“Onlar “Qəbələ”ni belə görmək istəmirlər” – Sxadadze
Misli Premyer Liqasının XXVII turunun “Qəbələ” – “İmişli” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– “İmişli” böyük qüvvə ilə müdafiə olunan komandadır. Rəqib səhv edən kimi bundan isitfadə edirlər. Fərdi bacarıqları olan oyunçuları var. Təəssüf ki, standartdan səhv etdik və qol vurdular. Topa nəzarət edir, rəqibin cərimə meydançasına daxil olurduq. Sadəcə sonluq çatmırdı. Bu baxımdan problem var idi. Azarkeşlər narahat olur, başa düşürük. Onlar “Qəbələ”ni belə görmək istəmirlər. Premyer Liqada qalmağa çalışmalıyıq. “Kəpəz”lə oyunda necə oynadığımızı gördünüz. Bu gün isə qapıya düşə bilmədik, sonluq çatmadı. Rəqibin standart vəziyyətlərdən yaxşı istifadə etdiyini bilirdik. Bunun qarşısını ala bilmədik.
– “İmişli”nin öz stadionu yoxdur, Qubada oynayır. Amma öz meydançasında oynayan “Qəbələ”dən üst sırada qərarlaşıblar. Nə üçün belədir?
– Səhvlərimizin nədə olduğunu bilirik. Problemimiz indi yox, komanda liqadan düşəndə başlamışdı. I Liqada 17 xal fərqiylə çempion olduq. Ya komandanı tamamilə dağıtmalıydıq, ya da… I Liqada oynayanları saxlamalıydıq, dağıtmaq düzgün olmazdı. “Qəbələ”nin ambisiyaları var. Bir neçə il əvvəl avrokuboklarda oynayan komanda indi liqada qalmağa çalışır. Bu gün kimsə desə ki, “İmişli” bizdən yaxşı oynadı, razılaşmaram. Birinci Liqada olan komandanın 95 faizini qorumuşuq. Çünki bu uşaqlar əziyyət çəkiblər. İndi də oyunumuzla layiq olduğumuz yerdə deyilik. Bir az da bəxt gətirmir. Futbolçular çalışır. Bir şeyə söz vermişiksə, arxasında durmalıyıq. Mübarizəmizi sona qədər davam etdirməliyik.
Şahin Cəfərov