Çixradze: “Neftçi”yə uduzmağa layiq deyildik”
“Qəbələ”nin məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 19-cu turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Georgi Çixradze matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Maraqlı və dinamik oyun oldu. Bilirdik ki, “Neftçi” matçın əvvəlində sürətli oynayacaq. İlk 15 dəqiqədə sürətdə geri qaldıq. Rəqib oyuna aqressiv başladı. Nəticədə qol buraxdıq. Amma bundan sonra çox yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə bizim qol vəziyyətlərimiz oldu. Elə epizodlar idi ki, bilmirəm onları necə əldən verdik. Amma bu, futboldur, belə hallar olur. Mənə elə gəlir ki, məğlubiyyətə layiq deyildik.
Prins Ovusu gənc oyunçudur, öz üzərində işləyir, inkişaf edir. Premyer Liqada ilk mövsümüdür. Onun məğlubiyyətə görə bu qədər məyus olmasını başa düşmək olar.
Rza Cəfərovu daha əvvəldən transfer etmək istəyirdik. Həmin vaxt alınmadı. Gənc futbolçudur. Ona böyük ümidlər bəsləyirik. Rzanın potensialına bələdik. “Sabah”la kubok matçını yaxşı keçirmişdi. Ona görə bu gün qapıda Rzanın dayanacağını planlaşdırmışdıq”.













