Məhəmməd Salah “Liverpul”u tərk edəcəyini açıqladı
“Liverpul”un misirli cinah hücumçusu Məhəmməd Salah cari mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb:
“Təəssüf ki, bu gün gəldi. Bu, vidamın ilk hissəsidir. Mövsümün sonunda “Liverpul”dan ayrılacağam. Bu klubun, bu şəhərin, bu insanların həyatımın nə qədər vacib bir hissəsinə çevriləcəyini heç vaxt təsəvvür etməmişdim. “Liverpul” bir futbol klubundan daha çox şeydir; onun ehtirası, tarixi və ruhu var. Bunu sözlə izah edə bilmərəm. Mən həmişə sizdən biri olacağam. Bu klub həmişə mənim evim olacaq” – deyə Salah qeyd edib.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Amma futbolçu cari mövsümün sonunda ayrılmaq istədiyi üçün klub onun gedişinə razılıq verib.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində 34 oyuna çıxıb, 10 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 435 oyun, 255 qol, 122 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 113 oyun keçirib, 65 qol vurub və 35 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.
