Vensan Abubakar “Portu”nun düşərgəsində – Foto
“Neftçi”nin hücumçusu Vensan Abubakar Azərbaycan çempionatında yaranmış fasilədən istifadə edərək Portuqaliyaya yollanıb.
Arena.az xəbər verir ki, “Portu”nun sabiq futbolçusu illər sonra yenidən doğma komandasının düşərgəsinə qayıdıb.
Portuqaliya mətbuatının yaydığı məlumata görə, kamerunlu forvard “Draqao” stadionunu ziyarət edərək “Portu”nun prezidenti Andre Villaş Boaşla görüşüb. Abubakar bu görüşdən foto paylaşaraq səmimi qarşılanmaya görə klub rəhbərinə təşəkkür edib.
Təcrübəli hücumçunun ötən ilin fevralında Kamerunun paytaxtı Yaundedə təsis etdiyi futbol akademiyası ilə “Portu” arasında əməkdaşlığın qurulacağı gözlənilir.
Xatırladaq ki, “Neftçi” Abubakarı ötən ilin oktyabr ayında heyətinə qatıb. Tərəflər 1+1 illik müqaviləyə imza atıblar. Kamerunlu hücumçu “ağ-qaralar”ın heyətində indiyədək 15 oyuna çıxıb, 8 qol vurub, 1 assist müəllifi olub.
Vensan Abubakar karyerası ərzində “Portu”, “Beşiktaş”, “Valensyen”, “Əl-Nəsr”, “Loryan”, “Koton Sport”, “Hatayspor” kimi klubların da formasını geyinib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), Portuqaliya Kubokunun (2020) və Portuqaliya Super Kubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), Türkiyə Kubokunun (2021, 2024) və Türkiyə Super Kubokunun (2024) qalibi olub.
Abubakar 2010-cu ilin may ayında debüt etdiyi Kamerun yığmasında 116 oyun keçirib, 45 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Abubakar kapitanı olduğu milli komanda ilə 2017-ci ildə Afrika Kubokunu başı üzərinə qaldırıb. O, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.
“Transfermarkt” internet-portalı 34 yaşlı hücumçunun transfer dəyərini 700 min avro məbləğində qiymətləndirir.


















































































