“Araz-Naxçıvan”ın qış nağılı
Fəxri Rüstəmli
Azərbaycan futbolunda artıq alışdığımız bir “ənənə” var: baş məşqçi göndəriləndə klubun rəsmi bəyanatında mütləq “qarşılıqlı razılaşma əsasında yollar ayrıldı” ifadəsi yer alır. Bu dəfə də istisna olmadı. Ancaq fərq ondadır ki, “Araz-Naxçıvan”ın artıq sabiq sayılan baş məşqçisi Elmar Baxşıyev bu yalanı açıq şəkildə ifşa etdi.
Baxşıyevin açıqlaması klubun yaydığı rəsmi bəyanatı faktiki olaraq darmadağın etdi. Klub “nəticələr qeyri-qənaətbəxş olduğu üçün qarşılıqlı razılaşma əsasında yolları ayırdıq” desə də, mütəxəssisin sözləri göstərir ki, burada nə qarşılıqlı razılıq olub, nə də peşəkar yanaşma. Sadəcə, məşqçini çağırıb “artıq səninlə işləmək istəmirik” deyiblər və mövzu bağlanıb. Bu qədər.
Halbuki, söhbət sıradan bir məşqçidən getmir. Məhz Elmar Baxşıyevin rəhbərliyi altında “Araz-Naxçıvan” tarixində ilk dəfə ötən mövsüm avrokuboklara vəsiqə qazandı. Üstəlik, komanda Konfrans Liqasında iştirak etməklə kifayətlənmədi, mərhələ də keçərək Azərbaycan futbolu adına müsbət imic formalaşdırdı. Bu, Naxçıvan təmsilçisi üçün tarixi nailiyyət idi və həmin uğurun memarı da məhz bu gün “nəticələr qeyri-qənaətbəxşdir” damğası vurulan baş məşqçi oldu.
Cari mövsümə baxdıqda isə vəziyyət heç də klubun təqdim etdiyi kimi dramatik görünmür. “Araz-Naxçıvan” turnir cədvəlinin üst sıralarında, 3-cü pillədə qərarlaşan komandanın arxasındadır və aradakı xal fərqi elə də uçurum səviyyəsində deyil. Mövsümün hələ davam etdiyi, qarşıda xeyli oyun olduğu bir məqamda “nəticələr qeyri-qənaətbəxşdir” bəhanəsi inandırıcılıqdan uzaq təsir bağışlayır.
Daha acınacaqlısı isə müqavilə məsələsidir. Elmar Baxşıyevin sözlərinə görə, onun müqaviləsinin müddəti mövsümün sonunadək – mayın axırılarına qədər qüvvədə olub. Amma klub nəinki kompensasiya ödəyib, hətta bu mövzunu müzakirə etməyə belə, ehtiyac görməyib. Ardınca isə ictimaiyyətə “qarşılıqlı razılıq” nağılı danışılıb. Bu, artıq sadəcə etik problem deyil, açıq-aşkar məsuliyyətsizlikdir.
Peşəkar klub belə davranmaz. Peşəkar klub bağladığı müqaviləyə hörmət edər, qərarının məsuliyyətini daşıyar və ictimaiyyəti aldatmağa çalışmaz. “Araz-Naxçıvan” isə bu davranışı ilə göstərdi ki, problem nəticələrdə yox, idarəçilikdədir. Həmin idarəçi ki, heç klub rəhbərliyində rəsmi olaraq qeydiyyatda belə, deyil.
Nəticələr doğrudan da qeyri-qənaətbəxş idisə, bunu açıq deməkdən, məşqçini rəsmi qaydada işdən azad edib, müqavilə şərtlərinə uyğun kompensasiya ödəməkdən niyə qorxurduz? Niyə həqiqəti demək əvəzinə, ucuz bəyanatla məsuliyyətdən yayınmağa çalışdız?
Bu cür addımlar nə kluba hörmət qazandırır, nə də Azərbaycan futboluna. Əksinə, “Araz-Naxçıvan” bir daha sübut etdi ki, problem təkcə meydanda yox, kabinetlərdədir. Elmar Baxşıyevin açıqlaması isə bu qeyri-peşəkar yanaşmanın üzərindəki pərdəni qaldırdı.
The post “Araz-Naxçıvan”ın qış nağılı appeared first on Komanda.az.