Mundiala dünya çempionu ilə – K qrupuna baxış
ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatı bu gün start götürəcək. “Futbolpress” mundialla bağlı rubrika başladıb – bu müddətdə qrupları, komandaların mundiallardakı çıxışlar və şansları haqda məqalələr dərc edilib.
Ötən yazılarımızda A, B, C, D, E, F, G, H, İ və J qrupunu dəyərləndirdik. İndi isə K qrupuna nəzər salaq:
Qrup K
Kolumbiya
Portuqaliya
Özbəkistan
Konqo
Kolumbiya
“Qəhvəçilər” ləqəbli Cənubi Amerika təmsilçisi tarixində yeddinci dəfə dünya çempionatında mübarizə aparacaq. İlk dəfə 1962-ci ildə mundiala qatılan kolumbiyalılar həmin vaxt qrupdan çıxa bilməyib.
Birinci dəfə iştirak etdiyi mundialda SSRİ yığması ilə matçda 1:4 geridə olmasına baxmayaraq, geridönüş edərək 4:4 hesablı heç-heçə əldə etmişdi. Həmin görüşdə tarixin ən yaxşı qapıçılarından hesab edilən Lev Yaşina birbaşa künc zərbəsindən qol vuran Markos Koll qolkiperə unutmayacağı an yaşatmışdı.
Yığmanın dünya çempionatları tarixindəki ən yaxşı nəticəsi 2014-cü ilə aiddir. Komanda həmin mundialda 1/4 finala qədər irəliləmiş, ancaq Braziliyaya uduzaraq, mübarizəni dayandırmışdı. Dünya çempionatında 6 qolla bombardir olan Xames Rodriqes sonda “Qızıl buts”u qazanmışdı. Onun Uruqvaya vurduğu məşhur qol isə turnirin ən yaxşısı seçilmişdi.

Kolumbiya millisi ilə bağlı neqativ hadisə isə 1994-cü il mundialına aiddir. ABŞ ilə oyunda avtoqol müəllifi olan Andres Eskobar turnirdən qayıtdıqdan sonra Medellində qətlə yetirilmişdi. Bu, tarixin ən faciəli hadisələrindən hesab edilir.
Kolumbiya millisinin heyətinin dəyəri 302.35 milyon avrodur. Komandanın aparıcı üzvü “Bavariya”da çıxış edən Luis Diasdır. Heyətdə Luis Suares, Riçard Rios, Con Lukumi kimi son dönəmlərdə adından söz etdirən futbolçular yer alır.
Kolumbiya millisi mundiallarda:
22 oyun, 9 qələbə, 3 heç-heçə, 10 məğlubiyyət.
Portuqaliya
“Dənizçilər” və ya “Beş qalxanlılar” ləqəbli yığma tarixin ən uğurlu kollektivlərindəndir. Portuqallar 9-cu dəfə mundialda iştirak edəcək. İlk dəfə qatıldığı 1966 dünya çempionatında üçüncü yeri tutan komanda daha sonra bu uğurunu təkrarlaya bilməyib.
Tarixin ən yaxşı futbolçularından hesab edilən Kriştiano Ronaldo millinin simvoludur. Millidə ən çox qol vuran oyunçu ünvanını daşıyan portuqaliyalı ulduz həm də yığma ilə mundiallarda ən çox forma geyinəndir – 22 dəfə. Bu mundial Ronaldonun 6-cı dünya çempionatıdır.

“Futbolun Ronaldoya borcu var” kimi fikirlər Portuqaliya yığmasını mundialın favoritləri arasında göstərilməsinə səbəb olur. 41 yaşlı ulduz böyük ehtimalla sonuncu dünya çempionatında iştirak edəcək bu, o və komanda yoldaşları üçün əlavə çempionluq motivasiyası yaradıb.
Portuqaliya millisi mundiallarda:
35 oyun, 17 qələbə, 6 heç-heçə, 12 məğlubiyyət.
Özbəkistan
Mərkəzi Asiyanın güclü kollektivlərindən sayılan “ağ qurdlar” tarixində ilk dəfə dünya çempionatının əsas mərhələsinə qatılıb. Yığma 1992-ci ildən, SSRİ-nin dağılmasından sonra müstəqil komanda ilə beynəlxalq arenada yarışır.
Komanda müstəqilliyindən iki il sonra Asiya Oyunlarında qızıl medal qazanaraq, tarixinin ən böyük uğuruna nail olub.

Yığmanın heyətində Abdukadir Xusanov (“Mançester Siti”), Eldar Şomurodov (“Başakşəhər”) kimi futbolçular yer alıb.
Özbəkistan millisini keçmiş dünya çempionu Fabio Kannavaro çalışdırır. Mütəxəssisin mundial təcrübəsi yığmanın əsas üstünlüyü olacaq.
Konqo
“Bəbirlər” ləqəbli yığma tarixində ikinci dəfə dünya çempionatında iştirak edəcək. Konqo millisi bundan öncə 1974 mundialına qatılıb və qrupda qalıb. Həmin dövrdə ölkə Zair adı altında çıxış edib. Dünya çempionatında debüt “bəbirlər” üçün uğurlu alınmayıb və komanda hər üç oyunu uduzub. Həmin mundialda komanda Yuqoslaviyaya 0:9 hesabıyla məğlub olaraq ölkə futbolunun ən ağrılı nəticəsinə imza atdı.
Həmin mundialda maraqlı məqam komandanın müdafiəçisi Mvepu İllunqa ilə bağlıdır. Braziliya ilə oyunda cərimə zərbəsi başlanmazdan əvvəl topa qaçan İllunqanın uzun müddət futbol qaydalarını bilmədiyi iddia edilmişdi. Lakin oyunçu daha sonra açıqlamasında bu hərəkətinin siyasi etiraz olduğunu bildirmişdi.

Konqo yığmasının heyətinin dəyəri 143.90 milyon avrodur. Komandada Noa Sadiki (“Sanderlend”), Yoan Vissa (“Nyukasl”), Aaron Van-Bissaka (“Vest Hem”) kimi tanınmış futbolçular yer alır.
Konqo millisi mundiallarda:
3 oyun, 3 məğlubiyyət.
K qrupunun afişası:
17 iyun Portuqaliya – Konqo
18 iyun Özbəkistan – Kolumbiya
23 iyun Portuqaliya – Özbəkistan
24 iyun Kolumbiya – Konqo
28 iyun Kolumbiya – Portuqaliya
28 iyun Konqo – Özbəkistan
Şahin Cəfərov



















