdayMain stream

Rəşad Sadıqov Tovuza bağlılığından danışdı – VİDEO

21 April 2026 at 22:35

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunda “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra tovuzlu azarkeşlərin onu tənqid etməsinə münasibət bildirib.

Futbolpress.az mütəxəssisin fikirlərini təqdim edir:

Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya

21 April 2026 at 22:30

AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən 3, 4 və 5-ci kateqoriyalı, həmçinin xanım hakimlər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Futbolpress.az xəbər verir ki, sessiyadan əvvəl iştirakçı hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə testlər keçirilib. Nəticələr göstərdi ki, hakimlərin əksəriyyəti bu sahədə vəzifə və öhdəliklərini yaxşı başa düşürlər.

Sessiya zamanı Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Təlimçilər hakimlərin oyun prosesində oynadığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Həsrətdən sonra Qurban da “qızıl” üçün güləşəcək

21 April 2026 at 22:15

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolpress.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

Yarışa 1/4 finaldan qoşulan Nihat Məmmədli (60 kq) ukraynalı Vladislav Kuzkoya şans tanımayıb – 5:0. Həmyerlimiz yarımfinalda ermənistanlı Suren Ağacanyana (tuş) uduzub və sabah bürünc medal uğrunda Tommaso Bosi (İtaliya) – Suner Konunov (Rusiya) qarşılaşmasının qalibiylə güləşəcək.

Həsrət Cəfərov (67 kq) startda isveçli Niklas Oehleni 5:1 hesabıyla üstələyib. Titullu güləşçimiz bolqarıstanlı Abu Muslim Amayevi isə “tuş”la yolundan kənarlaşdırıb. Cəfərov gərgin keçən yarımfinal görüşündə gürcüstanlı Dieqo Çxikvadzeyə 4:2 hesabıyla qalib gələrək 4-cü dəfə böyüklər arasında Avropa çempionatının finalına yüksəlib. Həsrət sabah həlledici görüşdə türkiyəli Murat Fıratla güləşəcək.

Ruslan Nurullayev (72 kq) debütdə ukraynalı Dmitro Vasilyevi (9:5) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ermənistanlı Qaspar Terteryana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub.

Qurban Qurbanov (82 kq) bolqarıstanlı Svetoslav Nikolov (7:3) və moldovalı Mihail Braduya (5:4) qalib gələrək yarımfinala yüksəlib. Qurbanov finalın bir addımlığında gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeni üstələyib – 2:1. Qurban sabah həlledici görüşdə rusiyalı Adlet Tyulbayevlə mübarizə aparacaq.

Murad Əhmədiyev (97 kq) finlandiyalı Arvi Savolaynenlə (7:3) xorvatiyalı Filip Smetkodan (2:1) güclü olub. Ancaq 1/4 finalda rusiyalı Artur Sarqsyana məğlub olub – 0:4

“Belə qərarlar mənə də xoş deyil” – Rəşad Sadıqov

21 April 2026 at 22:00

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Olduqca gərgin oyun keçdi. Matçdan əvvəl də özümüzü buna hazırlayırdıq. Nə qədər hazırlaşsan da, prosesin içində olanda fərqli alınır. Bu mövsümün ən gərgin qarşılaşmalarından biri oldu. 60-70-ci dəqiqəyə qədər bərabər oyun keçdi. Sonrasında rəqib təzyiqi artırdı, hücuma atıldı. Şükürlər olsun ki, bu dəqiqələrdə qol buraxmadıq. Rəqib böyük qüvvə ilə irəli atılırdı. “Turan Tovuz”un standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Futbolçulara təşəkkür edirəm, layiqli mübarizə aparıb, finala çıxdılar.

– “Turan Tovuz”u bu gün standart vəziyyətlərdə zərərsizləşdirə bildiniz. Bunun sirri nədir?
– Sirri yoxdur. Çempionatda növbəti turda onlarla qarşılaşacağıq. Necə olacağını bilmirik. Bu dəfə alındı. İlk hissədə standart vəziyyətlərdə daha etibarlı oynadıq.

– Birinci matçdakı mübahisəli epizodlar bu gün sizdə və komandada təzyiq yaradırdı?
– Təbii ki, müəyyən təzyiq yaradır. Bəzən haqlı iradlar da olur, etirazlar da normaldır. Avrokuboklara vəsiqə uğrunda gərgin mübarizə gedir. Bu prosesdə həm hakimlər, həm də rəqib komandalar üzərində əlavə təzyiqlər yarana bilər.

Epizodlara gəlincə, Hakimlər Komitəsi də təsdiqlədi ki, penaltidir. Biz də sonradan baxanda, eyni fikrə gəkdik. Ancaq 2-3 oyun əvvəl Yevlaxdakı oxşar epizodun şərhində bunun penalti olmadığı deyilmişdi. Ardınca  “Kəpəz” – “Qarabağ” oyunundakı mübahisəli epizodla bağlı bildirildi ki, rəqib əvvəlcə topa, sonra ayağa müdaxilə edir.

Biz də qaydaları izləyirik, amma bəzən eyni tip epizodlara fərqli yanaşmalar olur. Bəzən insan bilmir nə desin. Bizim oyunda penalti kimi dəyərləndirilir, başqa matçda isə “sürtünmə” kimi izah olunur. Soyuqqanlı baxanda biz də epizodları görürük, amma  çempionatda eyni situasiyalara fərqli şərhlərin verilməsi çaşqınlıq yaradır. Başımız qarışır. Çempionatda mübahisəli epizodlar həddindən artıq çoxdur. Bəzən hakimləri də qınamaq olmur. Bizim oyunlarımızda da verilməyən penaltilər olur,  50/50-yə epizodlar da var.

Düşünürəm ki, bu gün həm “Zirə”, həm “Turan Tovuz” finala layiq idi. İlk oyunda şanslarımızı daha yaxşı dəyərləndirdik. Düzdür, rəqibin penaltisi verilsəydi, bəlkə fərqli olardı. Amma ümumi baxanda, hər iki oyunda başabaş mübarizə getdi. Şükürlər olsun ki, bu dəfə biz daha şanslı olduq.

– Finaldakı rəqibiniz sabah bilinəcək. “Qarabağ”la bu mövsüm başabaş oyunlarınız olub. “Sabah”dan isə daha təcrübəlisiniz. Hansı rəqib daha uyğun olar?
– Hansısa rəqibi arzulamaq olmur. İmkan olsa, heç biriylə oynamazdıq. Həqiqətən də, “Qarabağ” kimi titullu komanda var, “Sabah” isə bu il çempionluğa çox yaxındır, ötən il kuboku qazanıb. Finala kim çıxsa, iddialı olacaq. Kimlərisə arzulamaq ürəyimdən keçmir. Xeyirlisi nədirsə, o olsun.

– Rəqib klubun rəhbəri Ehtiram Quliyevin ilk oyundan sonrakı açıqlaması sizə necə təsir etdi?
– Məyus oldum. Hakimləri mən də tənqid edərdim, haqlı  hesab edirəm. Səhv varsa, tənqid də normaldır. Lakin bəzi açıqlamalar var ki, insanı məyus edir. Bilmirəm, bəlkə, həddindən artıq emosional olub. Yəqin, bir az vaxt keçəndən sonra özü də məyusluq hissi keçirib.

– Qarşıda Tovuz səfəri var. Orda sizə qarşı təxribat çox olur. Səbəb nədir?
– Evimə gedirəm. Köhnə azarkeşlər də bilir ki, Tovuza ilk transferimdə üç ay oynaya bilmədim. Fuad Musayev o vaxt bildirmişdi ki, “Şəfa”da oynamalıyam, gənc, perspektivli futbolçuyam. Lakin mən Tovuzda qalmaq istədim, şəhəri və azarkeşləri çox sevdim. Üç ay sonra oynamağa başladım. Uğurlu karyeram da oradan formalaşdı. Milliyə düşdüm, sonra “Neftçi”yə keçdim. O komandanın, şəhərin mənə etdiyi yaxşılıqları unuda bilmərəm.

Azarkeşlərin şüarlarına gəlincə, araşdırma apardım və başa düşdüm ki, mənə niyə məyus olublar… “Şamaxı” – “Turan Tovuz” oyununda (0:0) 75-ci dəqiqədə penalti epizodu yaşanıb. Həmin vaxt matçı tribunadan izləyirdim. “Sky Box”a keçib, hər iki klubun rəhbərliyi ilə görüşdüm.

Stadiona getməyimin səbəbi oyunu analiz etməkdir. Yanımda azarkeşlər var idi və bizim tribunada nə danışdığımı eşitmirlər. Deyirlər ki, mən penalti qərarına sevinmişəm. Amma həmin an hər iki tərəfə demişəm ki, penalti yoxdur, VAR-a baxılacaq və penalti qərarı geri götürüləcək. Lakin “Turan Tovuz”un azarkeşləri etiraz edirdi ki, Rəşad penaltiyə sevinib. Amma mən sevinməmişdim. Bilmirəm ki, kim onlara çatdırıb ki, Rəşad onların uğursuzluğuna sevinib.

26 il əvvəl “Turan”da oynamışam. Bir çox insan məni tovuzlu kimi tanıyır. Amma indi o azarkeşləri kim yanlış istiqamətləndiribsə, düz etməyib. Sevinsəydim, deyərdim ola bilər, tənqidləriniz normaldır. Amma mümkün deyil belə şey olsun. Hansısa rəqibin oyununda verilən hansısa qərara sevinmirəm. Heç kim deyə bilməz ki, Rəşad emosional reaksiya verib. Bu gün də etirazları gördüm. Yenə də haqqımı halal edirəm.

– Ola bilər ki, bu açıqlamadan sonra etirazlar səngisin?
– Buna görə etmirəm. Bilsinlər ki, mən həmişə “Turan Tovuz”u diqqətdə saxlamışam. Legionerlərlə ora səfərə gedəndə deyirəm ki, bura mənim evimdir. Öz karyeramla bağlı onlara danışmışam. İndi səslənən fikirlər məni məyus edir. Ola bilsin, yanlış anlaşılma var.

– “Qarabağ”ın bugünkü durumu ortadadır. Baş məşqçi Qurban Qurbanov da etiraf edir ki, yorğunluq var, futbolçuların fikirləri fərqli yerdədir. Siz də bu komandada olmusunuz. Situasiya ilə bağlı nə düşünürsünüz?
– Finala kim çıxsa, istəkli olacaq. Kubok üçün son addımdır. “Qarabağ”ın pis durumda olduğunu düşünmürük. Finalda çox məsələ həll olunacaq. Mən rəqib seçmirəm, xeyirlisi nədirsə, o olsun. Bu il “Sabah”la “Qarabağ” arasındakı oyunları böyük həvəslə gözləyirəm. Əvvəl “Neftçi” – “Qarabağ” duellərinə maraq böyük idi. İndi “Sabah” da bu sıraya qoşulub. Oyunların keyfiyyəti fərqli olur. Matça baxanda zövq alırsan. Sabahkı oyunu da azarkeş kimi səbirsizliklə gözləyirəm.

– Elvin Cəfərquliyev cəzalandırılıb. Düşünmürsünüz ki, futbolçular parlayan dönəmlərdə səhvlər edir. Sizcə, onlar üçün psixoloq lazımdır? Sanki “ulduz xəstəliyi”ndən əziyyət çəkirlər…
– Bilmirəm problem nədədir. Mən də gənc olmuşam, mənim də səhvlərim olub. İndi kiminsə səhvləri barədə danışmaq istəmirəm. İstərdim ki, yerli futbolçular daha motivasiyalı olsunlar. Potensialları var. Çempionlar Liqasında güclü rəqiblərə qarşı oynayıblar. Çalışıb, bu uğurları düzgün balanslarşdırmaq lazımdır. Mütləq şəkildə bu balans qorunmalıdır.

– “Zirə”nin lehinə verilən yanlış qərarlar komanda haqda xoş olmayan fikirlər yaradır. Bu, sizə necə təsir edir?
– Səhv etmirəmsə, əsas etiraz “Turan Tovuz”la kubok oyununda olub. Bir də “Neftçi” ilə matçda. Bəli, hər üç epizod mübahisəyə açıqdır. “Neftçi” ilə oyundan sonra baxdım və düşündüm ki, ofsayd yoxdur. Lakin təkrarı izlədikdən sonra gördüm ki, Ruana görə qapıçı topu görmür. Biz də bildik ki, ofsayddır. Belə qərarlar mənə də xoş deyil. Hamı bilir ki, biz də uzun müddət hakimlikdən əziyyət çəkmişik. Azı 40 epizod göstərərəm ki, bizə qarşı olub. Bəlkə, həmin səhvlər bizi turnir cədvəlində fərqli yerə salıb. Səhv olub, bunu etiraf edirəm. Amma xeyrimizə və əleyhimizə olan səhvlərə baxsaq, fərq böyükdür. İstəmərəm ki, oyunlarımızda belə səhvlər olsun. Biləndə ki, “Neftçi” ilə oyundakı qol səhvdir, məyus oldum, 2-3 gün özümü yaxşı hiss etmədim. Həmin anın onlar üçün də necə məyusedici olduğunu başa düşürəm.

Şahin Cəfərov

“Futbolçuların haqqı yeyildi” – Yunis Hüseynov

21 April 2026 at 21:20

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Zirə” – “Turan Tovuz” oyunundan (0:0) sonra qonaq komandanın məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Hər iki komanda finala yüksəlmək istəyirdi. Bu gün daha üstün oynayan tərəf biz idik. İlk oyunda haqqımızı yedilər. Məncə, finala biz çıxmalı idik. Ötən matçdakı səhvlərə görə yarımfinalda dayandıq. Bu gün də qolumuzu ləğv etdilər. Anlamıram, niyə hər dəfə biz qol vuranda VAR-a baxılır? Futbolçularımızın haqqı yeyildi. Finala layiq olan biz idik.

– Geridönüş üçün daha effektiv oyun gözlənilirdi. Bu gün epizodlara da çox girə bilmədiniz. Oyun alınmadı, ya ilk matçdakı psixoloji zərbənin təsiri var idi?
– Psixoloji təsirlər var idi, bunu danmıram. Ötən oyunda iki penalti epizodu oldu, rəqibin oyunçusuna isə qırmızı vərəqə göstərilmədi. Bugünkü matça da pis hazırlaşmamışdıq. “Zirə”nin 2:0 üstünlüyü var idi və müdafiədə qalıb, əks-hücumlara köklənmişdilər. Buna baxmayaraq, biz pis təsir bağışlamadıq. İlk hissədə qol vura bilsəydik, ardı gələcəkdi. Birinci yarıda imkanlardan istifadə etsəydik, oyunun gedişi fərqli olardı. Bu gün “Zirə” əsasən müdafiə olunmağa üstünlük verdi.

– Bugünkü oyunun idarəçiliyindən razı qaldınız?
– Narazı deyiləm, amma qol epizoduna baxmamışam. VAR-a baxıb, qolumuzu sildilər. Amma məncə, qol təmiz idi.

– Mövsümün əvvəlində klub rəhbəri Ehtiram Quliyev bildirmişdi ki, hədəf kubokdur. Yarımfinalda dayandınız. İndi çempionatda ikinciliyə yüksəlməyi hədəfləyirsiniz?
– İstəyirdik ki, titul qazanaq, amma alınmadı. Çempionatda çətin oyunlar bizi gözləyir. Növbəti matçlarda qələbə qazanmağa çalışacağıq. İnşallah, yaxşı yerlərdən birini tutacağıq.

Şahin Cəfərov

Azərbaycan çempionatında pley-off mərhələsinin püşkü atıldı

21 April 2026 at 21:09

AFFA U-14 Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan tədbirdə 1/8 final mərhələsinin cütləri müəyyənləşib.

Həmçinin, iştirakçı komandaların 1/4 və yarımfinaldakı potensial rəqibləri də bəlli olub.

U-14 Liqası, 1/8 final
“Neftçi” – “Araz Saatlı”
“Qarabağ” – “Baku Sportinq”
“UGİM Naxçıvan” – “Şamaxı”
“Astara” – “Ulduz” FA
“Metak” – “Gəncə”
“Turan Tovuz” – “Qəbələ”
“Sumqayıt” – “Şimal” RFF
“Sabah” – “Sumqayıt City”

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları aprelin 25-26-da, cavab görüşləri isə ayın 28-29-da keçiriləcək.

“Bastoninin futbolçu profili “Barselona”ya çox uyğundur”

21 April 2026 at 20:33

İtaliyalı keçmiş müdafiəçi Leonardo Bonuççi “İnter”in futbolçusu Alessandro Bastoni haqda açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yerli mətbuata açıqlamasında müdafiəçinin adının “Barselona” ilə hallanmasına münasibət bildirib.

“Bastoninin futbolçu profili “Barselona”ya çox uyğundur. Çünki o, yüksək texniki bacarıqlara sahibdir və əla müdafiəçidir”.

İtaliya mətbuatının xəbərinə görə, Bastoni yayda “Barselona”ya keçəcək. Tərəflər arasında şifahi razılığın əldə olunduğu bildirilir.

Türkiyə klubunda rumıniyalı məşqçi

21 April 2026 at 20:24

Türkiyənin “Qaziantep” klubunun yeni baş məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükanı” Mirel Radoya tapşırılıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 45 yaşlı mütəxəssis bu gecə Qaziantepə gələcək və rəsmi müqaviləyə imza atacaq.

Radoyun son ünvanı FKSB olub.

“Qaziantep” bir neçə gün əvvəl baş məşqçisi Burak Yılmazla yollarını ayırıb.

AÇ: Həsrət Cəfərov finalda

21 April 2026 at 19:38

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında finalına yüksəlib.

Futbolpress.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Cəfərov yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gəlib.

60 kq-da mübarizə aparan Nihat Məmmədli isə yarımfinalda ermənistanlı Suren Ağacanyana “tuş”la məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

“Yuventus”un futbolçusu üçün iki “elçi”

21 April 2026 at 19:18

“Qalatasaray” “Yuventus”un futbolçusu Temu Koopmeyners ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İstanbul klubu yayda belçikalı yarımmüdafiəçinin transferi üçün Turin təmsilçisi ilə danışıqlara başlamağı planlaşdırır.

Koopmeynerslə İngiltərənin “Mançester Yunayted” klubu da maraqlanır.

28 yaşlı futbolçu bu mövsüm 40 oyunda 2 qol vurub.

“Atletiko” argentinalı müdafiəçi ilə maraqlanır

21 April 2026 at 18:46

“Tottenhem”dən ayrılacağı gözlənilən Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Atletiko” 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqlar yayda başlayacaq.

Romero zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq. Argentinalı müdafiəçi bu “futbol ili”ndə 23 oyunda 4 qol vurub.

“Kəpəz” iki futbolçu ilə müqavilə imzaladı

21 April 2026 at 18:24

“Kəpəz” akademiyanın üzvləri Raul İsaqov və Şahnur İsmayılov ilə peşəkar müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə bağlanıb.

16 yaşlı Raul hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edir. 19 yaşlı Şahnur isə yarımmüdafiə xəttində oynayır. İsaqov U-17, U-19 və əvəzedicilər, İsmayılov U-19 və əvəzedicilərdən ibarət komandada çıxış edir.

“Zirə” – “Turan Tovuz”: heyətlər

21 April 2026 at 18:05

“Zirə” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Turan Tovuz”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, saat 19:00-da start götürəcək oyuna komandalar aşağıdakı heyətlə çıxacaq:

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.

Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.

Lukakuya cərimə

21 April 2026 at 17:46

“Napoli” futbolçusu Romelu Lukakunu cərimələyib.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hücumçu klubun daxili qaydalarını pozduğu üçün 150 min avro məbləğində cərimələnib.

Lukaku ötən ay milli komandaların oyunlarına görə yaranan fasilədə Belçikaya gedib və orda fərdi məşqlər edib. Klub onu geri çağırsa da, o, vaxtında İtaliyaya dönməyib.

Lukaku bu mövsüm A Seriyasında 5 oyunda 1 qol vurub. Onun yayda klubdan ayrılacağı gözlənilir.

“Turan Tovuz”un müdafiəçisi “Zirə” ilə oyunu buraxacaq

21 April 2026 at 17:30

“Turan Tovuz” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda bu gün “Zirə” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi görüşə itki ilə çıxacaq. Müdafiəçi Roderik Miller zədə səbəbindən oyunu buraxacaq.

Matç saat 19:00-da start götürəcək.

Komandalar arasındakı ilk oyunda “Zirə” qələbə qazanıb – 2:0.

“Mançester Yunayted” Kazemiroya əvəzləyici tapdı

21 April 2026 at 17:15

“Real”ın futbolçusu Orelyen Çuameni karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. “Qırmızı şeytanlar” yayda komandadan ayrılacağı açıqlanan Kazemironun əvəzinə Çuamenini transfer etmək niyyətindədir.

Yarımmüdafiəçi bu mövsüm 44 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Azərbaycan idmançıları İtaliyada xatirə turnirinə qatılacaq

21 April 2026 at 16:49

24-26 aprel tarixlərində İtaliyada akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turniri keçiriləcək.

Futbolpress.az xəbər verir ki, nüfuzlu beynəlxalq yarışda Azərbaycan Su İdman Növləri Federasiyası Volodimir Morozovun məşqçiliyi ilə 3 nəfərlik heyətlə mübarizə aparacaq.

Komandamızın heyətində perspektivli idmançılar olan Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev mükafatçılar sırasına düşməyə çalışacaq.

Mikelsin durumu sabah dəqiqləşəcək, Şafranko isə…

21 April 2026 at 16:30

“Sabah” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyununda sabah “Qarabağ”la qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın hücumçusu Coy-Lens Mikelsin matçda iştirakı sual altındadır. Çempionatda “Qarabağ”la oyunda zədələnən forvardın durumuna sabah aydınlıq gələcək.

Komandanın digər hücumçusu Pavol Şafranko da görüşü buraxacaq. Uzun müddətdir, zədəli olan slovakiyalı futbolçu hələ fərdi məşq edir.

Sabah keçiriləcək “Sabah” – “Qarabağ” oyununa saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib – 2:2.

Veteranlar arasında Azərbaycan çempionatı keçirildi

21 April 2026 at 16:15

Cüdo üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilib.

Futbolpress.az xəbər verir ki, Abşeron Olimpiya Kompleksində baş tutan yarışda 36 klub və idman cəmiyyətindən 103 usta cüdoçu mübarizə aparıb.

Qeyd edək ki, ölkə çempionatı Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və İdman Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Nəticələri təqdim edirik:

Kişilər
M-1 və M-2 yaş kateqoriyaları üzrə

-60 kq
1. Elşən Dünyamalıyev, M-1 (Umbayev Sport Klub)
2. Musa Əhmədli, M-2 (Neftçi İK)
3. Vaqif İsmayılov, M-1 (Quba CİK)
3. Elşən Allahverdiyev, M-1 (İstək İK)
-66 kq
1. Sadıx Məhərrəmov, M-1 (RKİM)
2. Xəyal Zaliyev, M-2 (Neftçi Sumqayıt)
3. Mirelturan Seyidi, M-1 (FHN)
3. Elbrus Zamanov, M-1 (Qusar)
-73 kq
1. Ruslan Hacıyev, M-1 (Turan İK)
2. Fariz Səfərov, M-1 (Mingəçevir UGİM)
3. Heydər Quliyev, M-1 (Maştağa İK)
3. Nurlan Şeydəbəyov, M-1 (Balaxanı İM)
-81 kq
1. Asim Qulamzadə, M-1 (Aydın Gənclər İK)
2. Natiq Sariyev, M-1 (Fəxri İK Qaradağ)
3. Sahib Əskərov, M-1 (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Hüseyn Heydərov, M-1 (Quba CİK)
-90 kq
1. Coşqun Abdullayev, M-1 (Şabran)
2. Orxan Əskərzadə, M-2 (Kano PİK)
3. Anar Yusifov, M-1 (DİN İC)
3. Mahir Abbasov, M-1 (Judo Club 2012)
-100 kq
1. Elçin Məmmədov, M-2 (Uğur İK Sumqayıt)
2. Rəşad Soltanov, M-1 (DİN İC)
+100 kq
1. Qurban Məmmədli, M-2 (Judo Club 2012)
2. Araz Mehrəliyev, M-1 (DİN İC)
M-2 və M-3 yaş kateqoriyaları üzrə
-60 kq
1. Babək Hacıyev, M-4 (Judo Club 2012)
2. Mənsur Abbasov, M-3 (Yevlax)
3. Elşən Kərimov, M-4 (Uğur İK Sumqayıt)
3. Əli Həsənov, M-3 (Judo Club 2012)
-66 kq
1. Vüqar Babayev, M-3 (Neftçi İK)
2. Qadir İsgəndərov, M-3 (Abşeron OİK)
3. Vüsal Kərimov, M-3 (Uğur İK Sumqayıt)
3. Babək Hüseynov, M-3 (Qusar)
-73 kq
1. İlqar Əliheydərov, M-4 (Neftçi İK)
2. Şıxrəcəb Şıxmuradov, M-3 (Qusar)
3. Emil Qurbanov, M-3 (DİN İC)
3. Elnur Əhmədov, M-4 (RKİM Sumqayıt)
-81 kq
1. Azər Fətullayev, M-3 (DİN İC)
2. Anar Ağayev, M-4 (Uğur İK Sumqayıt)
3. Emil Səmədov, M-3 (Kanokan-TT İK)
-90 kq
1. Hikmət Cəbiyev, M-3 (DİN İC)
2. Oqtay Paşayev, M-3 (DİN İC)
3. Xəqani Kazımov, M-4 (Judo Club 2012)
3. Heydər Əliheydərov, M-3 (Neftçi İK)
-100 kq
1. Emil Hüseynov, M-4 (Uğur İK Sumqayıt)
2. Valeriy Fomin, M-4 (Judo Club 2012)
3. İlqar Ağarəhimov, M-3 (Kanokan-TT İK)
3. Ramil Aslanov, M-3 (Sərhədçi İM)
+100 kq
1. Pərviz Şahbazov, M-4 (Uğur İK Sumqayıt)
2. Elşən Paşayev, M-3 (Kanokan-TT İK)
M-5, M-6 və M-7 yaş kateqoriyaları üzrə
-66 kq
1. Sultan Ağagülov, M-6 (Boz Oğuz İK)
2. Filman Şabiyev, M-5 (DİN İC)
-81 kq
1. Anar Xəlilov, M-5 (Bakı Cüdo Klubu)
2. Natiq Pircanov, M-6 (DİN İC)
-90 kq
1. Emin Həsənov, M-5 (Atilla İK)
2. Əyyub Hüseynov, M-5 (Metallurq Gəncə)
3. Araz Umarov, M-6 (Oğuz)
3. Nazim Əliyev, M-7 (A.A.A.B.M.)
+100 kq
1. Vüqar Bağırlı, M-5 (Judo Club 2012)
2. Tağı Tağızadə, M-6 (Spartak Wrestle Zone)

M-8 yaş kateqoriyası üzrə
-66 kq
1. Çingiz Təhməzov (Boz Oğuz İK)

“Sabah”ın futbolçusu millinin düşərgəsindən ayrıldı

21 April 2026 at 15:45

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Futbolpress.az xəbər verir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.

“UFC Fight Night” Bakıda!

21 April 2026 at 15:30

UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.

Futbolpress.az xəbər verir ki, müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il “UFC Fight Night” tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bu çərçivədə ilk tədbir iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

Bildirilib ki, ötən ilin iyununda Bakı Kristal Zalında keçirilən UFC-nin debüt tədbiri 14 mindən çox tamaşaçını bir araya gətirib:

“Biletlərin tam satılması regionda MMA-ya böyük marağın göstəricisi olub. Las-Veqasda keçirilən görüşdə UFC prezidenti və baş icraçı direktoru Dana Uayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bu uğurun davamı və tərəfdaşlığın gələcək inkişaf imkanlarını müzakirə ediblər”.

UFC rəhbərinin sözlərinə görə, Bakı ziyarət etmək üçün dünyanın ən yaxşı şəhərlərindən biridir:

“Şəhər olduqca gözəldir, burada yaşayan insanlar son dərəcə mehribandır. Ötən il ora səfər edəndə heyran qaldım. Qonaqpərvərlik ən yüksək səviyyədə idi. Azarkeşlər idmana inanılmaz həvəs göstərir, eyni zamanda kifayət qədər məlumatlı idilər. İnsanlar dünyanın hər yerindən gəlib bunu mütləq özləri yaşamalıdırlar”.

Fərid Qayıbov UFC ilə çoxillik tərəfdaşlığın əldə olunmasını Azərbaycanın qlobal idman məkanı kimi mövqeyini möhkəmləndirmək baxımından mühüm mərhələ olduğunu vurğulayıb:

“İlk Avropa Oyunları və “Formula 1″ kimi nüfuzlu tədbirlərə ev sahibliyi təcrübəsinə əsaslanan bu əməkdaşlıq qarışıq döyüş sənətlərinin inkişafını sürətləndirəcək və Azərbaycanla yanaşı, region idmançıları üçün yeni imkanlar yaradacaq. UFC artıq Bakı idman təqviminin mühüm hissəsinə çevrilib və yerli döyüşçülər üçün doğma azarkeşlər qarşısında çıxış etmək imkanı yaradır. Bu tərəfdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyəli idman tədbirləri keçirmək potensialını bir daha sübut edir.”

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev isə ötən il UFC-nin debüt tədbirinin uğurla və tam dolu tribunalarla baş tutmasından sonra tərəfdaşlığı genişləndirərək “Fight Night” tədbirlərinin yenidən Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib:

“Builki tədbirə marağın daha da yüksək olacağı və şəhərə gələn ziyarətçilərin sayının artacağını gözləyirik. Əminik ki, tədbir daha genişmiqyaslı və yüksək səviyyədə keçiriləcək və iştirakçılar üçün unudulmaz təcrübə bəxş edəcək”.

Rosenyor: “Bütün məsuliyyət məndədir”

21 April 2026 at 15:13

“Çelsi”nin baş məşqçisi Liam Rosenyor açıqlama verib.

Futbolpress.az xəbər verir ki, İngiltərə mətbuatına danışan mütəxəssis klubdakı taleyinə toxunub:

“Rəhbərlik mənə dəstək olur. Son dörd oyunumuzu uduzmuşuq. Klubla uzunmüddətli bir layihə düşünmüşük. Düzdür, onlar mənə inanır, ancaq indiki məqamda qarşıdakı oyunlarda yaxşı nəticə əldə etməliyik. Bütün məsuliyyət məndədir”.

“Çelsi” Premyer Liqada 48 xalla 6-cı sıradadır.

“Zirə” Azərbaycan Kubokunda finala yüksəldi

21 April 2026 at 20:58

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, ilk gündə bir qarşılaşma keçirilib. “Zirə” azarkeşləri önündə “Turan Tovuz”u qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.

İlk oyunda 2:0 hesablı qələbə qazanan “Zirə” finala adlayan tərəf olub.

Azərbaycan Kuboku
Yarımfinal mərhələsi, cavab oyunu

21 aprel

19:00 Zirə – Turan Tovuz 0:0
Baş hakim: Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun 2:0

❌
❌