“Sabah” Azərbaycan Premyer Liqasının 16-cı turunda “Sumqayıt”ı məğlub (3:1) edərək, qış fasiləsinə qış çempionu kimi yollandı.
Komandanın serbiyalı yarımmüdafiəçisi Velko Simiç Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– “Qarabağ” üzərində qazanılan 2:1 hesablı qələbə və liderliyə yüksəlmək komandada hansı emosiyaları yaratdı?
– Bu, bizim üçün böyük bir addım idi. Bu qələbə yüksək səviyyədə rəqabət apara biləcəyimizin sübutu idi. Ancaq komanda olaraq hər birimiz başa düşürük ki, bu, yalnız bir qələbədir. Qarşıda bizi uzun mövsüm gözləyir.
– “Qarabağ”la təxirə salınmış oyunda belə güclü rəqibi məğlub etmək “Sabah”ın çempionluq iddiasını nə dərəcədə gücləndirdi?
– İnsanların bizi bu yarışda görməsi xoşdur, amma çempionluq barədə danışmaq üçün hələ tezdir. Yol uzundur. İndi əsas çağırışımız mövsümün sonuna qədər sabitliyi qorumaqdır.
– “Sumqayıt”la oyunda iki qol vurdun. Həmin matçı karyeranda xüsusi edən nəsə oldu?
– Tam səmimi deyim, xüsusi heç nə. Yeni üç xal, yeni hədəflər. Oyunları xüsusi edən yekunda qazanılan nəticədir.
– Qış fasiləsinə qış çempionu statusu ilə yollanmaq futbolçulara psixoloji baxımdan hansı üstünlükləri verir?
– Bu, son 4–5 ay ərzində çox çalışdığımızın sübutudur. Amma növbəti mərhələdə daha da yaxşı olmalıyıq.
– Səncə, “Sabah”ın bu mövsüm uğurlu çıxışının əsas səbəbi nədir?
– Yaxşı oyunçu qrupu, güclü xarakter, məşqçilər heyətinin düzgün rəhbərliyi və klub daxilində yaxşı təşkilatlanma.
– Azərbaycan çempionatını necə dəyərləndirirsən? Buradakı oyun tempi və rəqabət səviyyəsi səni qane edir?
– “Sabah” çox intensiv və hücumameyilli futbol oynayır, çox qaçırıq. Bəli, tempdən razıyam. Çempionatda rəqabət yaxşıdır. Hər bir oyun çətin keçir.
– Serbiyadan gələn biri üçün Azərbaycana uyğunlaşma prosesi necə keçdi? Hansısa çətinliklərlə üzləşdin?
– Mən bura Türkiyədən gəlmişəm (“Sivasspor”dan icarə əsasında “Sabah”a qoşulub – red.), Serbiyadan yox. Şəhərə, ölkəyə və liqaya uyğunlaşma çox asan oldu. Artıq demək olar, bu prosesi geridə qoymuşam.
– Mövsümün qalan yarısı üçün şəxsi hədəflərin nələrdir?
– Şəxsi hədəflərim inkişafa davam etmək və qol, həmçinin, məhsuldar ötürmələrlə komandaya töhfə verməkdir. İnanıram ki, mövsümün sonunda komanda olaraq hədəflərimizə çata biləcəyik.
Fəxri Rüstəmli
The post Serbiyalı futbolçu “Sabah”ın uğurlu çıxışının “sirr”ini açıqladı – MÜSAHİBƏ appeared first on Komanda.az.