Yuri Vernidub: “Neftçi” 8-ci yerdə olmamalıdır”
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 15-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Bakıda üz-üzə gəliblər.
“Neftçi Arena”da təşkil edilmiş qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“65-70 dəqiqə ərzində meydanda əsl futbol var idi. Bu futbolu da “Neftçi” nümayiş etdirirdi. Həmin anlara qədər qapımızın qarşısında hansısa təhlükənin olduğunu xatırlamıram. Hesab 2:0 olsa da, daha 3 qol vurmaq üçün şansımız var idi. Elə bu məqam qələbə qazana bilməməyimizə səbəb oldu. Komandam son 20 dəqiqəni yorğun şəkildə oynadı. Səmimi şəkildə etiraf edim ki, fiziki güc yetərli olmadı. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox. Qarşıda “Karvan”la oyunumuz var. Həmin matçdan sonra təlim-məşq toplanışına gedəcəyik. Orada komandanı daha yaxşı hazırlamaq şansımız olacaq. Yaxşı komandamız var. Futbolçuların sürəti, topla davranışı, texnikaları yaxşıdır. Sadəcə, düzəlməli olan 1-2 məqam var. Bunlardan biri intizamın yaxşılaşdırılması, digəri isə fiziki gücün artırılması olmalıdır. “Neftçi”nin daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələn və gəlməyən hər şeyi edəcəyik. Bu klubu Ukraynada “Dinamo” və “Şaxtyor”la müqayisə edirəm. “Neftçi” tarixi klubdur, Azərbaycan üçün brenddir”.
Yuri Vernidub hədəflərini açıqladı
Yuri Vernidub “Neftçi”dəki hədəflərindən də söhbət açıb:
“Qarşımıza böyük hədəflər qoymuşuq. Klub rəhbərliyinin məndən nələr tələb etdiyini bilirəm. İndi nəsə demək çətindir. Zaman göstərəcək. Bugünkü 65-70 dəqiqədəki kimi oyu sərgiləsək, yaxşı nəticələr əldə edə bilərik. Nə qədər çətin hədəflər olsa da, onlara çatmaq üçün əlimdən gələni edəcəyəm. Avrokuboklara vəsiqə qazanmaq üçün nə qədər irəli getməli olduğumuzu bilirəm. Amma futbolda hər şey ola bilər. Buna inanıram. İnanmasam, bura gəlməzdim.
Hazırda komandada olanlar pis oyunçular deyillər, amma yüksək yerlərə qalxmaq istəyiriksə, mütləq şəkildə heyəti gücləndirməyə ehtiyac olacaq. Klub rəhbərliyi ilə danışıb axtarışlara başlayacağıq. Elə etməliyik ki, bir-birini əvəzləyə biləcək eyni səviyyədə iki oyunçu olsun. Vaxt da azdır. Dekabrın 20-də sonuncu oyunumuzdur. Yanvarın 23-də isə yeni ilin ilk matçına çıxacağıq. Cəmi 1 ay vaxtımız var. Ən azından indi futbolçuları tanıyıram, kimin nə bacardığını bilirəm. Bu, çox önəmlidir. Onların üzərində işləmək daha məntiqlidir, nəinki bütün heyəti dəyişmək. O mövqeyi tutsaq, gərək hər yarım ildə yeni komanda quraq. Bu da effekt verməyəcək”.
“Mən sehrbaz deyiləm”
Vernidub qısa müddət ərzində nələri dəyişməyə çalışdığını da açıqlayıb:
“İlk növbədə bütün futbolçularla danışmaq lazımdır. Taktiki məşğələlərə daha çox vaxt ayırmaq vacibdir. Dominant oyun üslubuna üstünlük verməliyik. Oyunun əvvəlindən pressinq etmək qaçış məsafəsini də azaldır. Bir var hər şeyi öz qapından başlayasan, onda 60-70 metr məsafə qət etməli olursan. Hücumda pressinq edirsənsə, qaçış məsafəsi 15-20 metr azalır. Bu da komandanın fiziki baxımdan yaxşı formada qalmasına kömək edir. Mənim dediyim futbol 60-70 dəqiqədə oynadığımız futbol idi. Burada həm kompaktlıq, həm də sürət var idi. Amma sonradan yorğunluq başladı və komanda heç vaxt görmək istəmədiyim oyun tərzinə keçdi”.
Ukraynalı mütəxəssis kamerunlu ulduz hücumçu Vensan Abubakarın hazırlıq durumuna da toxunub:
“Bassala Sambu çox böyük iş gördü, “Sumqayıt”ın oyunçularına yaxşı pressinq tətbiq etdi. Bunun nəticəsində rəqib səhvlər etməyə başladı. Sambu çox pressinq etdiyi üçün yorulmuşdu. Ona görə də qərar verdim ki, daha təcrübəli futbolçu olan Abubakarı meydana buraxım. Bir ulduz oyunçu kimi onun şansları daha yaxşı dəyərləndirəcəyini düşünürdüm. O, belə məqamlarda çox qollar vurub. Abubakarın “Portu”da, “Beşiktaş”da oyunlarını xatırlaya bilərik. Düzdür, indi həmin formada deyil. Təlim-məşq toplanışında fiziki hazırlığın üzərində çalışacağıq. 5 gün ərzində nəsə etmək çox çətindir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə dəyişim. Amma nəyin üzərində və necə işləmək lazım olduğunu bilirəm. Bu komanda 8-ci yerdə olmamalıdır. Elə oynamalıyıq ki, ən azından 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi və ənənələri var”.
