“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, ilk oyunda 2:2 hesablı bərabərliyə razılaşmış komandaların bu gün Masazırda baş tutmuş görüşü “Qarabağ”ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Sabah”ı təbrik edirəm. Öz futbolçularıma təşəkkürümü bildirirəm. Emosional oyun alındı. İnanıram ki, hər bir azarkeş oyundan zövq aldı.
Penalti epizodu ilə bağlı mənim fikir bildirməyim fərqli alınar. Topun ələ dəydiyini yaxından da, uzaqdan da görmək olurdu. Açıq əl idi. Düzdür, son saniyədə belə epizodun olması mübahisələrə gətirib çıxarır. Bəzən mən belə fikirlər deyəndə bildirirlər ki, rəqibin qələbəsinə kölgə salır. Amma qətiyyən belə deyil. “Sabah” haqq etdiyə qələbəni qazandı. 2:2 olsaydı da, yenə 10 nəfərlə oynayacaqdıq. Daha 30 dəqiqə oynamaq üçün əlavə güc lazım idi. Amma mən epizodu penalti kimi gördüm. Belə epizodlarda VAR-a baxılsa, yəqin hansısa problemlər olar. VAR-a gedirsənsə, 90 faiz fikrini dəyişməlisən. Çünki boşuna çağırmayıblar. Bilmirəm. Hakimlik məndən uzaq sahədir. Yəqin açıqlama verəcəklər. VAR sistemi fərqli qurumdur.
Mateus Koxalskiyə verilən qırmızı vərəqə epizoduna da baxdım. Yəqin, məni hamı, həm siz, həm qarşı tərəf səmimi qəbul edər. Rəvan Həmzəzadəyə ilk hissədən sonra yaxınlaşdım, dedim ki, bu, sənə, sənin hakimliyinə yaraşmayan “qırmızı” idi. Bu cür oyunda belə qırmızı vərəqə vermək çox sərt qərardır. Məncə, ağır qərar idi. Yenə də Rəhim Həsənovu gözləyək. Amma orada qırmızı vərəqə yox idi. “Sarı” versə, daha ədalətli olardı. Biz məşqçilər də səhvlər edə-edə böyümüşük. Çox istəyirəm ki, hakimlər haqda bu qədər neqativ danışılmasın. Hakimlik də səhvlərdən böyüməlidir. Bəlkə, gələcəkdə Avropada bir oyunda bu səhvi xatırlayıb, elə qərar verəcək ki, hamı ondan yaxşı danışacaq. İnsanı böyüdən səhvlərdir. Bu hallar olur. Normal qəbul etmək lazımdır”.
“Hakimlər “başlarını itiriblər”
Qurban Qurbanov matçın sonunda yaşananlara və hakimliklə bağlı səhvlərin artmasına da toxunub:
“Dava-dalaşı görmədim. Səs-küy var idi. Amma kiminsə kimisə vurduğunu görmədim. Bəzən belə emosiyalar futbolu daha da gözəlləşdirir, intriqanı artırır. Nadir hallarda belə anlar olur. Bu, futbolun silinməyən tərəflərindəndir. UEFA Çempionlar Liqasının finalında, dünya çempionatında da bəzən belə şeylər görürük.
İntriqaların əksəri hakimlərin qərarlarından sonra baş verənlərdir. Hakimlərə o qədər basqı olur ki, bilmirlər özlərini necə idarə etsinlər. Bəzən epizodu düzgün təhlil etməkdə çətinlik yaşayırlar. Hərəsi bir cür fikir bildirəcək. Pis çıxmasın, hakimlərin durumuna yazığım gəlir. Düşünürlər ki, birdən səhv qərar verərəm, həyəcanları yüksək olur. Həyəcan olan yerdə səhv də olacaq. Məncə, bu ili sakit formada başa vurmalıyıq. Bu matçda komandamın xarakterini, döyüşkənliyini gördüm. Çempionlar Liqasındakı son oyunumuzdan sonra bunu axtarırdım. İstəyirdim ki, komandamda bu ruhu yenidən görüm. İnamı geri qaytarmaq üçün böyük səbəb oldu. Hakimlər də ili yaxşı başa vursalar, yaxşı olar, yeni mövsümdə daha diqqətli olarlar. Hər biri özümüzünküdür, azərbaycanlılardır. İstərdim ki, özlərini meydanda daha inamlı hiss etsinlər. Biz məşqçilər, komandalar onların yanındayıq. Sadəcə, basqı onları səhvlərə aparır. Bir mütəxəssis kimi görürəm ki, səhvlər çoxdur.
Hakimlərimizin potensialı çoxdur. Üzülürəm ki, potensiallı hakimlərimiz belə texniki səhvlər edirlər. Bu il sanki hakimlər üçün kabusdur. İllərdir onların qərarlarını görmüşük. Qaydalar da dəyişir. Oxşar epizodlarda fərqli fikirlər olur. Yəqin, məni cərimə etməzlər. Sanki hakimlər “başlarını itiriblər. Pozitiv yanaşaq yenə də”.
“Fanatlarımızın üzülməsinə ehtiyac yoxdur”
Qurban Qurbanov “Qarabağ”ın cari mövsümü titulsuz başa vurmağa yaxın olması ilə bağlı ehtimallara da münasibət bildirib:
“Dünya futbolunda da belə hallar olur. Mən “Qarabağ”da olanda bir il avrokuboklara getmədik. 2021-ci ildə də titulsuz qalmışdıq. Belə hallar olur. Ümumiyyətlə Çempionlar Liqası bizi çox yordu. Belə deyək, “suyumuz çıxdı”. Avropadakı böyük komandalara baxsaq, çoxunda eyni situasiyadır. Məsələn, “Liverpul” keçən il əvvəl bir nəfəsə çempion olmuşdu, amma bu gün enişdədirlər. Çempionlar Liqası elədir ki, bir addım irəli gedəndə həyəcan, psixoloji yorğunluq daha artır. Dünya futbolunda belə təcrübələr çoxdur. Düzdür, ola bilsin, Premyer Liqaya çox yaxşı köklənə bilmədik. Fikrimizi Çempionlar Liqasına yönəltmişdik. Ser Aleks Ferqyusonun sözü var, komandanın zirvədə qalması 3-4 il olur. Biz şükürlər olsun, daha çox qaldıq. Arada bir il çempion olmadıq. Məsuliyyətimizi başa düşürük. Futbolçular insandır, robot deyillər. Ciddi bir narahatlığım yoxdur. İşin içindəyəm və çatışmayan şeyləri bilirəm. Ola bilsin, gələn il də çatışmazlıqlar olsun. Bunlar normaldır. Bu, o demək deyil ki, bacarmayacağıq. Ruhdan düşmürük. Hər komanda illərlə çalışır, titul qazanmaq, böyük turnirlərdə oynamaq istəyir. İntriqa böyüyür. Qarşıdakı mövsümlər daha maraqlı olacaq. Buna ancaq sevinirəm. Digər komandaların artırması ilə intriqa böyüyür. Ölkə futbolu bir komanda ilə böyüməz. Normal qəbul etməliyik. Futbolda hər cür emosiyalar olur. “Sabah”a qarşı keçirdiyimiz son oyunlar maraqlı alındı, azarkeşlər zövq aldılar. Fanatlarımız üzüldülər, amma, buna ehtiyac yoxdur. Azarkeşlərimiz yıxılanda da, qalxanda da yanımızda olublar. Belə oyunlar həmişə ailəni möhkəmləndirir”.