Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək. İlk gündə “Turan Tovuz” “Araz-Naxçıvan”ın, “Neftçi” isə “Zirə”nin qonağı olacaq. Autsayder “Karvan-Yevlax” “Şamaxı”nı, “Kəpəz” “İmişli”ni qəbul edəcək.
Turun mərkəzi görüşündə lider “Sabah” “Qarabağ”la üz-üzə gələcək. Tura “Sumqayıt” – “Qəbələ” matçıyla yekun vurulacaq.
17 aprel, 17:00 Araz-Naxçıvan – Turan Tovuz
Turun açılış oyunu Sumqayıtda, “SOCAR Palymer Arena”da keçiriləcək. “Liv Bona Dea Arena”nın təmirə bağlanması səbəbindən ev oyunlarını müvəqqəti olaraq burda keçirən “Araz-Naxçıvan”ın rəqibi “Turan Tovuz” olacaq.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Naxçıvan təmsilçisinin şansları riyazi olaraq qalır. Bu turda qazanılacaq qələbə və “Zirə” – “Neftçi” matçının heç-heçə bitməsi komanda üçün fürsət ola bilər.
Ötən tur “Sumqayıt”ı məğlub edən “Turan Tovuz” isə ikinci pilləyə “göz dikib”. “Qarabağ”la arada 4 xallıq fərq var. “Atlılar”ın qarşıda “Sabah” və “Neftçi” ilə ardıcıl duelləri olacaq və tovuzlular bu vəziyyətdən yararlanmaq niyyətindədir.
17 aprel, 19:30 Zirə – Neftçi
Turun maraqla gözlənilən qarşılaşmalarından biri Zirədə baş tutacaq. Ardıcıl 4 qələbə qazanan və avrokubok zonasına yaxınlaşan “Neftçi” burda dördüncü pillənin sahibi “Zirə”nin qonağı olacaq. Tərəflər arasında xal fərqi minimumdur.
Son oyunlarda yaxşı formada olan “Neftçi” rəqibindən bir addım öndə görünür. Lakin “Zirə” çempionatda intizamlı oyunu və etibarlı müdafiəsi ilə seçilən komandalardandır. Rəşad Sadıqovun yetirmələri rəqibini öz meydanında qəbul edib, sürətli əks-hücumlarla şanslarını yoxlayacaq. Əks halda, “Neftçi”yə qarşı açıq oyun komanda üçün baha başa gələ bilər.
18 aprel, 15:30 Karvan-Yevlax – Şamaxı
Mövsümdə ikinci qələbəsini ötən oyunda qazanan Yevlax təmsilçisində elitada qalmaq ümidləri yenidən artıb. Düzdür, 11-ci pillədəki “Qəbələ” ilə xal fərqi 8-dir və qarşıdakı 6 oyunda bunun qapanacağı inandırıcı görünmür. Lakin ümidlər sonda ölür və autsayder hər şansdan maksimum yararlanmağa çalışacaq.
“Şamaxı” isə son iki oyunda ardıcıl olaraq “Zirə” və “Qarabağ”dan xal qoparmağı bacarıb. Ayxan Abbasovun yetirmələri liqada mövqeyini möhkəmləndirib və mövsümün sonuna qədər daha üst sıralara yüksəlmək niyyətindədir. Mütəxəssisin yayda klubdan ayrılacağı gözlənilir və o, vidanı pozitiv notlarla etmək arzusundadır.
18 aprel, 19:00 Qarabağ – Sabah
Turun, bəlkə də, mövsümün ən vacib görüşü Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Lider “Sabah” səfərə 10 xallıq üstünlüklə yollanır. “Bayquşlar” üçün heç-heçə də sərfəli nəticə sayılır.
Komandaları müqayisə edəndə daha rahat tərəf məhz “Sabah”dır. Məğlubiyyət belə fərqi 7-yə endirəcək və yenə hər şey “Sabah”ın özündən asılı olacaq.
Tərəflər arasında bu arenada baş tutan son oyun kubok matçına təsadüf edib və qollu bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Qarabağ”ın “Sabah”a qarşı ev sahibi olduğu son iki matçda 10 qol vurulub və qalib müəyyənləşməyib – 2:2, 3:3.
Görüş “Qarabağ” üçün həlledici olacaq. Son illərin dəyişməz çempionu taxtından salınıb və yenidən zirvəyə qayıtması çətin görünür. Lakin “Sabah” üzərində inamlı qələbə komandanı motivasiya edə, rəqibi isə ruhdan sala bilər. Bu baxımdan “Qarabağ” bütün şanslarından maksimum yaralanmağa çalışacaq.
19 aprel, 15:30 Kəpəz – İmişli
“Qarabağ” qələbəsindən sonra ardıcıl iki məğlubiyyət yaşayan “Kəpəz” azarkeşlərini sevindirməyə çalışacaq. Gəncə təmsilçisi sonuncu pillədən 10 xal öndədir. 11-ci sıradakı “Qəbələ”ni isə iki xal üstələyən “sarı-göylər” bu turda qalib gəlməklə pley-off təhlükəsini müvəqqəti də olsa uzaqlaşdırmaq niyyətindədir.
“İmişli”nin isə aktivində 26 xal var. Ötən tur “Qəbələ” ilə oyunda vacib qələbə qazanan bölgə təmsilçisi liqadakı yerini böyük ölçüdə təmin edib. Jorj Kaşkilyanın yetirmələri “Kəpəz”i də məğlub edəcəyi halda, sonuncu olmayacaqları dəqiqləşəcək.
19 aprel, 19:00 Sumqayıt – Qəbələ
“Sumqayıt”da işlər yolunda getmir. Sıralanan xal itkiləri komanda haqda ancaq neqativ fikirlər yaradır. Birinci dövrədə “üçlük”də yer alan, qışdan sonra ciddi eniş yaşayan “kimyaçılar” 12 oyundur, qələbə qazana bilmir. Ötən turda “Turan Tovuz”la matçın (1:2) ikinci hissəsində əvvəlki oyunlarla müqayisədə daha yaxşı təsir bağışlayan “gənclik şəhəri” təmsilçisi qələbəsizlik seriyasına son qoymaq istəyir. “Sumqayıt” bu dəfə azarkeşləri önündə oynayacaq və “12-ci adamın” dəstəyi komanda üçün əlavə güc rolunu alacaq.
“Qəbələ” isə pley-off zonasından qurtulmağın yollarını axtarır. Rəqibləri “Kəpəz” və “İmişli” bu tur bir-biri ilə qarşılaşacaq və bu görüş “qırmızı-qaralar” üçün əlavə şans yaradacaq. “Sumqayıt” səfərində qazanılacaq qələbə komandanı 10-cu sıraya yüksəldə bilər. Bunun üçün isə “Kəpəz” məğlub olmalıdır.
Gəncəlilərin oyunu daha tez olacaq və xal itkisi “Qəbələ”yə qələbə üçün əlavə stimul verəcək.
Şahin Cəfərov