Azərbaycan Kubokunun yarımfinalının “Zirə” ilə ilk oyunundan (0:2) sonra media önünə çıxan Ehtiram Quliyevin emosiya dolu açıqlamaları gündəmi zəbt etdi. Onun çıxışını haqlı sayanlar da oldu, nahaq sayanlar da.
Quliyevin əsas etirazı matçın baş hakimi Əliyar Ağayevə idi. Sitat:
“…Haqqımız, uşaqların alın təri Əliyar Ağayevin haramı olsun. “Zirə”nin qələbəsinə kölgə salmaq istəmirəm. Amma futbolumuzda bu şeylər dəyişdirilməlidir. Biriləri bəzi şeyləri dilə gətirməlidir. Biz dilə gətirmədikcə, səssiz qaldıqca, “əliyargillər” belə oyunlar idarə edəcək, futbolumuzu bu günə qoyacaq. Yatırım etməyin də anlamı yoxdur. Belə çıxır ki, əziyyət çəkməyin də, oyunçu transfer etməyin də anlamı yoxdur, “əliyargillər”dən canımız, futbolumuzun “can”ı qurtarmalıdır”.
Diqqətçəkən başqa məqam isə, “…oturub su içənlər” ifadəsi idi. Bu da məzhəb ayrıseçkiliyinə cəhd kimi yozuldu hətta:
“Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaq üstə içsinlər, tək ayaq üstə içsinlər, amma haqqımızı, oyunçuların haqqını içməsinlər”.
Nominal olaraq “Turan Tovuz” İdarə Heyətinin sədri vəzifəsinə daşıyan, əslində isə klubun varlığında əsas pay sahibi olan Ehtiram bəyin etirazı haqlı idi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Ağayevin qərarlarını şərh edərkən dediklərinə əsasən də bildirmək olar. Sitat:
“…Hakim epizodu monitordan izlədikdən sonra qərarında qalır. Hakimlər Komitəsi əlin-qolun qeyri-qanuni istifadə təsirini açıqlayıb. Oyunçu topa oynayarkən mübarizəyə qoşulan zaman əl və qol hərəkəti rəqibin üz, baş-boyun istiqamətində güc tətbiq edərsə, bu, qayda pozuntusudur. Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqədir;
“…”Zirə”nin oyunçusu ayağını yuxarıdan gətirir və topa təmas etməyə çalışır. Lakin burda rəqibin ayağına düşüncəsiz təmas var. Bu səbəbdən Hakimlər Komitəsinin bu epizoddan gözləntisi penalti və sarı vərəqə qərarıdır”.
Güman ki, Əliyar bir neçə oyunluq cəzalanıb. Hərçənd bu, “Turan Tovuz”un itirilən xallarını geri qaytarmır. Atalar demiş, it də getdi, ip də getdi…
Və sanki Ehtiram bəyin çıxışı “sizif əməyi” effektini verdi. AFFA bu çıxışa görə 15000 manat cərimə kəsdi.
Sual yaranır. Quliyev haqlı idisə, yəni Əliyar səhv qərarlar vermişdisə (rəsmən açıqlandığı kimi), onda bu çıxışa görə böyük məbləğdə cərimə niyə?!
Deməli, böyük ehtimalla, məsələ hakimliyə etiraz məqamında deyil, sözügedən çıxışı daha dəqiq xatırlamaq gərəkdir. Ehtiram bəy azarkeşlərə səslənir… onları olanlara münasibət göstərməyə səsləyir. Bununla sanki təhrikedici mövqe tutur.
Böyük ehtimalla, assosiasiya bu və bu kimi detalları nəzərdə tutaraq maddi cərimə kəsib. Elə deyilsə, onda cərimənin məntiqi yoxdur.
Sadəcə, qərarda aydın açıqlamaq məqsədəuyğun olardı…
Bir nəticəyə təsir edən hakim səhvi və yaratdığı canfəşanlıq prosesi belə bir vəziyyətə gətirdi. Hansı ki, nə səbəb, nə nəticəsi gələcəyə faydalı oldu.
Yenə səhvlər olacaq, yenə Ehtiram Quliyev coşğulu çıxış edəcək.
Çünki yarımçıq qalan, həll olunmayan məqamlar çoxdur. Nə Ehtiram bəy etirazının məzmununu doğru qurur, nə AFFA ilə effektiv dialoq yaranır, nə də tərəflərin təcrübəli işgüzar/ideoloji komandası var ki, kritik məqamda effektiv yol seçə bilsinlər.
Bu dilemmanı şairin təbirincə ifadə etsək, desəm öldürərlər, deməsəm ölləm…
Elçin Cəlilov
P.S. Ehtiram bəy kimiləri bu futbolda çox belə vəziyyətlə qarşılaşacaqlar; deməsələr “ölərlər”, deyəndə də “öldürüləcək”…