“Sabah” 2018-də Premyer Liqaya yüksələndən bu başlığı “sıxırdım”. Murad Musayevin dönəmində vəziyyət buna çox yaxın idi, lakin alınmadı. Dedim, tələsməyim, bunun öz zamanı var…
“Qarabağ”la oyun bu başlığı nəhayət, əmələ gətirdi.
Çox yaxşı oyun, çox ağıllı taktiki yanaşma və dayanıqlı irəliləyiş vəd edən oyun nümayiş etdirən “futuristlər” Valdas Dambrauskasla “level” adlatmasını gerçəkləşdirə bilərlər.
Bu “Sabah” ildən-ilə təkmilləşmə keçmiş, səhvlərdən təcrübə toplamış yetkin kluba, sistematik komandaya bənzəyir. Məsələn, “Qarabağ” haqda, “klub yox, komandadır” ifadəsini işlədirik, lakin “Sabah” elə tipik klubdur.
Sırf öz dəsti-xətti, imici, öz yanaşmaları olan klub kimi bişdi, yetişdi.
Təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edib liderlik kürsüsünü ələ keçirdi. Gələn tur “Sumqayıt”ı da məğlub edə bilsə, “qış çempionu” olacaq…
***
“Qarabağ”la oyunda hesabda geri düşən “bayquşlar” panikaya düşmədi, oyun nizamında xaos yaranmadı. Dinamikanı aşağı salmadan oynadılar və psixoloji möhkəmlik sayəsində qocaman dominantı üstələməyi bacardılar.
“Sabah”ınkı təsadüfi sıçrayış deyil, illərlə gedilən yolun məntiqi nəticəsidir. Bu klubun yeganə narahatlıq yaradan əlaməti emosional disbalans ehtimalıdır. Bəzən hər şey yaxşı gedərkən ani eniş, “tektonik çat” yaranır. Bu dəfə bu mərəz kontrol edilə bilsə, əlamətlər göstərir ki, “Sabah” daha diri/gümrah heyətə malikdir və uzun marafona dözümlülük baxımından ən ümidverici komandadır.
Oyundan sonra Qurban Qurbanov:
– “Sabah” bu oyun, heyətlə Avropada nəsə edə bilər?
– Bugünkü “Sabah” bəli. Çempionluğa oynayırlarsa, Avropada nə üçün nəticə verə bilməsinlər? Hamımız buna sevinərik. “Sabah”ın Avropa təcrübəsi olan məşqçisi də var. Onlar addım-addım yaxşı işlər görürlər.
Elçin Cəlilov