Dambrauskas: “Komandam səviyyəsindən aşağı çıxış etdi”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Qəbələ”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Masazırda baş tutmuş ilk oyunu qolsuz bitib – 0:0.
Valdas Dambrauskas matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çox çətin bir oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.
Biz hər oyunda qalib gəlmək istəyirik. Bu matçda komanda öz səvviyəsindən çox aşağı çıxış etdi. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil. “Qəbələ” bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan etibarən səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik.
Bu gün meydana çıxmış start heyətimizi zəif adlandıra bilmərik. Stefen Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. Hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdülər.
Bizim üçün gələcəkdə nələr baş verəcək, bunu bilmirik. Mənim üçün növbəti matç prioritetdir. Biz heç nəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm”.











