Azərbaycan güləşçiləri ötən ay Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurub.
Sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib. 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Tiranada İslam Bazarqanov (57 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub. Turan Bayramov (74 kq) və Arseniy Djioyev (86 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşçiləri də adını tarixə yazdırıb. Millimiz uğurlu çıxış edərək çempion titulunu qoruyub. Belə ki, 2 qızıl, 3 bürünc medal qazanan yığmamız 133 xalla yenidən Avropa çempionu olub. Türkiyə (121) ikinci, Gürcüstan (118) isə üçüncü yeri tutub. Millinin heyətində Həsrət Cəfərovla (67 kq) Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
Azərbaycan güləşçiləri son illərdə Avropada dominantlıq edir. Qazanılan beynəlxalq uğurlar görülən işlərin və çəkilən əziyyətlərin məntiqi nəticəsidir.
Komandanın Avropa çempionatındakı çıxışı və perspektivlər haqqında Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı ilə danışdıq. Qurumun rəsmisi nəticələri belə dəyərləndirdi:
“Komanda üç növün ikisində Avropa çempionu olubsa, nəticəni müsbət qiymətləndirmək olar. Artıq üçüncü dəfədir ki, qatıldığımız yarışın iki növündə zirvəyə yüksəlirik. 5 qızıl, 2 gümüş və 6 bürünc medal qazandıq. Düzdür, medal sayı daha çox ola bilərdi. Bəzi güləşçilərin çıxışından fərdi şəkildə narazılığımız oldu. Sərbəst güləşdə Kənan Heybətov, Nurəddin Novruzovdan, yunan-Roma güləşində Sənan Süleymanovdan medal gözləyirdik. Qadınların güləşində isə azı üç finala ümid edirdik. Amma səhvləri gördük və onların üzərində işləyəcəyik. Məşqçilər həm komanda, həm fərdi şəkildə çatışmazlıqları aradan qaldırmağa çalışacaq”.

Musalı güləş üzrə milli komandaların əsas hədəflərinə toxundu:
“Bu nəticə bizi arxayınlaşdırmır. Son illərdə güləşdə Avropada dominant ölkə rolundayıq. Qarşıda dünya çempionatı var və bizim üçün əsas məqsəd orada uğur qazanmaqdır. Bu turnirdə İran, ABŞ, Yaponiya, eləcə də, Orta Asiya ölkələrinin idmançıları da olacaq. Eyforiyaya qapılmadan yarışa hazırlaşmalıyıq”.
Federasiya rəsmisi güləşin gənclər arasında populyarlığı və təbliğat işləri ilə bağlı danışdı:
“Hər qələbə həmin idman növünü bir qədər daha populyarlaşdırır. Ölkə başçısı İlham Əliyevin bizi qəbul etməsi gündəmi zəbt etdi, nəticəmiz diqqət mərkəzinə düşdü. Məsələn, Həsrət Cəfərovun, Qurban Qurbanovun, Jalə Əliyevanın qələbələri gənclərə motivasiya verir, onlar bu güləşçiləri özlərinə kumir seçirlər.
Güləşin təbliği üçün müxtəlif istiqamətlərdə addımlar atırıq. Xüsusilə, məktəblərdə layihələr həyata keçiririk. “Güləş və sağlam yaşa” sloqanı ilə yeni işlərimiz olacaq. Eyni zamanda sosial çarxlarımız da yayımlanır. Çalışırıq ki, gəncləri zərərli vərdişlərdən uzaqlaşdıraq, güləşdə kütləvilik yaradaq. Azərbaycan çempionatlarının vizual keyfiyyətinin yaxşılaşdırılması da bu kampaniyaların tərkib hissəsidir”.

Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov da fikirlərini bölüşdü. O, idmançıların çıxışından razı qaldığını bildirdi:
“Həqiqətən, çox yüksək səviyyədə çıxış etdik. Bu nəticə müzakirə olunmur. Komanda olaraq dünyanın ən böyük güləş ölkələrindən üstün olduq. Gücümüzü göstərdik, məşqçilərlə idmançıların gecə-gündüz birlikdə çəkdiyi əziyyətin bəhrəsini gördük. Hələ əsas heyətdən iki üzvümüz- dünya çempionları Eldəniz və Ülvi – yarışdan kənarda idi.
Ümumi götürəndə, yüksək səviyyədə mübarizə apardıq. Belə nəticələri qazanmaq çox çətin olur. Sübut etdik ki, Avropanın ən güclü güləş komandalarından biriyik. Hər çəkidə yaxşı mübarizə apardıq. Düzdür, medalların sayı və əyarı fərqli ola bilərdi, lakin ümumi baxsaq, nəticə qənaətbəxşdir. Qarşıda dünya çempionatı var. Çalışacağıq ki, çatışmazlıqlarımızı aradan qaldıraq. Federasiya tərəfindən hər cür şərait yaradılıb. Toplanışlar vaxtında keçirilməsəydi, belə yaxşı hazırlaşmaq mümkün olmazdı. Hər kəsə minnətdaram”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.
