Misli Premyer Liqasında XXXI tura start veriləcək. Açılış oyununda “Zirə” “İmişli”nin qonağı olacaq. Çempion “Sabah” “Kəpəz”i qəbul edəcək. Liqada qalmaq uğrunda mübarizə aparan “Qəbələ” “Qarabağ”la üz-üzə gələcək. “Sumqayıt” “Araz-Naxçıvan”, “Turan Tovuz” isə autsayder “Karvan-Yevlax”la üz-üzə gələcək. Tura “Neftçi” – “Şamaxı” matçı ilə yekun vurulacaq.
8 may
16:30 İmişli – Zirə
Bu mövsümün oyunları: 0:0, 1:1
Son beş oyunda üç qələbə qazanan “İmişli” liqada yerini böyük ölçüdə təmin edib. “Zirə” ilə matçda qazanılacaq xal komandanın elitada qalmasını rəsmiləşdirəcək. Bu mövsüm Qubada keçirdiyi oyunlarda istənilən rəqibə çətinlik yaratmağı bacaran “İmişli” artıq nəticələrinin təsadüfi olmadığını sübut edib.
Görüşün əhəmiyyəti “Zirə” üçün daha böyükdür. Avrokuboklara vəsiqə verən dördüncü yer uğrunda “Neftçi” ilə mübarizə aparan “qartallar” rəqibindən bir xal geri qalır. Rəşad Sadıqovun yetirmələri qarşıdakı üç oyundan maksimum nəticə əldə etməyi arzulayır. “Zirə” liqada dördüncü olsa və kubokun finalında “Sabah”a uduzsa belə, Konfrans Liqasına vəsiqə əldə edəcək. Buna görə, komanda üçün titul qazanmaq necə mühümdürsə, liqada dördüncü olmaq bir o qədər vacibdir.
8 may
19:30 Sabah – Kəpəz
Bu mövsümün oyunları: 1:0, 3:1
Çempionluğunu rəsmiləşdirən “Sabah”da baş məşqçi Valdas Dambrauskasın autsayderlə oyunda rotasiyalara gedəcəyi gözlənilir. Qızıl medallar təmin olunub və mütəxəssis bu səbəbdən qarşıdakı turlarda az oynayan, perspektiv vəd edən gənclərə şans verəcək.
Matç “Kəpəz” üçün daha önəmlidir. Gəncə təmsilçisinin qələbə qazanacağı halda, sonuncu olmayacağı dəqiqləşəcək. Pley-off zonasında əsas rəqib “Qəbələ”nin bu turda “Qarabağ”la oyunu var. Tur “Kəpəz” adına fərqin artması adına fürsətdir. Düzdür, “Sabah”ın evində büdrəməsi ehtimalı azdır, lakin Azər Bağırov istər bu mövsüm, istərsə də bundan öncə komandasından qat-qat güclü rəqiblərlə oyunlarda xallar qazanmağı bacarıb. Bu faktora nəzərən, çempionu “evində” rahat oyun gözləmir.
9 may
17:00 Qəbələ – Qarabağ
Bu mövsümün oyunları: 0:2, 1:2
Mövsümün ən baxımlı futbol sərgiləyən komandalarından olan “Qəbələ” oyununa görə olduğu mövqe üst-üstə düşmür. Hər matçda azı 3-4 real qol şansı yaradan “qırmızı-qaralar”da əsas problem sonluqla bağlıdır. Bəzən təcrübə, bəzən keyfiyyət çatışmazlığı nəticələrin gəlməsinə əngəl olur. Qələbə komandaya hava-su kimi lazımdır. Autsayder “Karvan-Yevlax” fərqi altıya endirib və komandalar növbəti turda bir-biri ilə üz-üzə gələcək. “Qəbələ” bu matçdan xalla ayrılıb, əsas rəqibi ilə duelə daha rahat çıxmağı arzulayır.
“Qarabağ” isə ötən turda “Turan Tovuz”u məğlub etməklə gümüş medalların taleyinə böyük ölçüdə aydınlıq gətirdi. Bu, “Qəbələ” üçün əlavə şansdır və heyətdə ciddi itkiləri olan “atlılar”ı büdrətmək bu dəfə daha real görünür.
9 may
19:30 Sumqayıt – Araz-Naxçıvan
Bu mövsümün oyunları: 0:1, 3:2
Sumqayıtda liqada iddiası qalmayan iki kollektivin dueli olacaq. “Sumqayıt” son matçlarda toparlanmış görünsə də, ötən turda “Kəpəz”lə matçda meydanı xalsız tərk etdi. “Kimyaçılar” azarkeşləri önündə oynayacaq və mövsümü yaxşı əhvalda bitirməyin planlarını qurur.
“Araz-Naxçıvan” isə Demçenkonun gəlişindən sonra qeyri-stabil nəticələrlə diqqət çəkir. Komanda hələ oyununu tapa bilməyib. “Sumqayıt”la matçda da favorit məhz rəqibdir. Demçenko klubdakı işini itirməmək üçün növbəti üç oyunda maksimum nəticə qazanmalıdır. Əks halda, yayda onunla da yollar ayrılacaq.
10 may
17:00 Turan Tovuz – Karvan-Yevlax
Bu mövsümün oyunları: 1:0, 2:1
Tovuz təmsilçisi demək olar, “üçlüy”ü təmin edib. Dördüncü pilədəki “Neftçi”dən altı xal öndə olan tovuzluların qarşıdakı üç matçda bu fərqi qapayacaq itkilərə yol verməsi ehtimalı çox azdır. Azarkeşləri önündə daha yaxşı futbol sərgiləyən “Turan Tovuz” görüşün favoritidir.
Matçın autsayder “Karvan-Yevlax” üçün əhəmiyyəti daha böyükdür. Komanda bu tur məğlub olsa və “Qəbələ” “Qarabağ”la matçdan xal qazansa, yevlaxlıların elitanı tərk edəcəyi dəqiqləşəcək. Şanslarını saxlamaq istəyən autsayder mütləq qələbə hədəfi ilə meydana çıxacaq.
10 may, 19:30 Neftçi – Şamaxı
Bu mövsümün oyunları: 2:2, 1:1
Son turlarda qazandığı xallarla turnir cədvəlində dördüncü pilləyə yüksələn “Neftçi” avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır. “Zirə”dən bir xal öndə olan “ağ-qaralar” üçün xal itkisi yolverilməzdir. Düzdür, komandanın taleyi özündən asılı deyil, dördüncü olsalar belə, kubokun finalında “Sabah”ın titulu qazanmasını gözləməli olacaqlar. “Neftçi” qalan hər matçdan maksimum nəticə qazanıb, şansını sona qədər saxlamaq niyyətindədir.
“Şamaxı”nın isə iddiası qalmayıb. Ayxan Abbasov komandada son mövsümünü keçirir və ili pozitiv notlarla başa vurmaq arzusundadır. Səfərdə “Neftçi” üzərində qazanılacaq xal və ya xallar mütəxəssis üçün əlavə prestij olacaq.
Şahin Cəfərov