“Qarabağ”ın U-12 komandası Antalyada “Friendship Cup” turnirində ikinci yeri tutub. Azərbaycan təmsilçisi həlledici görüşdə Polşanın “Rakuv” klubunun U-12 komandasına penaltilər seriyasında uduzub (0:0, penaltilər 3:4).
“Qarabağ”ın çalışdırıcısı Şöhrət Yusifovla turnir barədə söhbətləşdik:
“Turnir yüksək səviyyədə təşkil olunmuşdu, qaldığımız otel stadionlara 2 dəqiqəlik məsafədə idi. Bu da uşaqların tez bərpası üçün kifayət qədər üstünlük yaradırdı. Stadionların təbii ot örtüklü olması bizim üçün çox yaxşı oldu. Ən azından ildə 1-2 dəfə də olsa futbolçular təbii ot örtüyündə futbol oynamağın həzzini yaşaya bilirlər. Nəticə etibarilə qrupda olan bütün rəqiblərimizi məğlub etdik;
Qarabağ 2-1 Viz Sinara (Rusya)
Qarabağ 9-0 Manavgat kartalları(Türkiyə)
Qarabağ 1-0 Slovan Liberec (Çexiya)
Qarabağ 4-1 Dsi Fk (Türkiyə)
Qarabağ 7-0 Almaty Junior (Qazaxıstan).
Birbaşa yarımfinal mərhələsinə vəsiqə qazandıq. Yarımfinalda isə Bolqarıstanın “Slaviya” komandasına qalib gəldik – 3:0. Həlledici görüşdə isə “Rakuv”a penaltilər seriyasında uduzduq.
Turnirdə yeganə mənfi məqam fərdi nominasiyaların olmaması idi, ən azından futbolçular üçün belə turnirlərdən qazanılan mükafatlar həm motivasiya, həm də xatirədir”.
Yusifov bu il artıq üçüncü beynəlxalq turnirdə iştirak etdiklərini bildirdi. O, belə yarışların komanda üçün faydalarından söz açdı:
“Düşünürəm ki, bu yaşda futbolçular il ərzində nə qədər çox beynəxalq turnirlərdə iştirak etsələr, bir o qədər sürətli inkşaf yolu keçərlər. Biz hər turnir daha çox inkşaf edirik və bu, futbolçularda özünəinamı artırır.
Şəxsi olaraq, mənim baş məşqçi kimi 5-ci beynəxalq turnirim idi. Hər yarış bizim üçün də böyük təcrübədir. “Qarabağ” rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, həm komandamıza, həm də mənim kimi gənc məşqçilərə etimad göstərir, bizi belə yarışlara göndərirlər. Bu turnirlərdə oyunçular qədər, biz də inkşaf edirik”.

Yusifov Türkiyədəki turnirdə iştirak edən komandalarla Azərbaycan təmsilçiləri arasındakı əsas fərqlərə toxundu:
“Əsas fərq təcrübə ilə bağlıdır. Rəqiblərimizin çoxu ildə ən azı 8 belə beynəxalq yarışda iştirak edir. Görünən odur ki, futbolçular bu cür yarışlarda daha çox oynadıqca özünəinamı və təcrübələri artır. Bunun göstəricisi kimi, bu il qatıldığımız turnirlərdə həm oyun, həm də nəticə olaraq inkşafı gördük. İlk turnirdə komandamız qrupda qalmışdısa, ikincidə 1/4 final mərhələsində dayandı. Bu yarışda isə məğlubiyyətsiz finala qədər irəlilədik. Düşünürəm ki, bu yaş qrupunda nə qədər çox turnirlərdə iştirak imkanımız olsa, bir o qədər inkşafımız sürətlənər”.
Mütəxəssis futbolçuların və turnirdəki oyunların səviyyəsindən danışdı:
“Futbolçularımız texniki, fiziki baxımdan bu yaşda Avropadakılardan geri qalmır, deyərdim ki, çoxundan üstün və istedadlıdırlar. Sadəcə psixoloji cəhətdən inkşaf etmək istəyiriksə, turnirlərin sayı çox olmalıdır. Ki futbolçular bu tempə, sürətə, təzyiqə öyrəşsinlər. Daha inamlı və dominant olmaq üçün belə yarışlarda çox oynamaq, vərdiş etmək lazımdır. Çünki yerli çempionatla turnirin ab-havası eyni olmur”.
Yusifov 12 yaşa qədər uşaqlarla işləməyin çətinliklərinə toxundu:
“Bu yaş futbolda keçid dövrüdür və futbolçularla diqqətli işləmək lazımdır. Keçid dedikdə, buna qədər uşaqlar 7×7 oynayırdısa, artıq 12 yaşdan 9×9-a keçid edirlər. Hər bir uşağa fərdi yanaşmaq mütləqdir. Bunları detallı şəkildə izah etmək isə vaxt alır. Əslində, bunu çətinlik kimi yox, bu yaşda işə daha çox diqqət ayırmaq zərurəti kimi görürəm. Avqustdan yanvara qədər komandamız böyük irəliləyiş göstərdi. Turnirlərdəki yüksələn performansımız da bunu təsdiqləyir.
Məşqlərdə ən böyük çətinlik isə uşaqları kökləməkdir. Baxırsan ki, bəzən diqqətləri başqa yerdə olur. Onların diqqətini çəkmək, fikirlərini toplamaq, futbolun incəliklərini sevə-sevə öyrətmək lazımdır. Məşq prosesində də nələrisə fərqli etməlisən ki, onlar üçün əyləncəli olsun, maraqları artsın”.
Mütəxəssis Azərbaycanda U-12 Liqasının təşkilatçılığından da danışdı:
“Təşkilatçılıq normaldır. U-12 Liqasının oyunlarının keçirilməsi üçün iki stadion var. Hər biri süni örtüklüdür, amma durumu yaxşıdır. Bəzən hava şəraitindən asılı olaraq oyunlar təxirə salınır. Bu, mənfi haldır. Bu yaş qrupu üçün üstüörtülü stadionlar daha məqsədəuyğundur.
Digər mənfi məqam isə hakimlərlə bağlıdır. Onların təcrübəsizliyinə görə yersiz fit çalınır, oyunlar tez-tez dayanır. Böyük futbol üçün uşaq yetişdiririksə, gərək onlar yüksək tempə uyğunlaşsın.
Bildiyiniz kimi, uşaq liqalarında U-12 yarışlarınadək nəticələr qeydə alınmır. Buna səbəb psixoloji amildir. Avropa nümunəsində nəzərə alınıb ki, bu yaşlarda böyükhesablı nəticələr qeydə alınır və psixologiyası hələ möhkəmlənməmiş uşaqlarda travma yarada bilər.
12 yaşdan sonra oyunlar 9×9, 13 yaşdan isə 11×11 tərkibində keçirilir və nəticələr qeydə alınır. Medallar, nəticələr uşaqlar üçün böyük stimuldur. Özümüz də görürük ki, mükafatı olan turnirlərdə uşaqlar daha həvəsli olur. Amma ümumi baxanda, bu yaş qrupunda məqsəd futbolçu yetişdirmək, onların inkişafına fokuslanmaqdır”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.
