Dambrauskas: “Bu, bizim üçün tarixi fürsətdir”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Zirə”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah “Neftçi Arena”da üz-üzə gələcəklər.
Bu gün Dambrauskas final matçından öncə təşkil edilmiş mətbuat konfransına qatılıb. Litvalı mütəxəssis həlledici matçda qələbə qazanacaqlarına inandığını söyləyib:
“Ardıcıl ikinci dəfədir ki, kubokun finalında iştirak edəcəyik. Səbrsizliklə sabahkı matçı gözləyirik. İstəyimiz mövsümü iki titulla bitirməkdir. “Zirə”ni də təbrik etmək istəyirəm. Çünki onlar da finala qədər irəliləyiblər. Maraqlı görüşün keçəcəyinə inanıram. Bütün azarkeşləri stadiona dəvət edirəm”.
“Sabah”ın baş məşqçisi tarixi görüşə çıxacaqlarını vurğulayıb:
“Bu matç mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu, bizim üçün tarixi fürsətdir. Qızıl dubl etsək, klubun adını tarixə yazdırmış olacağıq. Bu görüşdə istənilən nəticə ola bilər. Penaltilər seriyası üzərində işləməmişik. Keçmişdə bir necə kubok finalı görmüşəm. Mənim üçün finalda çıxış etmək təcrübə qazandırmır. Təcrübə hər gün məşqlərdə qazanılır. İnanıram ki, sabahkı görüşdə layiqli komanda qələbə qazanacaq. Çox istəyirəm ki, “Zirə” ilə görüşdə həyəcan olsun, matç gərgin mübarizə şəraitində keçsin”.
Valdas Dambrauskas üzərlərində böyük təzyiq olmadığını bildirib:
“Sizə taktiki gedişlərlə bağlı ətraflı məlumat versəm, marağı qalmaz. Cari mövsümdə “Zirə” ilə 3 dəfə qarşılaşmışıq. İnanın, onların əvvəlki matçlarda hansı taktika ilə oynadıqlarını xatırlamıram. Biz sabahkı görüşə hər oyuna hazırlaşdığımız kimi hazırlaşacağıq. Üzərimizdə böyük təzyiq yoxdur. Meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik”.
