ABL: “Ordu” qrup lideri oldu, pley-offa yüksəldi
Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm mövsümün (2025/2026) sonuncu – 19-cu turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
B qrupunda yer almış komandalardan “Naxçıvan” “Quba” ilə qarşılaşıb. Qarşılaşma Quba Olimpiya Kompleksində keçirilib. Naxçıvan təmsilçisi rəqibini 103:96 hesabıyla məğlub edib.
Daha sonra “Ordu” komandası “Lənkəran”la üz-üzə gəlib. Matç “Sərhədçi” İdman Mərkəzində baş tutub. “Ordu” yekunda 107:65 hesabıyla qalib gəlib.
Son olaraq “Sərhədçi” “Sumqayıt”la qarşılaşıb. “Sərhədçi” İdman Mərkəzində keçirilmiş oyun meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu oyunlardan sonra B qrupundakı mübarizəyə yekun vurulub. Yarış cədvəlindəki yekun vəziyyət belədir:
“Ordu” – 38. “Naxçıvan” – 36. “Sərhədçi” – 28. “Sumqayıt”, “Quba” – 27. “Lənkəran” – 24.
Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.
Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.
