Tanınmış “Qarabağ” azarkeşi vəfat etdi
“Qarabağ” azarkeşi kimi sosial şəbəkədə tanınan Zəfər Hacılı vəfat edib.
Futbolpress.az xəbər verir ki, mərhum fanat üç gün əvvəl etdyi paylaşımda vəziyyətinin pis olduğunu bildirib:
“Bu gün saat 16:57-də nəfəs ala bilməmək, boğulma və güclü öskürək səbəbilə 103-ə zəng etdim. Vəziyyətim hazırda da ağırdır, hələ də normal nəfəs ala bilmirəm. Bu problem məndə xronikidir, əvvəllər də olub və bilirəm ki, müalicəsiz keçən şey deyil. Bronxlarım tam tutulub, boğulma hissi ilə qalmışam. Təcili Tibbi Yardım gəldi, saturasiyamı ölçdülər və çox aşağı çıxdı. Məni xəstəxanaya aparmaq istədilər, amma əvvəl zəng edib dedilər ki, qızdırmam çox deyilsə xəstəxana qəbul etməyəcək, geri qaytaracaq. Bu nə yanaşmadır? Bu arada temperaturumu ölçdülər, 38 çıxdı. Sonra briqadaya deyildi ki, sadəcə qızdırmaya qarşı iynə vurun və gedin. Mənim problemim qızdırmadır? Mən nəfəs ala bilmirəm, boğuluram. Saturasiyam aşağıdır. Bir insanın bu vəziyyətdə bu cür yola verilməsi açıq-aşkar məsuliyyətsizlikdir. İnsan həyatına bu qədər laqeyd yanaşmaq nə deməkdir? Hələ də ağır vəziyyətdəyəm və real kömək ala bilməmişəm. Bu məsələ ilə bağlı ciddi araşdırma tələb edirəm. Bu cür yanaşma qəbuledilməzdir”.

































































































































