Mahir Emreli: “Baş məşqçi məndən razıdır”
Futbol üzrə Azərbaycan millisinin və “Kayzerslautern”in Mahir Emreli Almaniyanın “Treffpunkt-betze” nəşrinə açıqlama verib.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu 2-ci Bundesliqanın 26-cı turunda “Karlsrue” ilə oyunda qol vurması barədə danışıb:
“Azarkeşlər çoxlu mesajlar göndərdilər, mənə inandıqlarını göstərdilər. Derbi atmosferi digər matçlardan fərqlidir. Baş məşqçi ilə yaxşı münasibətim var. Zədəli olanda komandadan bir az uzaqda qaldım. Baş məşqçidən daha çox oyun vaxtı qazanmaq üçün nə edə biləcəyimi soruşdum. O, məşqdəki çıxışlarımdan razıdır. Cəmi 5 dəqiqə oynasam belə, əlimdən gələni edirəm və özümü sübut etməyə çalışıram”.
Sözügedən qarşılaşmada komandasının sonuncu qoluna imza atmış Mahir onun üçün emosional an olduğunu vurğulayıb:
“Çünki son bir neçə həftə və ay çətin dövr oldu. Belə qarşılaşmada, fantastik atmosferdə ilk qolumu vurmaq (“Kayzerslautern” forması ilə 2-ci Bundesliqada) məni çox xoşbəxt edir. Xüsusən də zədə səbəbindən yaranan uzun fasilədən sonra”.
Xatırladaq ki, “Kayzerslautern” “Karlsrue”ni 3:0 hesabıyla məğlub edib. 83-cü dəqiqədə meydana çıxmış Mahir Emreli 90+4-cü dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, onun Almaniya klubunun heyətində 9-cu oyunda 2-ci qoldur.





