Misli Premyer Liqasının XXV turunun “Karvan-Yevlax” – “Zirə” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Bizim üçün olduqca ağır oyun keçdi. Futbolçularımın göstərdiyi əzmkarlıqdan, intizamdan razı qaldım. Bu gün qələbə qazanmasaydıq da eyni sözləri deyəcəkdim. Yevlaxda “Karvan-Yevlax”a qarşı oynamaq çətindir. Bu gün bunu yaşadıq. Son turlarda “Karvan-Yevlax”ın oyununda irəliləyiş var. Çoxsaylı qol epizodlarımız oldu. Bu qədər fürsəti qaçıranda qələbə qazanmaq çətin olur. Bir anlıq elə düşündüm ki, oyun bərabərliklə başa çatacaq. Futbolçular sona qədər inandılar, əzmkarlıq göstərdilər. Çox vacib 3 xal qazandıq.
– “Zirə” əvvəlki mövsümlərdə autsayderlərlə oyunlarda xal itirmirdi, bu mövsüm isə çətinlik çəkir. Səbəbi nədir?
– Arxayınlıq deməzdim. İki dəfə “İmişli” ilə, bir dəfə “Kəpəz”lə, bir dəfə də “Şamaxı” ilə matçda xal itirmişik. “Şamaxı”nı zəif komanda kimi görmürəm. Bu komandalar digər iddialı rəqiblərlə oyunlarda da məğlub olmayıblar. Belə olan halda bizə də bu komandalar üzərində qələbə qazanmaq çətin olur. Düz vurğulayırsız ki, əvvəlki mövsümlərdə aşağı pillələrdə gedən rəqiblərlə oyunlarda inamlı görünürdük, qələbələrimiz daha çox olurdu. Builki aşağıda gedən komandalarla əvvəlkilər arasında fərq var. Bu il həqiqətən, bütün komandaların ustalığı, bacarığı yüksəkdir.
– “Araz-Naxçıvan” və “Neftçi”nin yaxınlaşması sizdə təzyiq yaradır?
– Təbii olaraq. Bunu gözləyirdik. Qış fasiləsində futbolçularımıza demişdik ki, avrokuboklara vəsiqə qazanmaq asan olmayacaq. Futbolçuları buna hazırlayırdıq. Hər oyun vacibdir. Kimin harada xal itirəcəyi bilinmir. Yarış bu şəkildə gedəcək. Dünən “Araz-Naxçıvan”ın oyunu ağır keçdi, xarakter göstərib, qələbə qazandılar. Bu gün də bizimçün ağır keçdi. Xal itirə bilərdik.
– “Zirə” 4-cü yeri tutmasa, necə dəyərləndirəcəksiz?
– Avrokuboklara vəsiqə qazanmasaq, məşqçi olaraq özümü uğursuz hesab edəcəm. Düşünəcəm ki, nələrisə düz etmədik, qarşımıza qoyulan hədəfə çatmadıq.
– Nəyi necə etməlisiniz ki, avrokuboklara vəsiqə qazanasız?
– Əvvəlki illərdə necə etmişiksə, təkrarlayırıq. Nəsə yeni bir şey yoxdur. Sadəcə yeni olan şey odur ki, bu il rəqiblərimiz daha güclüdür. Elə futbolçular var ki, oyun pis gedəndə oyunu çevirə bilərlər. Bunu da nəzərə almaq lazımdır. Müasir futbolda yeni dəb yaranıb – standart vəziyyətlər. Əvvəl də var idi, amma bu qədər deyildi. Hansısa oyuna rahat hazırlaşa bilmirsən. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Başa düşürük ki, bizi çox ciddi rəqabət gözləyir. Məsələn, “Kəpəz”lə oyunda qolları standart vəziyyətlərdən buraxdıq.
– Növbəti oyun “Turan Tovuz”a qarşı səfərdə olacaq. Oyun Sumqayıtda olacaq…
– Bir faktdır ki, Tovuzda qələbə qazanıb, Bakıda uduzmuşuq. Bu, bizə üstünlük vermir. Tovuzda bizi nə gözləyirsə, Sumqayıtda da ol olacaq.
– Milli fasilə xeyrinizədir?
– Qələbə qazandıqdan sonra təbii olaraq fasilə istəmirsən. Sadəcə olaraq zədədən dönən futbolçularımız var. Qismət bu gün tam hazır deyildi, amma oynadı Bu baxımdan bəlkə faydası ola bilər. Digər tərəfdən bir neçə futbolçumuz milli komandalara gedəcək. Necə təsir edəcəyini zaman göstərəcək. Fasilədən dərhal sonra kubokun yarımfinal oyununun olması bir az narahatlıq yaradır. Çalışacağıq ki, həmin matça ən yaxşı formada hazır olaq. Qısa müddətdə bir neçə oyunumuz olacaq. Təqvimə baxanda qorxulu yuxuya bənzəyir.
– Rəqibin qolunda dərhal dördüncü hakimə etiraz etdiz. Mənə elə gəlir ki, sizin etirazdan sonra VAR-a baxdılar. Siz necə düşünürsüz?
– Son oyunumuza baxmısınız? Orda mübahisəli epizodlar var. VAR təsdiqləsəydi, deyiləcəkdi ki, düzdür. Əvvəl Hakimlər Komitəsinin sədri əcnəbi idi. Sədr elə şərhlər verir ki, hakimləri qorusun. VAR-a baxılan 4 dəqiqədə çox stress yaşadım. Düşünürdüm ki, oyunu dəyişmək çətin olar. Planlar qurmuşdum əvəzləmələrlə bağlı. Bizə köməklik edilir demək düz olmaz. 6 ildir, komandadayam. Bizim xeyrimizə verilən qərarların 1-2-si müzakirə edilə bilər. Amma bizə qarşı səhvlərdən 6 saatlıq videorolik hazırlamaq olar.
– Sizcə, Rəhim Həsənovun şərhlərinə ehtiyac var?
– Əvvəl tələb var idi. Bilirəm nə vaxt yarandı. Hamı soruşurdu ki, qərar düzdür, ya səhv. Bunu da fərdi olaraq klublara demək olmur. Sonra qərar qəbul etdilər ki, epizodları şərh etsinlər. Ehtiyac varmı? Deyə bilmərəm. Bugünkü gün də hakimlikdən narazı deyiləm.
– Limitin ləğv olunmasının tərəfdarlarından idiniz…
– Yox, demişəm ki, klub məşqçilərinə sərf edir. Amma tərəfdarı olmamışam. Başqa prizmadan demişəm. Bir azərbaycanlı, uzun müddət yığmanın kapitanı olaraq demərəm ki, limit ləğv olunsun. Lakin klub məşqçisi kimi mənə sərf edir. Amma futbolumuza, millimizə necə təsir edəcək, böyük sualdır. Bu gün klub üçün 7 və 11 legioner çox fərqdir. Legionerlərimiz az deyil, bunu ona görə etdik ki, heyətimiz geniş olsun. Yayda yaxşı futbolçular almışıq, amma iddialı klublardan gətirməmişik. 7 legionerlə bu gün “İmişli”nin, “Karvan-Yevlax”ın mübarizə aparması çox çətin olardı. Görün, seleksiyalar oldu və komandalar çempionata tab gətirir. “Qəbələ”yə arxayın idik. Təcrübəli idilər. Amma “İmişli” və “Karvan-Yevlax”la bağlı suallar var idi. Sərgilədikləri oyunlar bu sualları dağıtdı. Sadəcə infrastruktur məsələsi var.
– Sanki bir dönəm komandanın uğurlu yolunun sirrini tapmışdız. Liqada zirvə yarışı, kubokda final oynamaq və s. Amma bu mövsüm sanki geriləmisiz…
– Digər komandalar da artırıb. Bu gün “Turan Tovuz”un cinahlarına baxın, Silva və Enrike. Bu iki oyunçunu limit olmasa, demək olar, eyni anda oynada bilməzsən. Amma ötən il bu mövqelərdə yerlilər oynayırdı. Bu mövsüm 3 yerli oyunçu ilə meydana çıxırıq. Bəzən də “Araz-Naxçıvan” 4-5 yerli oynadır. Avrokuboklara mübarizə aparan komandalarla rəqabət çətindir. Yerli məşqçi olaraq, limitin 7+4 və ya 8+3 olmasını da istərdim. Yerli oyunçuların oynamasının tərəfdarıyam. Daha yaxşısı hansıdır, bilmirəm. Amma vəziyyətə uyğunlaşmağa çalışırıq. 11 legionerin fərqini gördük.
– Yerli futbolçulardan danışdınız. Əcnəbi məşqilər gəlib, yerli məşqçilərin bacarmadığını bacarır. Necə olur ki, komandalar yerli məşqçilərlə uduzur, əcnəbilərlə qazanır?
– Fakt deyin, hansı komandada yerli pis olub, əcnəbi yaxşı olub?
– Saşa İliç yaxşı gəlmişdi…
– Samir, Ayxan, Elmar Baxşıyev, Aftandil Hacıyev kimi məşqçilərimiz liqada yaxşı nəticələr qazanıb. Məşqçi həyatı belədir, işləyirsən, sonra anidən işsiz qalırsan. Məşqçi işi belədir. Qurban Qurbanov elə yerdə olardı, iki ildən bir komanda dəyişərdi. Məşqçi işi belədir. Sabah mən 5 il işləyə bilmərəm… Sirr nədir? Bizim klub rəhbərləri əcnəbilərə üstünlük verir. Məsələ budur. Kim kimdənsə üstün və ya zəifdir yox. İllərboyu bizdə əcnəbilərə sevgi çox olub. Yerliləri nə vaxt gətiriblər? Kimin büdcəsi az olub, gətirib ki, nəsə et. İmkanları yüksək olan klub rəhbərləri əcnəbilərə üstünlük verib. 20 ildir, futbolumuzda var. Gördülər ki, əcnəbilər tənqid edilir, yerlilərə üz tutdular. Yenə tendensiya dəyişmək üstündür. Səbəbi nədir, bilmirəm. Bunu klub rəhbərləri bilər. Samir Abasov “Neftçi” ilə çempion olub. Elmar Baxşıyev “Qəbələ” ilə kubok qazanıb. Sənan Qurbanov iki dəfə kubok udub. Ani sual verdiniz, gərək saatlarla danışaq. Yerli məşqçilər əcnəbilərdən geri qalmır. Milli komandaya yerli gəldi, qısa müddətdə fərqi gördünüz. Futbolçu da olmuşam, məşqçi də. Futbolumuzda ən çox inkişaf edən məşqçi mövqeyidir. Yerli oyunçumuz hansısa türk ulduzla mübarizə apara bilməz bəlkə də, amma məşqçilərimiz onların mütəxəssisləriylə başabaş gələ bilər.
– Ölkə futbolunda Qriqorçukdan başqa böyük uğuru olan əcnəbi olmayıb. Maraqlıdır, bəs niyə əcnəbilərə çox güvənirlər? Məşqçiləri, futbolçuları dəyişirik, amma rəhbərlik qalır. Bəlkə, doğrudan problem rəhbərlərlə bağlıdır?
– Murad Musayev, Kaxaber Sxadadzeni də danışmaq olar. Lakin son dönəmlərdə yerli məşqçilərin nailiyyətləri var. Bu günün söhbəti deyil. Uzun illərboyu legioner hakim gətirildi, əcnəbi baş məşqçi gətirildi, futbolçular gətirildi. Amma bir dəfə millini idarə etməyə əcnəbi gətirilmədi. Bütün mövqelərə əcnəbi təyin olundu, amma əsas idarəedici adam əcnəbi olmadı. Bu tendensiya illərdir, davam etdi. Bu təfəkkür bizdə həmişə olub. Əcnəbi, əcnəbi… Məndən yaxşıdırsa, olsun. Məsələn, bu il Dambrauskas, Vernidub, Berdıyev kimi məşqçilər var. Onların bizim çempionatda olmasına sevinirəm. Faydaları olacaq. Lakin illərlə o qədər faydasız əcnəbilər gəlib ki… Həmişə də tənqid olunan yerli məşqçi, futbolçulardır.
Şahin Cəfərov